İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Rəsul Həmzətova yubiley keçirilməsi niyə etiraz doğurub?

Dağıstanın xalq şairi Azərbaycan xalqının yaddaşında “dost” kimi qalmayıb. Biz onu daha çox ermənipərəst mövqeyinə görə xatırlayırıq və yadımıza düşür ki, Qarabağ hadisələrinin başlanğıcında o, keçmiş mərkəzi mətbuatda ermənipərəst mövqe bildirirdi, bu da Azərbaycanda hamının hiddətinə səbəb olmuşdu.

Həmin dövrdə xalq şairi Nəbi Xəzri, görkəmli şairimiz Qasım Qasımzadə, xalq şairi Zəlimxan Yaqub və başqaları  Rəsul Həmzətova ciddi etiraz dolu, açıq və qəzəbli məktub yazdılar. Azərbaycanın çörəyini yeyib, suyunu içib, şairləri ilə dostluq edib özünə isə xor baxan Həmzətovun bu gün ölkəmizdə təbliğatı narazılıq doğurur.

Məlum olduğu kimi, oktyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində Dağıstanın xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir Beynəlxalq Muğam Mərkəzi və Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıdakı Rus evi tərəfindən təşkil olunub. Rəsul Həmzətovu “Azərbaycanın böyük dostu” adlandıranlar onun Qarabağ məsələsində tutduğu antiAzərbaycan mövqeyini unudurlar. Məlumdur ki, R.Həmzətov Azərbaycanın mövqeyini müdafiə etməməsi bir yana, hətta Şeyx Şamili də “türk casusu” adlandırmışdı və sair. Özü də milliyyətcə avar olduğu halda.

Elçin Hüseynbəylinin Qarabağ hekayələri

Elçin Hüseynbəyli: “Həmin informasiyalardan sonra düşündüm ki, onun yubileyinə getmək doğru olmaz"

Onun Bakıda yubileyinin keçirilməsi sosial şəbəkələrdə ictimai narazılıq da yaradıb (mənbə: “bakı-xeber.com ttp://xn—bak-xeber-xpb.com/”) Hətta şair, tərcüməçi, şərqşünas alim, araşdırmaçı Nəriman Qasımoğlu da buna tənqidi yanaşıb, atası - şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Qasım Qasımzadənin Rəsul Həmzətova açıq məktubunu yayıb. Bundan əlavə, N.Qasımoğlu “Azərbaycanda Rəsul Həmzətovun 100 illiyi təntənə ilə qeyd edilib, haqqında kitab yazılıb, sərgi təşkil edilib, konsert və s. keçirilib. Bu il 100 yaşı tamam olan Qasım Qasımzadənin arxivində avar şairinə ünvanladığı, məlum səbəbdən "Literaturnaya qazeta"da çapına izn verilməyən, bizim qəzetlərin birində öz dilimizdə dərc edilən açıq məktubunu xatırladım. R.Həmzətovun bizdəki yubiley tədbirlərini bilmirəm xalqımızın unutqanlığına yozum, yoxsa ürəyigenişliyinə...", - deyə qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. E.Hüseynbəyli bildirib ki, Rəsul Həmzətovla bağlı yayılan informasiyalara görə onun yubiley tədbirinə getməyib: “”Sözün doğrusu, mən bu barədə müəyyən axtarışlar apardım. Həmin informasiyalara əsasən tədbirə getmədim.

Lakin internetdə də axtarış verdim və onun yalnız bir ifadəsinə  rast gəldim ki, “münaqişə bu cürdürsə, məsələ həll olunana qədər Dağlıq Qarabağ ittifaqın tərkibinə verilsin”. Bundan başqa onun digər ermənipərəst mövqeyinə rast gəlmədim. Amma onun həm Azərbaycana, həm də Ermənistana həsr olunan silsilə şeirləri var. Ona görə də hansı formada ermənipərəst mövqedən çıxış etdiyini axtarıb tapa bilmədim. Mən də, qeyd etdiyim kimi, yayılan həmin informasiyalara əsasən, belə düşündüm ki, həmin tədbirdə iştirak etməyim doğru olmaz.

İctimaiyyət arasında onun ermənipərəst mövqeyi ilə bağlı informasiyalar dolaşırsa və bizim çox dəyərli şair və yazıçılarımız zamanında ona qarşı etirazlarla çıxış ediblərsə, deməli, o zaman nələrsə olub.  Hesab edirəm ki, əgər nələrsə olubsa, bu, geniş ictimaiyyətə açıqlanmalıdır. Yəni ədəbiyyatşünaslar bu barədə araşdırma aparıb, ictimaiyyətə məlumat verməlidirlər ki, arada olan anlaşılmazlıq birdəfəlik aradan götürülsün".

Oxu.az - Baba Vəziroğlu: “Pul ilə vəzifənin qızdırmasına heç kəs dözə  bilmir” - MÜSAHİBƏ

Baba Vəziroğlu: "Rəsul Həmzətov elə bir adam idi ki, həm azərbaycanlılar, həm də ermənilərlə eyni cür "vurar"dı"

AYB-nin üzvü, tanınmış şair Baba Vəziroğlu isə qeyd etdi ki, Rəsul Həmzətovu şəxsən tanıyıb: “Mən də hesab edirəm ki, Rəsul Həmzətovun  hansı ermənipərəst ifadələri olduğu haqda araşdırma araşdırılsın, məlumat verilsin. Yəni bu barədə informasiyalar var, amma nə deyib, hansı ifadələr səsləndirib, onu bilmirik. Mən Moskvada tələbə olarkən onunla çox oturub-durmuşam. Demək olar ki, onun heç vaxt ayıq vaxtını görməmişdim, nə Moskvada, nə də Bakıda. Amma şairdir də...

Ümumiyyətlə, şairin siyasətə qarışmasını doğru hesab etmirəm. Ola bilsin ki, hansısa ifadələr səsləndirəndə, ümumiyyətlə, nə danışdığının fərqində olmayıb. Çünki “yer” adamı deyildi, həmişə “göylərlə” əlləşirdi. Bəlkə də  ermənilər onun üçün məclis tələsi yaradıb, onu içirdib, ağzından söz alıb, kontekstdən çıxarıb, başqa cür yayıblar. Yəni bu versiyaya daha çox inanıram, çünki  erməni xislətini yaxşı tanıyıram. Rəsul Həmzətov da ki, belə bir  adam idi ki, həm azərbaycanlılar, həm də ermənilərlə eyni cür “vurar”dı. Onun üçün kef, içki məclisi olsun, vəssalam.

Həm də qınamaq olmur ki, avar xalqının oğlu idi və həmişə öz xalqını yüksəkliklərə qaldırırdı. Mənə elə gəlir ki, onu bağışlamaq olar. Əgər mən o biri dünyada onun hakimi olsaydım, yəqin ki, ermənipərəst mövqeyinə görə cəhənnəmə getməyini istəyərdim. Amma bir dənə Səməd Vurğuna həsr etdiyi məşhur “Əziz dostum” şeirinə görə onu bağışlamaq olar.

Zamanında Səməd Vurğun da onun bu cür məsuliyyətsiz ifadələrinə görə çıxıb evindən getmişdi. O da ondan üzr istəmək üçün Azərbaycana gəlir və görür ki, artıq Səməd Vurğun dünyadan köçüb. Həmin şeiri də məhz o zaman yazmışdı. Yaxşı da ki, Səməd Vurğun ondan küsüb getmişdi, çünki nəticə etibarı ilə ortaya belə bir çox gözəl şeir çıxmışdı. Yəni şairdən çox da ummaq, incimək də olmaz. Belə bir söz var ki, şair həmdəmxəyal olur. O da belə adam idi, gəldi, keçdi bu dünyadan".

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa: "Əgər avar xalqı Rəsul Həmzətovu böyük dəyər verirsə, biz də bu xalqın dəyərlərinə hörmətlə yanaşmalıyıq, çünki..."

Millət vəkili Fazil Mustafa isə dedi ki, Rəsul Həmzətov sovet epopeyasının böyük nümayəndələrindən biri idi. Onun  xüsusilə “Mənim Dağıstanım” əsəri xeyli populyarlıq qazanmışdı və qonşu Dağıstan xalqlarının da bir  təmsilçisi idi. O dövrdə  Rəsul Həmzətovun yanaşması daha çox sovet ideoloji konvektorundan bir yanaşma idi: “Onun addımı həqiqətən də Azərbaycan xalqına qarşı bir sayğısızlıq ifadə edən addım idi. Və ona görə də haqlı olaraq bizim dəyərli yazıçılarımız, düşüncə adamlarımız buna öz etirazlarını bildirmişdilər və onun  Qarabağ məsələsində sərgilədiyi səhv hər zaman Dağıstanda da üzünə vurulur, bir yanlışı kimi göstərilir.  Amma biz indi başqa reallıqlarla üz-üzəyik. Belə ki, ilk növbədə Rusiya ilə müəyyən mədəni əlaqələr kontekstində, ikincisi isə Dağıstan xalqları, onların dəyərləri ilə münasibətdə bu məsələyə yanaşırıq. Yəni bütün hallarda Rəsul Həmzətovun hansısa yanlış siyasi mövqeyi onun yaradıcılığının əhəmiyyətsizləşdirilməsi mənasına gəlməz. Bu həm də bizim avar xalqına olan münasibətimizi ortaya qoymağı ehtiva edir. Məlum olduğu kimi, Dağıstanda Heydər Əliyevin 100 illiyi böyük təntənə ilə qeyd edildi. Bu bir dostluq jesti olaraq qiymətləndirilirsə, biz də eynilə dostluq jestini avar xalqına, Dağıstan xalqlarına göstərməliyik. Yəni bu həm də xalqlararası münasibətlərin inkişafı  baxımından zəruridir. Bütün hallarda  məsələyə bu kontekstdən yanaşmalıyıq. Əgər avar xalqının böyük dəyər olaraq gördüyü, böyük şair Rəsul Həmzətov obrazı varsa, biz buna diqqətimizi göstərməklə həm də bu xalqın dəyərlərinə hörmətlə yanaşdığımızı nümayiş etdiririk”.

Xalidə GƏRAY
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR