İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Ankaranın “Zəngəzur-2025" anonsu - ermənilər panikada

Ermənistan büdcəsi silah aldığı ölkələrin sırasını və hərbi xərcləri ilbəil artırmağa imkan verməyəcək; erməni təhlilçilər iddia edirlər ki, guya Bakıya hücum üçün...

Ermənistan İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığı müxtəlif vasitələrlə dəyişməyə, bu məqsədlə hərbi potensialını artırmağa çalışır. 2025-ci il üçün hərbi büdcəsini daha 20 faiz artıraraq 1,7 milyard dollara çatdırması deyilənlərin əyani təsdiqidir. 

Rəsmi İrəvanın 2023-cü ildən etibarən hərbi xərcləri 77 faiz artırması, kütləvi silahlanma siyasəti yürütməsi rəsmi Bakını adekvat tədbirlər görməyə sövq edir. Prezident İlham Əliyevin Rusiya mediasına son müsahibəsində Ermənistanın sürətlə silahlanma yarışına tab gətirə bilməyəcəyi haqda dedikləri Ermənistanda ciddi reaksiyalara səbəb olub. Erməni ekspertlərə görə, Azərbaycanın hərbi üstünlüyü hazırda obyektiv reallıqdır. Eyni zamanda Ermənistan iki ölkənin silahlı qüvvələri arasında imkanlar arasındakı fərqi azaltmaq üçün açıq şəkildə addımlar atır, lakin bu tədbirlərin real effektivliyi hələ də aydın deyil. 

Rəsmi Bakı son illərdə Ermənistanın aqressiv ritorikasının regional sülhə, təhlükəsizliyə, habelə iki ölkə arasında etimad quruculuğuna ciddi təhdid olduğunu dəfələrlə bəyan etsə də, bu ölkə havadarları vasitəsilə silahlanmanı davam etdirir. Ermənistanın silah aldığı ölkələrin sırası ilbəil genişlənir, təcavüzkar ölkə Fransa, Hindistan, İran, Yunanıstan, ABŞ və Rusiyadan müxtəlif növ silah-sursat tədarük edir. Hazırda Yunanıstandan S-300 hava hücumundan müdafiə komplekslərinin silahlanmaya daxil edilməsi məsələsi müzakirə olunur. Erməni politoloq David Arutyunov deyib ki,  eskalasiyanın mümkünlüyünü şərtləndirən əsas amil qüvvələr balansının qeyd olunmuş balansı və Bakının regionda dominantlıq planlarıdır. Erməni politoloq iddia edib ki, Azərbaycanın Ermənistanın digər ölkələrlə hərbi əməkdaşlığı ilə bağlı narahatlığının da səbəbi var. “Azərbaycan Ermənistanla hərbi əməkdaşlıqla bağlı bəyanatlarında bir sıra problemləri həll etməyə çalışır. Bu, ilk növbədə Ermənistanın suverenliyini məhdudlaşdıran qeyd olunmuş strategiyadır. Bundan əlavə, Ermənistanın guya "artan silahlanmasına" cavab olaraq Azərbaycanın Ermənistan tərəfinə qarşı edə biləcəyi mümkün hərəkətlərin əsasları qoyulur. Eyni zamanda bu bəyanatlar həm də tərəflər arasında qüvvələr balansının müəyyən qədər bərpasına mane olmaq istəyini göstərir ki, bu da digər amillərlə yanaşı, Azərbaycanın mövcud hərbi üstünlüyünün əslində o qədər də əhatəli olmaması ilə bağlıdır". 

Aydındır ki, bu cür təsbitlər əslində erməni cəmiyyətini aldatmaqdır. Ermənistanın ölkəmizlə hərbi müstəvidə rəqabət aparması mümkün deyil. Əvvəla ona görə ki, hərbi gücü təmin edən amillər sırasında iqtisadi və demoqrafik üstünlük də vacib rol oynayır. Azərbaycanın 2025-ci il üçün müdafiə və təhlükəsizlik xərcləri 5 milyard dollar təşkil edəcək və bu da Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bu bir daha göstərir ki, Azərbaycan əldə etdiyi zəfərlərlə arxayınlaşmır, hərbi gücünü artırır, ən müasir silahları və hərbi texnikanı Ordumuzun arsenalına daxil edir. Kütləvi silahlanmağa rəğmən, Ermənistanın Azərbaycanla hərbi müstəvidə rəqabət aparmaq və regiondakı geosiyasi vəziyyəti hansısa formada dəyişmək imkanları sıfıra bərabərdir. Bunu bir sıra beynəlxalq təşkilatların hesabatlarından da aydın görmək mümkündür. Dünya ölkələrinin hərbi gücünü araşdıran “Global Firepower” beynəlxalq təşkilatının 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan dünyanın ən güclü ordusu reytinqində 59-cu, Ermənistan isə 102-ci yerdə qərarlaşıb. 

 

“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli Ermənistanın postmünaqişə dövründə silahlanmasını iki cür izah edir: “Birincisi, daxili auditoriyaya göstərilir ki, Ermənistana ciddi hərbi dəstək var. Paşinyan KTMT-dən üz çevirməyin, Rusiyanın ölkəsinə guya dönük çıxmağın müsbət nəticələrini xalqına nümayiş etdirir. Bununla demək istəyir ki, Rusiyadan bizə xeyir olmadı, Fransa, ABŞ, Yunanıstan yanımızdadır. Eyni zamanda təhlükəsizlik sahəsində vektorunu dəyişərək yeni müttəfiqlər tapdığını göstərməyə çalışır. Əlbəttə, Kipr, Yunanıstan, yaxud Fransanın hansısa silahları Azərbaycanla döyüşməyə yetərli deyil. Ermənistan yaxşı başa düşür ki, bu silahlanmanı artırmaqla revanş götürmək mümkün olmayacaq. Heç xalq da növbəti müharibəyə və minlərlə erməni əsgərinin ölümünə hazır deyil. Sadəcə, Ermənistanın dəstəksiz qalmadığı görüntüsü yaradılır”.

Hərbi ekspertin fikrincə, ikincisi, müharibədə Ermənistan Silahlı Qüvvələrinin minlərlə hərbi texnikası məhv edilib, bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş olunur: “Buna görə Ermənistan ordunu yenidən bərpa etməyə başlayıb. Nəzərə alaq ki, 44 gün davam edən müharibənin hər dəqiqəsi erməni ordusunun silah-sursatı darmadağın olunurdu. Yəni indi onun arsenalı, anbarları bomboş kimidir. Qərb də bu fürsətdən istifadə edərək onu silahlandırmaqla regiona yerləşməyə çalışır. Bununla Ermənistanın yanında dayandıqlarını göstərirlər. Bir sözlə, bu silahlanmaya birtərəfli baxmağın tərəfdarı deyiləm. İrəvan onsuz da yarışa girmək qabiliyyətinə malik deyil”.

R.Məmmədli üçüncü amil kimi Rusiyanın hərbi şinelindən Ermənistanın çıxarılması cəhdlərini müşahidə edir: “Zvartnots aeroportundan rus sərhədçilər çıxdılar, İranla sərhəddən də getməyə hazırlaşırlar, Azərbaycanla delimitasiya olunmuş əraziləri də tərk etdilər, qalır Türkiyə sərhədlərində rus hərbçiləri. Əgər "Marqara" keçid məntəqəsi nə zamansa işə düşsə, oradan da gedəcəklər. Nəhayət, bunun finalı kimi Gümrü və Erebunidən Rusiyanın hərbi bazasının, eləcə də aviabazasının çıxarılması hədəflənib. Lakin Paşinyan olduqca xam xəyallara qapılıb. O, Rusiyanın gücünü ya kiçildir, ya da Qərbdən indiki dəstəyi çox böyüdür. Həmin Qərb Gürcüstan və Ukraynada göz qabağındadır. İndi Ermənistanda rusların hərbi təsirlərini azaltmaq, guya Rusiyanı bu ölkədən çıxarmaq üçün strategiya var, amma Moskvanın İrəvanda yüzillərlə oturuşmuş təzyiq resurslarını, potensialını qiymətləndirə bilmirlər. Qısası, silahlanmada üç məqsəd var: erməni ordusunda sovet-rus hərbi məktəbinin təsirlərini aradan qaldırmaq, Rusiyanın bu ölkədə hərbi varlığına son qoymaq; ardınca, Qərbin dəstəyini nümayiş etdirmək və müharibədə biabır olmuş erməni ordusunu qismən dirçəltmək. Buna “Marşal planı” da deyilir. Azərbaycanla yeni müharibəyə hazırlıq versiyasını sonuncu punkt kimi görürəm. Ermənilərin Azərbaycanın guya bu silahlanmanı əsas gətirib yeni hərbi addımlar atacağı ilə bağlı iddiaları isə cəfəngdir. Biz nizamlanma prosesini dəstəkləyirik". 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR