İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Qərb kəşfiyyatını çaşqın duruma salıb, rəzil edir: Azərbaycana qarşı "dörd kənd ittifaqı" qurulub

ABŞ və Qərb öz geopolitik maraqları tələb edən məqamlarda Azərbaycana "yeni müharibə hazırlığı" ilə bağlı uydurma iddialar üzərindən böhtan ataraq, təzyiq göstərməyə çalışır... Ancaq Ermənistanla sülhə aparan anlaşmalar ön plana keçdikdəsə, ABŞ kəşfiyyatı Azərbaycanla müharibə ehtimalının şişirdildiyini vurğulayaraq, Paşinyan hakimiyyətinə cəsarət verir...

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin konkret addımlar üzrə başlanacağı gözlənilir. Ermənistan baş naziri Nikol Paşinyan son vaxtlar Azərbaycanın anklav olmayan dörd kəndinin geri qaytarılmasının vacibliyini vurğulayıb. Erməni baş nazir hətta Azərbaycan kəndləri ən qısa zamanda geri qaytarılmayacağı təqdirdə, yeni müharibənin qaçılmaz olacağını da bəyan edib. Və yeni savaşın Ermənistan üçün hansı fəlakətli nəticələr vəd etdiyini elə əvvəlcədən bildiyini də gizlətməyib.

Baş nazir Nikol Paşinyan hesab edir ki, Cənubi Qafqazda Ermənistanın təhlükəsizliyini təhdid edən hərbi-siyasi gərginlik mövcuddur. Onun fikrincə, Ermənistanın belə təhlükəli situasiyaya necə reaksiya verməli olduğunun dəqiq müəyyən edilməsi indi taleyüklü məqamdır. Erməni baş nazir Ermənistan hökumətinin indi daha məsuliyyətli qərarlar qəbul etməyə məcbur olduğunu da etiraf edib.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Onun fikrincə, Ermənistanın öz sərhədlərindən kənarda heç bir ərazi iddiası olmamalıdır. Əks halda, başqalarına qarşı ərazi iddiaları Ermənistanın təhlükəsizliyini təhdid edən hərbi reaksiyalara legitimlik qazandıra bilər. Baş nazir Nikol Paşinyan əmindir ki, məhz bu məntiqə əsaslanaraq, ilk növbədə milli təhlükəsizlik maraqlarını qorumaq üçün Ermənistanın dövlət sərhədlərinin sürətlə müəyyən edilməsi indi ən taleyüklü məsələdir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın yeni müharibə təhlükəsi və Azərbaycana aid dörd kəndin ən qısa müddətdə geri qaytarılmasının vacibliyi barədə dedikləri Ermənistanın sərhədlərindən kənarda daha böyük narahatlıq doğurub. Xüsusilə də, Cənubi Qafqazda Ermənistan üzərindən geopolitik planlar qurmağa çalışan beynəlxalq siyasi iradə mərkəzləri erməni baş nazirin Azərbaycanla anlaşmaq cəhdlərini manipulyasiya etməyə çalışırlar. Rusiya siyasi dairələri baş nazir Nikol Paşinyanı Ermənistan cəmiyyətini yeni müharibə təhdidi ilə şantaj etməkdə suçlayır.

Kreml təmsilçiləri rəsmi İrəvanın indi üzləşdiyi situasiyanı Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq cəhdlərinin nəticəsi kimi təqdim edir. Yəni, Rusiya dolayısı ilə Ermənistanın işğalı altında olan dörd kəndin Azərbaycana qaytarılmasına qarşı çıxır. Hətta üstüörtülü şəkildə Ermənistanın yenidən Rusiyanın orbitinə geri dönəcəyi təqdirdə, Kremlin bu problemi fərqli şərtlər daxilində həll edə biləcəyinə eyham vurur.

7ff049656426601f98065c04b0f658a6.jpg (177 KB)

Nə qədər qəribə də olsa, Qərbdə bəzi siyasi dairələr Rusiyanın mövqeyini bir az fərqli məzmunda təkrarlayırlar. Hər halda, Qərb analitik-təhlil mərkəzləri rəsmi İrəvanın Azərbaycanın şərt-tələblərinə lazım olduğundan daha həssas yanaşdığı qənaətindədirlər. ABŞ-ın kəşfiyyat qurumlarına bağlı olan "Stratfor" analitik mərkəzi rəsmi İrəvanın Azərbaycanın hərbi müdaxilə təhdidləri qarşısında "güzəştlərə" məcbur qaldığını iddia edib. Və dolayısı ilə rəsmi İrəvanı "əsasız qorxaqlıq"da qınayır.

ABŞ kəşfiyyatından qidalanan və sifarişlər alan "Stratfor" hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın ehtimal olunan qaçılmaz müharibə barədə bəyanatları bir qədər şişirdilmiş iddialardır: "Ancaq onun dedikləri Ermənistan hökumətinin Azərbaycanın hərbi imkanlarından və davranışlarından qorxduğunu da biruzə verir. Rəsmi İrəvanın bu qorxusu böyük ehtimalla Ermənistanı Azərbaycanın tələbələri qarşısında bundan sonra da geri çəkilməkdə davam etməyə məcbur buraxacaq".

Göründüyü kimi, ABŞ kəşfiyyat qurumlarına xidmət edən analitik mərkəz çox incə şəkildə Ermənistanı Azərbaycanın qarşısında geri çəkilməkdə suçlayır. Yəni, bu, o deməkdir ki, ABŞ-da Ermənistanın işğalı altında olan Azərbaycana aid ərazilərin geri qaytarılmasını istəmirlər. Hətta Azərbaycanla müharibə ehtimalını şişirdilmiş iddia hesab edən ABŞ-ın kəşfiyyat analitikləri Paşinyan hakimiyyətinin məhz "əsassız qorxaqlıq" faktorunun təsiri altında hərəkət etdiyini qabardırlar. Bununla da əslində, rəsmi İrəvana "qorxma, daha cəsarətli ol, əraziləri qaytarma" mesajı vermiş olurlar. Və bu, Rusiyanın həmin məsələyə reaksiyasının təkrarlayır.

Halbuki, bir müddət öncə ABŞ-ın İrəvandakı səfirliyi amerikalıları Azərbaycanla sərhəd bölgələrinə səfər etməməyə çağırmışdı. ABŞ səfirliyi bunu Azərbaycanın yaxın vaxtlarda Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı ilə əsaslandırmağa çalışmışdı. İndisə ABŞ kəşfiyyatının analitikləri Azərbaycanın hücum edəcəyi ilə bağlı iddiaların şişirdilmiş olduğunu vurğulamaqla, bir tərəfdən Ermənistanı cəsarətləndirməyə çalışır. Digər tərəfdən isə, ABŞ səfirliyi də daxil olmaqla, Qərb siyasi dairələrinin Azərbaycana qarşı yalan və böhtan kampaniyasını ifşa etmiş olur.

814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)

Xüsusi xidmət servislərindən qidalanan və onların sifarişləri üzrə fəaliyyət göstərən ABŞ Kəşfiyyat Cəmiyyəti isə bir müddət öncə Cənubi Qafqazda yeni müharibə ehtimalını qabardan hesabat yaymışdı. Bu qurum hesab edir ki, Azərbaycan və Ermənistan arasında gərginlik hələ bir müddət qalıcı olacaq. Əsas gərginlik faktorları kimi isə ikitərəfli sülh sazişinin imzalanmaması, Azərbaycanın öz hədəflərinə çatmaq üçün hərbi təzyiq mexanizmlərindən istifadəyə hazır olması və s. məqamlar ön plana çəkilir.

Digər tərəfdən, rəsmi Bakının Zəngəzur dəhlizinin açılmasını tələb etməsini də ABŞ kəşfiyyat cəmiyyəti yeni savaşa yol aça biləcək önəmli faktor hesab edir. Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz hədəflərinə artıq çatıb və yeni müharibənin baş verməsində qətiyyən maraqlı deyil. Hətta rəsmi Bakı Zəngəzur dəhlizi açılmayacağı təqdirdə, Naxçıvana marşrutun İran ərazisindən keçirilməsi üçün anlaşma da əldə edib. Zəngəzur dəhlizinin Azərbaycan üçün ikinci plana keçirildiyini vurğulayıb. Və üstəlik, hərbi gərginlikdən yayınmaq üçün Azərbaycanın İran ərazisindən marşrutun çəkilməsi ilə bağlı anlaşmasından ABŞ-ın qətiyyən məmnun olmadığı da qətiyyən sirr deyil.

Göründüyü kimi, Azərbaycanı reallaşdırmaq niyyətində olmadığı savaş ehtimalında ittiham edirlər. ABŞ və Qərb öz geopolitik maraqları tələb edən məqamlarda Azərbaycana yeni müharibə hazırlığı ilə bağlı uydurma iddialar üzərindən böhtan ataraq, təzyiq göstərməyə çalışır. Ancaq Ermənistanla sülhə aparan anlaşmalar ön plana keçdikdə isə ABŞ kəşfiyyatı Azərbaycanla müharibə ehtimalının şişirdildiyini vurğulayaraq, Paşinyan hakimiyyətinə ürək-dirək verir. Və bu, o deməkdir ki, ABŞ və Qərb Cənubi Qafqazda savaş ehtimalı üzərindən geopolitik manipulyasiyalar etməklə, məşğuldur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR