İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 23 nəfər niyə ÖLÜB?

Xəbər verdiyimiz kimi Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb. Hadisə Sabunçu rayonunun eyniadlı qəsəbəsində baş verib. Burada evlərdən birində 46 yaşlı S.Lukoninin meyiti tapılıb. Onun üç-dörd gün əvvəl öldüyü bildirilir.

Qeyd edək ki, daha əvvəl də ümumilikdə 22 nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Onları texniki spirt içməyə nə vadar etdi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, spirtli içkilərin minimum satış qiymətinin müəyyən edilməsinə münasibət birmənalı deyil:

“Bunun da səbəbi odur ki, bu cür addımlar azad rəqabəti boğur. Əslində qiymət tələbə görə müəyyən edilir. Keyfiyyətli məhsul təbii ki, baha satılır. Aşağı keyfiyyətli məhsul da ucuz qiymətə təklif olunur. Lakin bu qərardan sonra aşağı keyfiyyətli məhsullara tələbat kəskin artıb.

Məlumdur ki, cəmiyyətimizdə alkoqola meyilli sosial durumu zəif olan xeyli insan var. Həmin adamların imkanı yoxdur ki, gündə 10-15 manat içkiyə pul xərcləsin. Belələri məcbur olur ki, öz ehtiyaclarını texniki spirtlə və yaxud kustar üsulla hazırlanmış içkilərlə ödəsinlər. Bu da son nəticədə insanlar arasında zəhərlənəmyə və müxtəlif arzuolunmaz hallara gətirib çıxarır. Təsadüfi deyil ki, son bir ayda texniki spirtdən xeyli adam həyatını itirib”.

İstehsalçının günahı nədir?

Müsahibimiz texniki spirtdən zəhərlənməyə görə texniki spirti istehsal edən şəxsin saxlanmasını anlamadığını söyləyib:

“Axı, istehsalçının nə günahı var? O qida üçün yox, texniki vasitələr üçün spirt istehsal edib. Alkoqola müyilli adamlar da artıq mağazalarda xeyli baha qiymətə satılan spirtli içkiləri ala bilmədikləri üçün apteklərdən 1-2 manata texniki spirt alaraq öz ehtiyaclarını ödəyirlər. Nəticə isə göz qabağındadır.

Bu gün heç kim təminat verə bilməz ki, spirtdən zəhərlənmə hallar daha olmayacaq. Təbii ki, olacaq. Ən pisi də odur ki, belə hallar artacaq. Çünki spirtli içkilərin minimum qiyməti xeyli bahadır. Ona görə də bəzi işbazlar öz fəaliyyətlərini leqallaşdırıblar. Mənşəyi məlum olmayan aşağı keyfiyyətli spirtli içkiləri asanlıqla kafe-restoranlarda və şadlıq evlərində realizə edə bilirlər. Əhalinin az gəlirli və spirtli içkilərdən asılılıq yaşayan hissəsi də əvvəlki qaydada içki əldə edə bilmir. Bu səbəbdən də belələri ehtiyaclarını texniki spirtlə ödəyirlər. Onun da sonu göz qabağındadır. Hesab edirəm ki, spirtli içkilərin minimum qiymət həddinə yenidən baxılmalıdır. Onsuz da imkanı olan hansı qiymətə olsa, spirtli içki alacaq. Amma kasıb və yoxsul insanları məcbur etmək olmaz ki, gedib 10-15 manata spirtli içki alsın. Unutmayaq ki, asılılıq da bir xəstəlikdir. Gəlin, bu xəstələri taleyin ümidinə buraxmayaq!”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR