Onlayn ictimai-siyasi qəzet
Bakının “Dakar” dairəsi ətrafında, “Neftçilər” metrostansiyasının həndəvərindəki ev bazarında indi daha çox qələbəlik var.
Musavat.com-un xəbərinə görə, bura avqust ayında ev alanlardan daha çox mənzil kirayələmək istəyən tələbələr, onların yaxınları üz tuturlar.
Müşahidələrimiz onu deməyə əsas verir ki, ev kirayələmək getdikcə çətinləşir, xüsusilə də rayonlardan paytaxta təhsil almağa gələn tələbələr üçün vəziyyət ağırdır.
Tələbələrin paytaxta axışması hər il olduğu kimi bu il də kirayə bazarını dalğalandırıb, qiymətləri daha da yuxarı çəkib. Belə ki, bəzi ev sahibləri kirayəçinin tələbə olduğunu eşidəcək qiyməti qaldırırlar. Bu isə həm tələbələrin, həm də ailələrin büdcəsinə əlavə yük yaradır. Makler Gülağa Məmmədovun sözlərinə görə, hazırda “Dakar” dairəsi və ətrafında kirayə qiymətləri rekord həddə çatıb: “Bir otaqlı mənzillər 300 manat, iki otaqlı mənzillər 450-500 manat, üç otaqlı mənzillər isə 700 manatdan yuxarı qiymətə kirayə verilir. Bu normal hal deyil, şəraitsiz evlərə belə ağlasığmaz kirayə qiymətləri qoyurlar”.
Onun sözlərinə görə, kirayə bazarındakı bahalaşma səbəbindən bir çox tələbələr tək qalmır, məcburiyyət qarşısında bir neçə nəfər birlikdə ev kirayələyir:
“Əksər kirayəçilər tələbələrdir. Onlar da vəziyyətdən çıxmaq üçün 3-4 nəfər bir evdə qalmağa üstünlük verirlər. Tək qalmaq istəyənlər üçün qiymətlər çox yüksəkdir. Tələbə yataqxanalarının çatışmazlığı, şəhərdə kirayə tələbinin artması və inflyasiya kirayə qiymətlərinin yüksəlməsinə əsas səbəblərdəndir”.
Ərazidəki vəziyyət, xüsusən yeni tədris ilinin başlanğıcında daha da kəskinləşir. Çünki həmin vaxt paytaxta gələn tələbələrin sayı artır, bu da bazarda süni qiymət artımına səbəb olur.
Sultan Məmmədli,
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ