Onlayn ictimai-siyasi qəzet
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 14 nəfərin müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, yaralanan şəxslər TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospitalizasiya olunub:
"Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib.
Hazırda 14 nəfərin müayinə və müalicələri davam etdirilir, onlardan 12 nəfərin vəziyyəti stabildir. Üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan qadının üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir.
Müalicə alanlardan 1 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.
Pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib".
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb. (Report)
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ