İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı yollarındakı “kamikadze”lər - Nə hüquqları var, nə də...

Ekspertə görə, ən böyük problemləri moped sürücüləri yaradır və nömrəsiz olanları cərimə meydançasında saxlamaq lazımdır

Kuryer işi son illərdə paytaxtda ən çox tələb olunan işlərdən birinə çevrilib. Bir çox pərakəndə satış məntəqələri və ictimai iaşə obyektlərinin bağlandığı, insanların evlərini və mənzillərini çətinliklə tərk etdiyi pandemiya dövründə çatdırılma xidmətlərinə maraq xeyli artdı. İndi getdikcə daha çox şəhər sakini onlardan istifadə edir, onların köməyi ilə vaxt kimi əvəzsiz nemətə qənaət edir.

Lakin bu peşəyə artan tələbat müştərilər, şəhər mühitinin və özlərinin təhlükəsizliyi üçün risklərlə əlaqələndirilir, yəni çatdırılma xidmətlərinə nəzarət gücləndirilməlidir. Mütəxəssislər qeyd edir ki, ərzaq və digər malların daşınması insanlar üçün tez-tez yollarda problem mənbəyinə çevrilir. Mümkün qədər çox sifariş çatdırmaq və müvafiq olaraq daha çox qazanc əldə etmək istəyən kuryerlərin bir çoxu yol hərəkəti qaydalarına məhəl qoymur, həm özlərinin, həm də piyadaların və digər sürücülərin həyatlarına təhlükə yaradır. Bəs problemin həlli yolları nədən ibarətdir? Kuryerlərin yollarda yaratdığı təhlükəni minimuma necə endirməli?

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, ən böyük problemləri moped sürücüləri yaradır: “Onlar qəzalar törədir, başqalarının maşınlarını sürtür və avtomobillərin arasında ziqzaqvarı hərəkət edib digər nəqliyyat vasitələrinə ziyan vururlar. Onların dövlət qeydiyyat nişanı olmadığı üçün qaçıb asanlıqla məsuliyyətdən yayına bilirlər. Bir çox ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onlar da bu problemləri yaşayıblar və sonradan çıxış yolu kimi onların dövlət qeydiyyatına alınması məsələsi təklif edilib.  Azərbaycanda da bu proses ona doğru gedir. Moped sürücülərinin sui-istifadə halları bunu tələb edir”.

Ekspertin fikrincə, son dövrlər moped sürücüləri yol polisinin avtomobilləri qarşısında ziqzaqvari hərəkət edib, sonra da bunu videoya çəkirlər: “Həmin videonu Tik Tokda paylaşıb lovğalanırlar. İllər öncə bu hərəkəti ”06" və “07" maşınlarını sürənlər edirdi. Moped sürücüləri vətəndaşların maşınını vurub qaçırlar. Yaxud da avtobus zolağına girirlər, ancaq nömrələri yoxdur deyə heç kim məsuliyyətə cəlb etmir. Hər yerdən manevr edib aradan çıxır. Buna görə də onların hər birinin üzərində dövlət qeydiyyat nişanı olmalıdır. Neçə vaxtdır müşahidələr aparıram. Moped sürücüləri işıqfora fikir vermədən qırmızı işıqda necə gəldi keçir. Motosiklet sürücüsü isə qırmızı işıqda dayanır. Çünki bilir ki, nömrəsi var, məsuliyyətə cəlb edilə bilər”.

E.Muradlının sözlərinə görə, mopedlərlə bağlı eybəcər mənzərənin qarşısını almaq üçün parlament yol hərəkəti haqqında qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməli, mopedlər dövlət qeydiyyatına alınmalı və onlara nişan verilməlidir: “Bundan sonra problem özlüyündə həllini tapacaq. Bir də görürsən ki, moped sürücüsü səkidə dayanan piyadanın üzərinə çıxır. Yaxud da tıxac yarandığı üçün səki ilə gedir, piyadaya yol vermirlər. Elə hesab edirlər ki, onlar toxunulmazdırlar. Çıxış yolu nömrə məsələsini həll etmək, nömrəsiz sürənləri ağır şəkildə cəzalandırmaqdır. Nömrəsiz sürənlərin mopedlərini 3-5 ay cərimə meydançasında saxlamaq lazımdır. Aeroport yolunda hansı hoqqalardan çıxdığını görəndə dəhşətə gəlmişdim. Moped bir balaca yoldan çıxsaydı, sürücü maşınların altında qalıb əziləcəkdi. Lakin onlar belə riskləri etməyə davam edirlər”.

Daxili İşlər Nazirliyinin mövzu ilə bağlı mediaya açıqlamasında qeyd edilib ki, motor həcmi 50 kubsantimetrə qədər olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük hüququ, eləcə də onların dövlət qeydiyyatına alınması qanunvericilikdə nəzərdə tutulmayıb. Həmin nəqliyyat vasitələri ilə törədilmiş qəzaların, eləcə də qayda pozuntularının xüsusi texniki vasitələrlə aşkarlanması qeyri-mümkündür. Mühərrik həcmi kiçik olduğu üçün belə nəqliyyat vasitələri icbari sığortaya cəlb edilmir. Bu isə avtoqəza zamanı qarşı tərəf üçün problem yaradır. Məsələn, moped sürücüsü öz nəqliyyat vasitəsilə vətəndaşa və ya avtomobilə zərər vurduqda, o, mülki məsuliyyətin icbari sığortası olmadığı üçün dəymiş zərəri ödəmir. Həmçinin sürücülük vəsiqəsi və dövlət nömrə nişanı olmadığından qəza törətmiş sürücü hadisə yerindən uzaqlaşdıqdan sonra dövlət yol polisi əməkdaşları həmin şəxsi tapmaqda çətinlik çəkirlər.

Ekspertlər bildirir ki, mopedlərin idarə edilməsi zamanı sürət həddi 60 kilometri keçməməlidir.  Müasir mopedlərdə mühərrik həcmi isə kiçik olsa da çox güclüdür, saatda 80-100 kilometrə qədər sürət yığa bilir. Nəticədə təyinat nöqtəsinə tez çatmaq istəyən gənclər daha sürətli idarə edir və qəzalar törədirlər.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR