Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar Bakı və Bakıətrafı ərazilərdə daşınmaz əmlakların alış və kirayə qiymətləri bahalaşmağa başlayıb. Bu proses hətta kirayə evlərin də qiymətinə kifayət qədər təsir göstərib. Bakının mərkəz hissələrində və mərkəzə yaxın ərazilərdə kirayə qiymətləri daha bahadır. Qiymət bahalaşması Səbayel, Yasamal, Nərimanov, Nəsimi, Xətai və Nizami rayonlarında daha çox müşahidə olunur. Ötən illə müqayisədə bu ərazilərdəki aylıq kirayə qiymətləri 100-150 manat artıb.
Kirayə evlərin qiyməti 100-150 manat artıb
Bakının əsas kirayə ev bazarlarından biri kimi tanınan, “Neftçilər” metrostansiyasının yaxınlığında uzun illərdi fəaliyyət göstərən “Maklerlər bağı”nda müşahidələrimiz zamanı bu faktları təsdiqlədilər.
Maklerlər deyir ki, ötən il Bakının Nizami və Xətai rayonlarında bina evlərində aylıq kirayə qiymətləri 300-350 manat olduğu halda, bu ilin ikinci yarım ilində bu qiymət minimum 400 manatdan başlayır. Həmin ərazilərdə kirayə qiymətləri artıq 500-550 manata çatıb: “Yay aylarında qiymətlər bir müddət ucuzlaşmışdı. Avqustun sonlarından isə yenidən qiymətlər bahalaşdı. Bu proses yeni təhsil ilinin başlanması ilə əlaqədar idi. Hər il belə olur. May ayından sonra evin qiymətləri ucuzlaşır, yayın sonunda yenidən artır. Çünki rayonlardan olan tələbələr tətilə qayıdırlar. Amma bu ilki bahalaşma dayanmadı. Sentyabr ayından sonra mənzillərin kirayə qiymətləri yenidən bahalaşdı. Sentyabr ayı ilə indiki aylarda kirayə qiymətində 100 manatdan artıq bahalaşma var. Əvvəllər ev sahibi hansısa mənzilini bizə kirayə üçün sifariş verirdi, bir ay müştəri tapa bilməyəndə qiymətini bir az ucuz deyirdi ki, müştəri tapaq. Amma indi hətta ev aylarla kirayəçisiz qalır, amma sahibi qiyməti ucuzlaşdırmağa imkan vermir”.
Maklerlər bildirirlər ki, qiymət artımı yeni tikililərdə daha qabarıq görünür: “Yeni tikilən hündürmərtəbəli binaların həm satış qiymətində, həm də kirayə qiymətləri daha çox bahalaşıb. Bu binalara tələbat daha çoxdur. Əksər hallarda vətəndaşlar 5 və 9 mərtəbəli binalardakı mənzillərini satıb hündürmərtəbəli binalara köçürlər. Buna görə də hündürmərtəbəli binaların qiymətləri daha çox bahalaşıb. Amma 5 və 9 mərtəbəli binaların kirayə qiymətləri də ucuz deyil”.
Maraqlıdır, kirayə evlərin qiymətinin ucuzlaşmasına hansı amil mane olur? Son aylarda kirayə bazarındakı kəskin bahalaşma nə ilə əlaqədardır?
Gündəlik kirayə evlər daha çox bahalaşıb
Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Ramil Osmanlı deyib ki, gündəlik kirayə məqsədləri üçün bazara təklif olunan mənzillərin qiymətində daha çox bahalaşma var: “Tələbə və aztəminatlı ailələrin yaşayışı üçün istifadə olunan mənzillərin qiymətində isə qiymət artımı o qədər də nəzərə çarpmır. Gündəlik evlərdəki artım isə təbiidir. Bu da bayramqabağı tələbatla əlaqədar ola bilər. Bayram ərəfəsində kütləvi tədbirlər çox olur, beynəlxalq səviyyəli tədbirlər keçirilir, buna görə də bu cür evlərə tələbat artır. Həmin ərəfələrdə ölkəyə qısamüddətli turist axını olduğu halda bu proses təbiidir”.
Ekspert bildirir ki, bayramqabağı hətta regionlardakı kirayə evlərdə də qiymətlər bahalaşıb: “Bayram günlərində paytaxtda yaşayan insanlar regionlara axın edir və bu da rayon yerlərindəki kirayə evlərə tələbatı artırır. Ölkənin quru sərhədləri bağlı olduğu üçün əhali əsasən rayonlarda istirahətə gedir. Bu da regionlarda evə tələbatı kəskin artırır”.
Rusiya-Ukrayna müharibəsi qiymətləri fantastik bahalaşdırıb
R.Osmanlı bildirib ki, Azərbaycanın mənzil bazarına Rusiya-Ukrayna müharibəsinin də təsiri olub: “2022-ci ildə bu təsir daha çox idi. Xüsusilə də 2023-cü ilin sentyabrında Rusiyada səfərbərlik elan olunandan sonra Azərbaycanın daşınmaz əmlak bazarını heç vaxt görünməmiş silkələnməyə məruz qoydu. 2023-cü ildə daşınmaz əmlak bazarında qeydə alınan qiymət artımı son 23 ilin rekord qiymət artımı idi. Təxminən 30 faizə yaxın qiymət artımı oldu. Hazırda isə bu rəqəm haradasa 20 faiz ətrafındadır. Bu ilin əsas qiymət artımları isə ilin ilk 5-6 ayına təsadüf etdi. İyun ayında isə ciddi qiymət artımı olmadı. İyun ayından sonra nisbi qiymət artımı müşahidə olunmaqdadır”.
Ekspert deyir ki, bu gedişlə 2024-cü ildə də ölkənin əmlak bazarında qiymət azalması gözlənilmir.
Samir ƏLİ,
“Yeni Müsavat”
Şəkillər müəllifindir
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ