Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən məşhur “Saxara” gözəllik salonunda insident baş verib.
Gözəllik salonunda müştəri olan gənc qız ona göstərilən xidmətdən narazı qalaraq dava salıb.
O, gözəllik salonunun darağı ilə güzgünü sındırıb, həmçinin, sakitləşməsi üçün işçilərin verdiyi su bardağını yerə çırparaq sındrıb.
Hadisədən sonra salonun sahibi polisə şikayət edib. 2006-cı il təvəllüdlü L.Əmirova (şərti soyadlı) saxlanılıb və barəsində protocol tərtib edilib.
O, izahatında saçının rəngini açan ustanın xidmətindən narazı qaldığını deyib:
“Saxara” adlı gözəllik salonunda saçımı boyatdırmışdım. Lakin bir müddət sonra saçımın zərər gördüyünü, “yandığını” müəyyən etdim və buna görə də psixoloji depressiya keçirdim. Həmin gözəllik salonuna gedərək saçımın vəziyyətinə görə oradakı işçiləri və müdiriyyəti günahlandırdım və həmin zaman heç bir əşyaya və əmlaka zərər vurmadan, heç kimi təhqir etmədən sadəcə səsimi yüksəldərək sözlərimi dedim. Mən yalnız hadisədən sonra iki gün həmin salonun rəhbərliyindən xəbər gözlədim, lakin heç kim maraqlanmadı və yalnız iki gün sonra özümə məxsus instagram hesabı vasitəsilə video paylaşaraq növbəti dəfə etirazımı dilə gətirdim”.
Gözəllik salonunda çalışan tanınmış saç ustası F.B isə bildirib ki, o, müşətirini əvvəlcədən prosedurla bağlı məlumatlandırıb və risklərin ola biləcəyini deyib. Həmin vaxt 17 yaşlı L.Əmirova etirazının olmadığını deyib. Salonun sahibi isə qeyd edib ki, hadisə vaxtı xaricdə olub və ölkəyə qayıdandan sonra sosial şəbəkədəki videoları görüb. O, salona vurulmuş maddi ziyana görə, tələbinin olmadığını, lakin nüfuzuna vurulmuş zərərə görə şikayət etdiyini deyib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində 17 yaşlı L.Əmirova barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə ona 50 manat pul cəriməsi cəzası verilib. (Publika.az)
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ