İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda torpaq qızıla dönür - qiymət artımının ilginc səbəbləri

Ekspertlər hesab edir ki, daşınmaz əmlak sahəsi qeyri-neft sektoru kimi böyük gəlirlər gətirəcək

Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilib. Ekspertlər hesab edir ki, yeni dəyişikliklər əmlakın, torpağın qiymətinin bahalaşmasına səbəb olacaq.

Qeyd etmək yerinə düşər ki, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.

Eyni zamanda “Elektroenergetika haqqında” cari ilin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.

“Torpaq bazarında qiymət artımı davam edəcək, hətta bir az da bahalaşacaq”. Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O qeyd edib ki, tikinti şərtləri ağırlaşdırılıb, o cümlədən fərdi yaşayış evlərinin tikintisi ilə bağlı şərtlər sərtləşdirilib. (“Trend”)

“Oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik oldu. Misal üçün, işıq, qaz, su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkün olacaq. Hansı tikililərin, fərdi yaşayış evlərinin sənədləri qaydasında deyilsə, onlar işıq, qaz sayğacı, su çəni qoya bilməyəcəklər. Belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə təbii ki, qiymətin artımına təsir göstərən amildir. Yəni sənədli torpaq sahələrinə tələb artacaq və nəticə etibarilə torpaq sahələrinin qiyməti bahalaşacaq. Bu, eyni zamanda sənədləri qaydasında olan fərdi yaşayış evlərinin də qiyməti artacaq”. Bahalaşma səbəbi qanunvericiliyə edilən dəyişikliklə bağlıdır? Yoxsa başqa faktorlar da var?

Oxu.az - Nüsrət İbrahimov: Mart-avqust aylarında mənzillərin qiyməti  qalxacaq – MÜSAHİBƏ

Nüsrət İbrahimov

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qiymətlərin artmasının bu dəyişikliklə əlaqəsi yoxdur: “Düşünmürəm ki, bununla əlaqəli olar. Zaman keçdikcə yer üzündə əhali sayı artır. Nəzərə alsaq ki, Azərbaycanda il ərzində əhali sayı artır. Təkcə Azərbaycanda il ərzində əhali sayı bir faiz artır, amma torpaq sahəsi artmır. Ona görə adambaşına düşən torpaq sahəsi zaman-zaman azalır. Həm ölkədə, həm regionda, həm də dünyada belədir. Təbii ki, zaman keçdikcə torpaq sahəsində qiymət də artır. Adambaşına düşən torpaq sahəsi azaldıqca bir məhdudiyyət hiss edilir. Yəni qıtlıq hiss olunur. Bu da torpaqların qiymətinin artımına gətirib çıxarır. Əsas ana xətt bax, budur. Zaman-zaman adambaşına düşən torpaq sahəsinin azalmasıdır. Təbii ki, digər faktorlar da dolayı yolla təsir edir. Misal üçün, məskunlaşmaq, miqrasiya, hansı ərazidə məskunluq yüksəkdirsə, orada torpaq baha olur. Eləcə də hansı ərazidə ki intensiv tikinti çox aparılır, orada təbii ki, torpaq baha olur. Hansı ərazi məhsuldardırsa, orada torpaq baha olur. Hansı ərazidə yeni salınan infrastruktur - qaz, su, işıq, kommunal xətlərdir, orada torpaq baha olur. Bunlar əvvəldə dediyim kimi, əsas deyil, dolayı faktorlardır”.  

Bu mənzillərlə bağlı dövlət reysterinin olması vacibdir”

  Elnur Fərzəliyev

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi. O dedi ki, hazırda Bakıda və Abşeron ərazisində yüz minlərlə çıxarış ala bilməyən əmlak var: “Bunlar yaşayış məntəqələri, fərdi həyət evləri və qeyri-yaşayış yerlərindən ibarətdir. Artıq sənədi olmayan qeyri-yaşayış obyektlərinə çıxarış verilməsinə start verilib. Lakin fərdi həyət evlərində məsələ hələ də aktual olaraq qalır. Çıxarışı olmayan həyət evlərinin bir hissəsi sovet dövründən qalıb, digər bir hissəsi isə müstəqillik qazandığımız bu günə qədər hələ də artan xətt üzrə davam edir. Oktyabr ayının 1-dən çıxarışsız fərdi həyət evlərində, torpaq sahələrinə qaz, su, işıq-kommunikasiya xətlərinin çəkilməsinə qadağa qoyulub. Qadağaya əsas səbəb çıxarışı olmayan hansısa bir əmlakın ünvanı, dəqiq koordinatları olmamasıdır. Mülkiyyət hüququ tanınmadığına görə ünvan üzrə həmin əraziyə kommunikasiya xətlərinin çəkilməsi qanunla qadağandır. O baxımdan, sənədsiz həyət evlərinin tikintisinin qarşısının alınması üçün atılmış bir addımdır ki, vətəndaşlar artıq çıxarışı olmayan, yaxud heç bir sənədi olmayan torpaq sahələrinə və fərdi həyət evlərinə maraq göstərməsinlər. Bu sahədə uzun illərdir ki, çıxarışların verilməsi prosesi dayansa da, lakin tikinti işləri hələ də davam edir. Bu gün artıq Bakı şəhəri birbaşa fərdi həyət evləri üzərindən Sumqayıt şəhəri ilə birləşib və sənədsiz ərazilərdə tikinti işləri hələ də davam edir. Düşünürəm ki, sənədsiz evlərin sənədləşdirilməsinə start verilərsə və digər  təyinatı  yaşayış məntəqələri olmayan ərazilərlə bağlı gələcəkdə təyinat dəyişikliyi baş verə bilər ki, bununla da rahat şəkildə o ərazilərdə fərdi binaların inşası həyata keçirilə bilər. Təəssüflər olsun ki, uzun illərdir kənd təsərrüfatı və digər təyinatlı torpaqlar üzərində böyük qəsəbələr, kəndlər, yaşayış massivləri salınsa da, bu günə qədər onların təyinat dəyişikliyi ilə bağlı ciddi bir addım atılmayıb. Əgər bu addım atılarsa, vətəndaşların mülkiyyət hüquqları bərpa olunmuş olar, çıxarışları verilər. Digər tərəfdən isə bu sahədə dövlətin böyük itkiləri var ki, həmin itkilər qarşılanar. Yəni çıxarışlı əmlaklar torpaq və əmlak vergisi ödəyir, sığortalana bilir, onların alqı-satqısı zamanı ümumi sahəyə, hər kvadrata görə dövlətə vergi ödənilir. Dövlətin digər gəlirli sahələri var ki, sırf çıxarışların olmaması səbəbindən dövlət büdcəsi bu gəlirlərdən məhrum olur. Əgər bu prosesə başlanılsa, yaxın gələcəkdə daşınmaz əmlak sahəsi də qeyri-neft sektoru kimi ölkəyə həm vergilərdən, həm də digər sahələrdən böyük gəlirlər gətirə bilər”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR