Onlayn ictimai-siyasi qəzet
Deputat: “Heç bir dövlət Azərbaycanı öz mənafelərindən geri çəkilərək güzəştə getməyə və onların diktə etdiyi formada siyasət yürütməyə təhrik edə bilməz”
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası VII çağırış Milli Məclisin 43 deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.
Müraciət-məktubda deyilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranmışdır. Otuz illik işğala və haqsızlığa son qoymuş Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini təmin etmişdir. Yaranmış bu vəziyyət ölkəmizi ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur: “Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-ın ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-ın İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dır.
Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmışdır. ABŞ-ın gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir.
2020-ci il Vətən müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar, ABŞ-ın Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmamışlar.
Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermir?
Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin məqaləsini Azərbaycana qarşı “sübut” kimi istifadə edirlər. Azərbaycanı sülh müqaviləsini imzalamağı istəməməkdə ittiham edən konqresmenlər nədən sülh müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan gəldiyini, elə onun mətninin də məhz Azərbaycan tərəfindən tərtib edildiyini “yaddan” çıxarır, Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının yer almasını pisləmirlər?
“Azərbaycanda həll olunmamış ərazi münaqişələri” dedikdə konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunmuşdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll etmişdir və Azərbaycandan min kilometrlərlə uzaqlarda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönmüşdür və reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan azərbaycanlılardır.
Məgər konqresmenlər bilmir ki, onların “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!
Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə, onları qəhrəmanlaşdırmış bir ölkədir..."
Müraciətdə vurğulanır ki, ABŞ Konqresi üzvlərinin dövlət katibi Entoni Blinkenə etdiyi müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir: “Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam etdirmək əzmini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, bu yalnız bir tərəfin səyləri ilə mümkün deyil”.
Müraciət-məktubda ABŞ-ın Bakıya münasibətdə tətbiq etdiyi “ikili standartlar” və təzyiq cəhdləri pislənilir. Bununla bağlı deputatlar nazirdən “ABŞ-la münasibətlərə yenidən baxmağı”, xüsusən də müdafiə sahəsində əməkdaşlığa dair mövcud sazişlərdən çıxmağı, həmçinin USAİD-in ölkəmizdəki fəaliyyətini və layihələrini dayandırmağı xahiş edirlər.
Bəs müraciət niyə Milli Məclisin adından yox, bir qrup deputatın adından edilib? Yoxsa bu, Bakının Vaşinqtona “davamı daha sərt gələcək” mesajıdır? Bakının növbəti addımı nə ola bilər, ABŞ-la münasibətlərə yenidən baxılması mümkünmü?
Fazil Mustafa
Milli Məclisin komitə sədri Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, ABŞ-la Azərbaycan arasında yüksək əməkdaşlıq münasibəti var. Terrorizmə qarşı mübarizədə, iqlim dəyişikliyi, pandemiyaya qarşı mübarizədə birlikdə çox ciddi işlər görülüb. Amma ABŞ-da bir sıra siyasətçilər var ki, onlar üçün münasibətlərdən önəmli xəstə erməni cəmiyyətinin hansısa arzularını həyata keçirmək ali maraqlardan daha üstün dayanır: “Məhz həmin siyasətçilərin əsasında Azərbaycana qarşı məhdudlaşdırıcı addımlar atmağı düşünürlər. Bu da bizim tərəfimizdən müsbət qarşılanır. Bizə qarşı əsassız sənədlərin hazırlanması əməkdaşlığa kölgə salır. Biz onsuz da maraqlıyıq ki, ABŞ kimi böyük dövlətlə münasibətlərimiz olsun. Amma görünür ki, burada dövlət marağından çox erməni xəstəliyinə yoluxmuş insanların səyi nəticəsində mümkün olmur. Ona görə də Azərbaycanın dövlət suverenliyini təhdid eləyən istənilən qüvvəyə sözümüzü deməyə, ona dirəniş göstərməyə hazırıq. Müstəqillik bizim üçün qırmızı xətdir. Müstəqilliyimizə zərər vura biləcək hər hansı addıma göz yuma bilmərik. Ona görə də biz müraciət göndərdik ki, bir daha gözdən keçirsinlər. Əgər ABŞ-ın normal dostluq-əməkdaşlıq münasibətinə ehtiyacı varsa, biz də buna hazırıq. Yoxdursa, biz də özümüzə aid olan məsələləri necə müəyyən etməyə çalışaq. Bu müraciət daha çox deputatların təşəbbüsüdür. Biz bunu qərar formasında verməmişik, tövsiyə formasında xarici işlər nazirinə təqdim etmişik. Onlar da yəqin ki, müzakirə eləyib qərar qəbul edəcəklər. Biz məsələnin xarici işlər nazirləri səviyyəsində müzakirə olunmasını zəruri hesab etmişik. Növbəti mərhələdə Azərbaycana qarşı qaralama kampaniyası davam edəcəksə, buna qarşı da addımlarımızı atacağıq”.
Aydın Hüseynov
Deputat Aydın Hüseynov isə bildirdi ki, Milli Məclisin 43 deputatının müraciəti əslində bütün deputatlarımızın mövqeyini əks etdirir. Bu müraciət yerində verilmiş lazımlı bir müraciətdir. Bununla deputatlar Azərbaycanın haqlı mövqeyini və öz haqq mövqeyindən geri çəkilməyəcəyini nümayiş etdiriblər. Eyni zamanda ABŞ-ın Azərbaycanla bağlı siyasətində qərəzli mövqedə olduğunu, reallıqları təhrif etdiyi də faktlarla qeyd olunub: “Qərb, əsasən də Amerika Birləşmiş Ştatları Azərbaycana daimi ikili standartlarla yanaşıb, zaman-zaman riyakar siyasət həyata keçiriblər. Məlumdur ki, 1992-1993-cü ilin əvvəllərində Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etmişdir. Azərbaycanda 1 milyondan çox qaçqın var idi. Bütün bunlarla yanaşı, ermənilər işğal etdikləri Azərbaycan şəhərlərini, kənd və qəsəbələrini də viran etmişdilər. Heç bir vaxt nə ABŞ, nə də digər Qərb dövlətləri bunu qınamadılar. Heç vaxt Azərbaycan həqiqətlərini qəbul etmədilər, əksinə, hər zaman Ermənistanı dəstəkləyirdi.
Azərbaycanın tarixi Qələbəsindən sonra regionda yeni reallıq yaranıb. Cənubi Qafqazda sülh imkanı yaranıb, Azərbaycan böyük logistik imkanları vasitəsilə yeni imkanlar təqdim edir. Ölkəmiz yaşıl enerji və digər enerji resursları ilə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynamaq baxımından da addımlar atıb. Bütün bu proseslərə rəğmən ABŞ və Fransa Ermənistanı hücum silahları ilə silahlandırır. Bu, sülh siyasətidirmi? Əsla! ABŞ Cənubi Qafqazı Ermənistan vasitəsilə təsir altına salmaq istəyir. ABŞ və Qərb riyakar siyasətləri ilə Azərbaycan kimi güclü dövlətin müstəqil siyasətinə təsir edə bilməyəcəklər".
Arzuxan Əlizadə
Deputat Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycana qarşı ABŞ-da növbəti hücum dalğası başlayıb. 60 konqresmenin Dövlət Departamentinə Azərbaycana qarşı müraciəti Azərbaycan Milli Məclisinin üzvlərini məlum müraciəti ünvanlamağa sövq etdi: “Milli Məclisin 43 deputatı birlikdə xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək adekvat addım atılmasının vacibliyini ifadə etdilər. Gələcəkdə Azərbaycana qarşı kampaniya davam edəcəksə, bizim tərəfimizdən daha ciddi atılması hədəflənəcək. Atılan addımlar adekvat olacaq. Ümid edərdik ki, ABŞ Azərbaycana təzyiq metodlarından istifadə etməkdən geri dursun. Əks halda, qarşılıq veriləcək. Azərbaycan regionda sülh və sabitliyin əsas qarantı olan ölkə kimi müstəqil siyasət yürüdür. Heç bir dövlət Azərbaycanı öz mənafelərindən geri çəkilərək güzəştə getməyə və onların diktə etdiyi formada siyasət yürütməyə təhrik edə bilməz. Azərbaycanın regionda iştirak etmədiyi hər hansı bir layihə gerçəkləşdirilə bilməz”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ