Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri ABŞ Prezidenti Donald Trampın məktubunu İrana çatdırıb. “Yeni Müsavat” bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “İnstagram” hesabında bildirib. “BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşdüm.
İkitərəfli münasibətləri və regional məsələləri müzakirə etməklə yanaşı, ABŞ prezidentindən məktub da almışam”, - Araqçi qeyd edib. BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş İrana səfər edib. Səfər çərçivəsində BƏƏ Prezidentinin müşaviri İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparıb. Ali rəhbər Xameneinin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, Tramp Xameneiyə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını, hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib. “Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək”, - deyə Xamenei cavabında belə deyib. “Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”, - Xamenei qeyd edib. İran prezidenti Məsud Pezeşkian da amerikalı həmkarı haqda sərt danışıb. O, Ukrayna lideri Volodimir Zelenski ilə davranışını utancverici adlandırıb. “Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utancvericidir. Onların "biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik, yoxsa belə edərəm" demələri qəbuledilməzdir. Ümumiyyətlə, səninlə danışıqlara gəlməyəcəyəm, nə qələt istəyirsən, et!", - deyə İran prezidenti söyləyib.
İranın baş diplomatı Araqçi isə deyib ki, Tramp Tehranın nüvə silahı əldə etməsi ilə bağlı qorxularını ifadə etməkdə səhvdir. Diplomatik idarənin rəhbəri vurğulayıb ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) prinsiplərinə əməl etməyə davam edir. Əsas məsələ İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdırsa, o zaman problem yoxdur. İranın mövqeyi çox aydındır. Tehran NPT-yə və Ali Rəhbərin (Əli Xameneinin nüvə silahının istehsalına qadağa haqqında) hər şeyi müəyyən edən fitvasına (dini əmr - red.) sadiqdir", - deyə Araqçi bildirib.
Son günlər İran ətrafında hiss olunan Vaşinqton-Tehran gərginliyi əlbəttə ki, Bakının da diqqətindədir. Bu səbəbdən xarici işlər naziri Ceyhun Bayramovun Araqçiyə zəngi diqqət çəkir. Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb. Azərbaycan və İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb. Həmçinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolu qeyd olunub. Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. İran ətrafında gərginlik sözsüz ki, Bakının narahatlığının səbəblərindən biridir. Amma bu zəngin səbəbləri sırasında Türkiyə-İran, İsrail-İran gərginliyi, Suriya məsələləri də istisna edilmir. Bu arada, Rusiya, Çin və İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi - 2025" adlı birgə hərbi dəniz təlimləri Vaşinqtonun diqqətini cəlb edib. Hərbi təlimlərdə 3 dövlətin hərbi gəmiləri iştirak edir. Təlimlər iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşdirilməsinə xidmət etməlidir. Rusiya, Çin və İran Hind okeanının şimalında keçirilən bu hərbi təlimlər vasitəsilə ABŞ-a mesaj göndərirlər.
Asim Mollazadə
Deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan İranın böyük güclərlə münasibətlərinə qarışmır. Onun fikrincə, Azərbaycan İranla əsasən logistika, dəhlizlər mövzusunda müzakirələr aparır: “Azərbaycanın İranla Qərb arasında məsələlərin həllində iştirakına ehtiyac yoxdur”. Deputat İrana hücuma gəlincə, bunu istisna etmir: “Hər şey Tehranın hərəkətlərindən asılıdır. Bölgədə hərbi müdaxilə mümkündür. Sadəcə, vəziyyətin nəzarətdən çıxmaması üçün İran nüvə proqramından imtina etməlidir”.
Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Vaşinqton İrana təzyiqi artırmağı planlaşdırır: “ABŞ İran neftini daşıyan tankerləri okean və dənizlərdə saxlayaraq yoxlamalar həyata keçirəcək. Bu, İranın neft satışında problemlər yaradacaq. Ağ Evin də məqsədi budur ki, İran böyük həcmdə neft satışı həyata keçirə bilməsin və bu onun iqtisadiyyatına mənfi təsir etsin. Görünür, Vaşinqton bu yolla İranın ABŞ-ın şərtlərini qəbul edəcəyini düşünür. Ancaq İranın mühafizəkar dairələri Vaşinqtonun tələblərini yerinə yetirməyəcəklər, ali dini lider Əli Xamenei Prezident Məsud Pezeşkiana ABŞ-la danışıqlar aparmağı qadağan edib. Bunun müqabilində mühafizəkar dairələr İranın Rusiya və Çinlə hərbi ittifaqı gücləndirməyi lazım biliblər”.
Asif Nərimanlı
Təhlilçi Asif Nərimanlıya görə, Trampın Xameneiyə məktubu İran ətrafında yeni gərginlik mərhələsinin başlanğıcı deməkdir: “ABŞ-da İranla bağlı üç ssenarinin masada olduğu müşahidə edilir: nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi; nüvə proqramı da daxil olmaqla İranın Yaxın Şərqdə silahlı dəstələr qurmaması, "müqavimət oxu" adlandırdığı sistemdən imtina etməsinə dair genişçaplı öhdəlik götürdüyü anlaşma; İrana hərbi müdaxilənin edilməsidir. Fikrimcə, hərbi müdaxilə sonuncu seçim olaraq saxlanılır, hərçənd Vaşinqtonda bunun əleyhdarları tərəfdarlarından daha çoxdur".
Siyasi şərhçinin fikrincə, Ukraynada müharibəni dayandırmaq istəyən Tramp növbəti böyük eskalasiyada maraqlı görünmür: “Tehranın seçim imkanı böyük deyil. Mövcud şərtlərdə ABŞ-la danışıqlara Rusiya və Çinin iştirakı ilə daxil olmağa çalışır. Bu, masada əlini gücləndirmək imkanları yarada bilər. Hərbi müdaxilə seçimini sona saxlayan Vaşinqton Tehranın genişçaplı öhdəliklər götürəcəyi müqavilənin qəbul edilməsi istiqamətində təzyiqlərini gücləndirə, sanksiyaları sərtləşdirə, hərbi rəhbərliyi hədəfə ala, proksi qüvvələrə qarşı lokal əməliyyatları genişləndirə bilər. Təbii ki, bu xüsusda regionda gərginlik Azərbaycanı narahat etməyə bilməz”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ