Onlayn ictimai-siyasi qəzet
Bakının küçələrində və Azərbaycan yollarında qadın avtobus sürücülərinin sayı yaxın vaxtlarda artacaq.
Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) başladığı yeni təlim proqramı sayəsində mümkün olacaq.
Layihə həm ictimai nəqliyyatda peşəkar qadın kadrların yetişdirilməsini, həm də sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsini hədəfləyir.
AYNA-nın mətbuat katibi Tural Orucov Musavat.com-a açıqlamasında bildirib ki, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıq keçirlər:
“Təlimlərdə sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularına da xüsusi yer verilir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da öyrədilir. Məqsədimiz təhlükəsiz idarəetmə bacarığı olan, sərnişinlərlə nəzakətli davranan və böhran anlarında peşəkarlıq göstərən qadın sürücülər hazırlamaqdır”.
Onun sözlərinə görə, təlimlər zamanı baxış texnikası, manevretmə, dayanma və durma qaydaları, mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması kimi praktiki bacarıqlar aşılanır:
“Sürücülər eyni zamanda müxtəlif yol şəraitində qəza risklərini minimuma endirmək üçün vacib bilik və vərdişlər qazanırlar”.
Proqramın sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər. Bu mərhələdə onların nəzəri bilikləri və praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.
Tural Orucov qeyd edib ki, bu təşəbbüs qadınların iqtisadi fəallığını artırmaqla yanaşı, ictimai nəqliyyatda xidmət keyfiyyətinə və sərnişin məmnuniyyətinə də töhfə verəcək.
Sultan Məmmədli,
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ