Onlayn ictimai-siyasi qəzet
İctimai nəqliyyat probleminin həlli istiqamətində addımlar atılsa da, hələ ki, durum istənilən səviyyədə deyil. Bakıda ictimai nəqliyyatın vəziyyəti ürəkaçan deyil. Bəzi marşrutlarda hərəkətdə olan avtobusların vəziyyəti isə acınacaqlıdır.
51 saylı marşrut üzrə hərəkət edən avtobuslar sanki Anqola küçələrindən Bakıya transfer olunub. Bu marşrutdakı avtobuslar köhnə, sınıq-salxaq, sağ tərəfə əyilmiş durumdadır. Avtobus salonları çölündən fərqli deyil. Sökülüb dağılmış oturacaqlar, döşəməsi toz-torpaq, hiss-pas bağlamış pəncərələr, zorla açılan qapıları var. Avtobusun içindəki iylər, havalandırma sisteminin olmaması və sıxlıq isə vəziyyəti daha da dözülməz edir. 50 qəpiklik bu səfər bəzən 50 xəstəliyə yoluxdura biləcək qədər risklidir. Sərnişinlər qırılmış oturacaqlarda əyləşməkdənsə, uzun yolu ayaq üstə keçirməyə üstünlük verir. Həmsöhbətimiz olan sərnişinlərdən biri yol yoldaşlarının narazılıqlarına həvəslə qulaq asır. Arada “buna da şükür” deməkdən də çəkinmir. Məlum olur ki, dualarını əsirgəməyən Bakının qonağı olan Yardımlı şəhər sakindir. Öyrənirik ki, Yardımlıda ümumiyyətlə, ictimai nəqliyyat yox dərəcəsindədir. Sərnişin sınıq-salxaq avtobusları Yardımlıya göndərilməsini də arzulayır...
Digəriləri isə tezliklə 51 saylı marşrutda da yeni avtobuslar görmək ümidlərini dilə gətirirlər.
Əfsuslar olsun ki, bu hal yalnız 51 saylı avtobusla məhdudlaşmır. 22, 36, 46, 55, 71, 76, 102, 103, 104, 107,148,183, 198, 199 və 214 saylı marşrut avtobusları da oxşar vəziyyətdədir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məsələ ilə bağlı Musavat.com-a açıqlama verib. AYNA sözçüsü deyib ki, COP29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb.
“Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir. Əlavə olaraq, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb. Hazırda Bakıda avtobusların ümumi parkı 2200 ədəddir. Bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur. Həmçinin yaxın zamanlara avtobusların yerli istehsalına başlanılacaq”, -deyə AYNA sözçüsü bildirib.
Mənzər Novruzlu,
İnarə Hünbət,
Musavat.com
Fotolar müəlliflərindir
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ