Onlayn ictimai-siyasi qəzet
Bakıda eyni mənzildən üçüncü dəfə oğurluq edərkən cinayət başında yaxalanan şəxs özünə “rezak”la xəsarət yetirib. Polis əməkdaşları onu evin dolabında gizlənərkən saxlayıb.
Musavat.com xəbər verir ki, 38 yaşlı Marat Bakıda mənzil təmiri ilə məşğul olurmuş. Onun oğurluğa girdiyi ev isə işlədiyi evin qonşuluğunda olub.
Belə ki, Marat işə gələn zaman qonşu evdə sakitlik, gəlib-gedənlərin az olduğunu müşahidə edib. Bir neçə gün müşahidə apardıqdan sonra evə girməyi qərarlaşdırıb. Usta kimi çalışdığı evin eyvanından qonşu mənzilin eyvanına daxil olub. Əvvəlcə evdən nağd pul götürüb. İkinci dəfə isə qızıl və zinət əşyaları. Üçüncü dəfə isə oğurluğa gələn zaman saxlanılıb.
İstintaqla müəyyən edilib ki, Marat həmin evdən ümumilikdə 17500 manatlıq oğurluq edib. Həmin zərərin böyük hissəsi qızıl-zinət əşyaları təşkil edir. Amma Marat deyilən dəyərdə oğurluq etmədiyini bildirir. Zərərin isə bir hissəsini ödəyib.
Marat ifadəsində deyib ki, uşaqlarının gözündə zəiflik olduğu üçün onları həkimə aparmalı imiş. Lakin bunun üçün pulu olmayıb və oğurluq etməyi qərarlaşdırıb. Onun sözlərinə görə ikinci dəfə də oğurluğa girməsinə səbəb həkimin uşaqlarına bahalı eynək yazması olub. Marat üçüncü dəfə oğurluğa getməsinin səbəbini izah edərkən deyib ki, evini təmir etdirmək istəyib...
Maratın saxlanılma prosesi maraqlı alınıb. Belə ki, ev sahibi iki dəfə evindən nağd pul və qızıllarının yoxa çıxmasından şübhələnib. Buna görə də evə nəzarət kamerası yerləşdirib. Marat üçüncü dəfə evə girən zaman ev sahibi olan xanım bunu kameradan müşahidə edib və dərhal polisə zəng edib. Həmin vaxt isə Marat evdə uzun müddət axtarış aparıb və qızılları tapmağa nail olub. Lakin qızılları tapandan sonra kameranın fərqinə varıb. Kameranın yaddaş kartını çıxararaq eyvandan həyətə atıb. Bu ərəfədə isə polis əməkdaşları hadisə yerinə çatıblar. Marat qaçmağa macal tapmayıb və evdəki dolabda gizlənib. Qızılları isə eyvanda olan əhəngin içərisində gizlədib. Dolabdan çıxarılan Marat cibində olan “rezak”la boynuna xəsarət yetirib. Polis əməkdaşları onu zərərsizləşdirə bilib.
Əməlindən peşman olduğunu, zərərin bir hissəsini ödəyə bildiyini deyən Marat məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Marat 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.
İ.Muradov
Musavat.com
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ