İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Moskva əlaqələrində yeni mərhələ: Kreml gördü ki...

Deputat: “Putinin Lukaşenko və Rəhmonla birlikdə Bakıya zəngi, prezidenti parada dəvət etməsi gərginliyi aradan qaldırmağa xidmət edir”

Rusiya-Azərbaycan münasibətləri AZAL-a məxsus təyyarənin vurulmasından sonra əvvəlki səviyyədə deyil. Bu da Bakının tələblərinin tam olaraq yerinə yetirilməməsi ilə bağlıdır. Baxmayaraq ki, son həftələrdə Rusiya rəsmiləri Azərbaycanın ünvanına qulağa xoşgələn fikirlər səsləndirməklə gərginliyi yumşaltmağa çalışırlar.

Bundan əlavə, Azərbaycan Prezidentinin Moskvada keçiriləcək 9 May paradında iştirakı gözlənilir ki, bu da Rusiya ilə münasibətlərdə yeni dövrün başlanması üçün addım ola bilər. Çünki təyyarəmizin vurulmasından sonra prezident İlham Əliyev Rusiyaya səfər etməyib. Eyni zamanda Rusiya lideri ilə görüşdə təyyarənin vurulmasının müzakirə ediləcəyi də istisna olunmur.

Amma hiss olunur ki, Rusiya təyyarənin vurulması hadisəsini unutdurmaq istəyir. Bu davranış isə strateji müttəfiqlik bəyannaməsinin ruhuna ziddir. Azərbaycan Rusiyaya qarşı həmişə səmimi, dost davranıb, diplomatik addımlarında şimal qonşumuzun həssaslığını nəzərə alıb. Kreml isə vətəndaşlarımızın həlak olması ilə nəticələnən təyyarənin vurulması ilə bağlı Bakının gözlədiyi reaksiyanı hələ də verməməkdədir. Ona görə də son günlər Rusiyadan gələn bəyanatlar fonunda münasibətlərin inkişafına yenidən baxılacağı gözlənilir.

Azərbaycanda "Rus Evi" bağlanır - BBC News Azərbaycanca

Yeri gəlmişkən, Moskvanın əlaqələri normallaşdırmaq istiqamətində son addımları sırasında ötən ay Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya səfəri də vurğulanmalıdır. Matviyenko bildirmişdi ki, Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Rusiya istintaq orqanları tərəfindən araşdırılır və ona obyektiv qiymət veriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd etmişdi ki, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun martın 16-17-də Bakıya səfərinin nəticələri həm Rusiya, həm də Azərbaycan tərəfdən yüksək qiymətləndirilib. Onun sözlərinə görə, bu səfər həm iki ölkənin mətbuatında, həm də bütövlükdə dünyada geniş işıqlandırılıb. Sitat: “Proqram çox zəngin olub. Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib, Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib, parlamentlərarası əməkdaşlıq üzrə ikitərəfli komissiyanın 22-ci iclasının açılışında iştirak edib”.

WhatsApp Image 2025-04-08 at 11.09.20.jpeg (142 KB)

Elman Nəsirov

İki ölkə əlaqələrinin gələcəyi ilə bağlı danışan deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, imzalanmış birgə bəyannamə münasibətlərimizin məlum səviyyəsini təmin edib: “Fundamental məsələlərdə hər iki dövlətin mövqeyi üst-üstə düşür. Həm siyasi reallıq, həm də ticari-iqtisadi münasibətlər inkişaf tempinə malikdir. Lakin AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra ikitərəfli münasibətlərdə soyuqluq hiss olunmağa başladı. Həmin dövrdə cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, yenidən prinsipial və qətiyyətli mövqeyini ortaya qoydu. Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluğa əsaslanır. Azərbaycan və Rusiya strateji tərəfdaş, müttəfiqdirlər, ancaq bu o demək deyil ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, o cümlədən milli maraqlarla bağlı məsələlərdə kiməsə güzəştə gedə bilər”.

E.Nəsirov qeyd etdi ki, heç kim bizdən belə yanaşma gözləməsin: “Təyyarə qəzasından sonra Azərbaycan Prezidenti bildirdi ki, birincisi, Rusiya rəsmi qaydada üzr istəməlidir, ikincisi, təzminat ödənməlidir, üçüncüsü isə cinayətkarlar cəzalandırılmalıdır. Birinci və ikinci məsələlər öz həllini tapıb. İstərdik ki, cinayətkarlar da tez zamanda cəzalandırılsın. Bütün bu addımlar münasibətlərdəki gərginliyin aradan qaldırılmasına xidmət edir. Rusiyanın yüksək rütbəli şəxslərinin, xüsusilə Valentina Matviyenkonun Azərbaycana səfəri qarşı tərəfin ölkəmizlə münasibətlərin konstruktiv səviyyədə qalmasında maraqlı olmasının göstəricisi kimi qiymətləndirilə bilər”.

Onun sözlərinə görə, martın 15-də Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər: “Putin Prezident İlham Əliyevi İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Bütün bunlar ilk növbədə münasibətlərdə gərginliyi aradan qaldırmağa xidmət edir. Hesab edirəm ki, ikitərəfli münasibətlərin inkişafı üçün ciddi əngəl yoxdur. Qarşıya çıxan problemlər dərhal həllini tapmalıdır. Hər bir halda, Rusiya Azərbaycanın prinsipial məsələlərdə qətiyyətli mövqe ortaya qoyduğunu və öz haqqını müdafiə etdiyi gördü. Bu da çox önəmli mesaj idi”.

E.Nəsirov sonda əlavə etdi ki, Azərbaycan ənənəvi mehriban qonşuluq münasibətlərinin qorunub saxlanmasında hər zaman maraqlıdır.

Yada salaq ki, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur. Bu münasibətlə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub. Bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Ceyhun Bayramov məktubda bildirib ki, ötən onilliklər ərzində iki arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib. XİN başçısı vurğulayıb ki, bu gün intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik çərçivəsində qarşılıqlı fəaliyyət səmərəli şəkildə möhkəmlənməkdə davam edir.

Nazir onu da əlavə edib ki, Azərbaycan-Rusiya münasibətləri hər iki dövlətin və xalqların mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaq.

Nigar HƏSƏNLİ,
"Yeni müsavat"

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR