İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ev oğruları fəallaşıb – SƏBƏB BU İMİŞ

Son günlər Bakıda ev oğruları sanki gizli bir “aktivlik planı” ilə hərəkət edir. Xırdalandan Qaraçuxura, Maştağadan paytaxtın digər məhəllələrinə qədər evlərə və obyektlərə girərək nə var, nə yox, talayan şəxslər haqda xəbərlər artmaqdadır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Abşeron rayonunun Xırdalan şəhərində naməlum şəxslər marketdən 544 manat oğurlayıb.

Polis əməliyyatı nəticəsində 40 yaşlı İ.Qədirov və 42 yaşlı E.Axundov saxlanılıb.

Qaraçuxurda isə bir evdən 2 400 manatlıq qızıl-zinət əşyası aparılıb. Suraxanı polisi operativ tədbir nəticəsində 33 yaşlı Ş.Rüstəmovu həbs edib.

Maştağada zərərçəkənin evindən 6 min manatlıq oğurluq baş verib, Sabunçu polisi hadisənin üstünü açaraq 37 yaşlı Ş.Hüseynovanı saxlayıb.

MAHMUD.jpg (102 KB)

Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, oğurluq tamah niyyəti ilə törədilən cinayətdir:

“Oğurluğun başlıca motivi tamahdır. Mənzil oğurluqlarında, şəxsi və dövlət əmlaklarının oğurluğunda motiv həmişə tamahdır. Son dövrlər törədilən oğurluq cinayətlərini əvvəllər məhkum edilməyən şəxslərin törətdiyi aydınlaşır. Tamah motivini yaradan əsas amillərdən biri işsizlik, sosial-iqtisadi problemlər, narkomaniya və sərxoşluğa meyillilikdir. Bu amillər cinayətkar aləmin ünsürlərindən kənar şəxsləri belə oğurluğa sövq edir”.

M.Hacıyev oğruların davranışlarını və cinayətlərin açılma çətinliyini izah edib:

“Cinayətkarın maddi imkanından asılı olmayaraq, xarakteri onu cinayət törətməyə sövq edə bilər. Mənzil oğurluqları gizli şəraitdə baş verir və buna görə üstünün açılması vaxt aparır. Oğurluq əvvəlcədən planlaşdırılır: mənzil, sakinlərin hərəkətləri, əşyaların yerləşməsi, giriş-çıxış marşrutları öncədən izlənilir. Əgər hazırlıqsız oğurluq baş veribsə, üstünü açmaq daha asandır. Amma detallı planlaşdırılmış oğurluqların açılması çətinləşir”.

Ekspert oğurluq hadisələrinin mövsümi xarakterindən də danışıb:

“Yay aylarında şəhər evləri boş qalır, insanlar bağ evlərinə və turistik zonalara gedir. Bu isə şəhərdə oğurluqları artırır.

Qışda əksinə, şəhər kənarındakı villalar və bağ evləri daha çox risk altındadır”.

Mahmud Hacıyev sığorta və təhlükəsizlik tədbirlərinə də diqqət çəkib:

“Kamera sistemləri, siqnalizasiya və mühafizə xidmətləri olan yerlərdə oğrular daha az fəaliyyət göstərir. Yeni tikililərin əksəriyyətində mərkəzi kamera sistemi və 24 saat giriş-çıxış nəzarəti var. Belə ünvanlarda oğurluq halları minimuma enir. Təəssüf ki, insanların maddi durumu çox vaxt bu xərclərə imkan vermir”.

M.Hacıyev bildirib ki, ev oğrularının fəallaşması bütün cəmiyyətin problemidir:

“Cəza labüdlüyü təmin olunmalı, insanlar isə mülkünün qorunmasında məsuliyyətli olmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR