İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı merinin “qarı əhali özü təmizləsin” çağırışına reaksiya

Natiq Cəfərli: “Dünyanın heç bir yerində belə şey görünməyib”

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətləri, kommunal və təsərrüfat xidmətlərinə müvafiq hazırlıq tədbirləri görmələri, qışa hazırlıqla bağlı yaradılan qərargahların və aidiyyəti təşkilatların əməkdaşlarının iştirakı ilə treninqlərin keçirilməsi tapşırılıb.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti İdarə, təşkilat və özəl qurumlar, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyətə və Bakı sakinlərinə müraciət edərək qarlı günlərdə təmizlik işlərində fəal olmağa, Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırıb.

Müşavirədə paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib, qeyd edilib ki, son 6 ay ərzində bu hallar 2,5 dəfə azalsa da, yenə də bəzi rayonlarda yer almaqdadır. Toplantıda neqativ halların daha çox qeydə alındığı rayonların İcra Hakimiyyəti başçılarına əraziyə zəif nəzarət və çatışmazlıqlara görə ciddi xəbərdarlıq edilib. Onların nəzərinə çatdırılıb ki, rayon ərazisində baş verən bütün qanunsuzluqlara şəxsən cavabdehlik və məsuliyyət daşıyırlar.

Beləliklə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun dediyi bu fikirlər cəmiyyətdə xeyli müzakirə yaradıb. Eldar Əzizovun sözündən belə çıxır ki, qarşıda güclü qar, yağış olarsa, əhalinin yolları özü də təmizləməli olacaq.

Ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirib ki, bu tip açıqlamalar bir daha onu sübut edir ki, icra hakimiyyətləri artıq öz “miladını” doldurublar:

natiqjpg-1636968292.jpg (42 KB)

“Əgər seçilmiş bələdiyyə sədri və yaxud meri olsaydı, çıxıb bu sözləri heç vaxt deməzdi, çünki gələn dəfə heç kim onu seçməzdi. Ona görə ki, vətəndaş öz borcunu yerinə yetirərək, vergilərini ödəyir, bu vergilərlə dövlət qurumları öz fəaliyyətini tənzimləyir, onlara maliyyət yardımı ayrılır, o cümlədən büdcədən Bakı Şəhər İcra Hakimiyyətinə külli miqdarda vəsait ayrılır. Bu vəsait hesabına da şəhər təsərrüfatını normal vəziyyətdə saxlamalıdırlar.

Zatən həyəti olan hər kəs öz həyətini, evinin qarşısını təmizləyəcək, bunu deməyə heç ehtiyac da yoxdur. Qanunla yolların, dükanların, ticarət obyektlərinin qarşısının təmiz saxlanılması şəhərin təsərrüfat sisteminin boynunun borcudur, bunun vətəndaşlara yüklənilməsi doğru deyil.

O ki qaldı küçə ticarətinə, məlum məsələdir ki, Bakı şəhərində uzun illərdir ki, küçə ticarəti mövcuddur. Əksəriyyət düşünür ki, küçə ticarəti hansısa qanunla tənzimlənməlidir, çünki onun ləğvi insanların yoxsullaşmasına, işsizliyə gətirib çıxarır. Qeyd edək ki, hazırda küçə ticarəti ilə məşğul olunanlar aşkarlandıqda 80 manat cərimə olunur. Bu, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində ("Qanunsuz küçə ticarəti" adlı maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunur) əksini tapıb”.

Ekspert Natiq Cəfərli qeyd etdi ki, dünyanın ən inkişaf etmiş, turizm ölkələrində, mərkəzlərində küçə ticarətləri fəaliyyət göstərir:

“Görürük ki, həmin  ölkələrdə və yaxud mərkəzlərdə küçə ticarəti normal olaraq şəhər həyatının tərkib hissəsidir. Sadəcə bu məsələni normal şəkildə tənzimləmək lazımdır. Küçə ticarətini polislə boğmaq və yaxud qadağan etməklə deyil, müəyyən qaydalar yaradıb, addımlar atılmalı, çox kiçik rüsumlar hesabına fəaliyyətinə icazə verilməlidir.

Lakin indi sanki “qaçdı-tutdu” oyunu gedir. Polislər tez-tez gəlib, küçə ticarətçilərinə müdaxilələr edirlər. Heç də gizlin deyil ki, burada korrupsiya halları da olur.

Əgər küçə ticarətinə tələbat varsa,  müəyyən iş yerləri yaradırsa, vətəndaşlar üçün də sərfəlidirsə, işə gedib-gələndə yol kənarından məhsul ala bilirsə, sadəcə məsələni tənzimləməlidirlər. Əlbəttə ki, əgər insan sağlamlığına zərər məhsullar satılırsa, qarşısı alınmalıdır. Digər hallarda küçə ticarətini qadağa etmək hansısa yolla mübarizə aparmaq heç mümkün də deyil. Dünyanın heç bir yerində belə şey olmayıb. Hətta Sovet dövründə belə küçələrdə xırda küçə ticarəti ilə məşğul olanlar var idi. Xatırlayıram ki, uşaq ikən metro stansiyalarının çıxışlarında, digər yerlədə  tumlar, şirinquşlar satılırdı. Yəni. hətta o zamanlar belə keçə ticarətinin müəyyən elementləri var idi”.

Xatırladaq ki, Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. İndiyə qədər ötən vaxt ərzində paytaxt əhalisi 3 dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. 

Bəs paytaxt Bakıdakı qeyri-qanuni tikintilərlə bağlı məsələ necə tənzimlənməlidir?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev danışıb:

elnur-ferzeliyev.jpg (200 KB)

“Qeyri-qanunu tikili dedikdə, bu gün Bakıda yerləşən 500 min qeyri-qanunu tikililərdən söz açılır. Əslində mən onlara heç də qeyri-qanuni tikili deməzdim, çünki onların hər birinin hansısa formada sənədi var. Bu sənəd bələdiyyə tərəfindən və yaxud icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və yaxud da hanssıa  dövlət qurumu tərəfindən verilmiş, möhürlü imzalı sənəd ola bilər. Vətəndaş həmin sənədlə torpaq alır və onun üzərində bina tikir. Bu da faktdır ki, qeyri-qanunu hesab edilən həyət evlərinin qaz, işıq xətləri olur, sayğaclar qoyulur, sənədləşmə isə həmin mənzildə yaşayan şəxslərin adına verilir. Hətta əksər hallarda vətəndaşlar həmin qeyri-qanuni tikilmiş mənzillərdə qeydiyyata da düşə bilirlər. Sadəcə burada həm dövlətin, həm də vətəndaşın problemi ondan ibarət olur ki, həmin mənzilə çıxarış verilmir. Çıxarış verilməyən həmin mənzil satılanda dövlət oradan vergilərdən yaralana bilmir.  Normal halda çıxarışı olan mənzilin satışından hər kvadrata görə dövlətə vergi ödənilir. Alqı-satqı notariusda aparılanda həmin notarius qazanır, banklar faiz tutur və həmin mənzillər sığorta ala bilir”.

Ekspert qeyd edib ki, paytaxtın indiki qeyri-qanuni tikili, artırmalar məsələsi gələcəkdə Baş Planın həyata keçirilməsində problemlər yaradacaq:

“Qeyd etdiyim ki, bu cür qeyri-qanuni tikili və yaxud artırmalar olanda mütləq şəkildə müxtəlif qurumların səlahiyyətli nümayəndələrinin məlumatı olur. Hazırda Bakı ərazisində təxminən 2 min yeni tikili, yəni bina var. Bu cür binaların hər birini təxminən 100 mənzildən hesablasaq, bu çox böyük rəqəm edir. Bu binalar tikilən zaman binalar arası məsafələr qorunmayıb, yaşıllıqlar sökülüb və sairə. Yeni tikililər yaradılanda həmin binalarda yaşayacaq insanların övladları üçün məktəb tikintiləri nəzərə alınmayıb. Ona görə də bu gün paytaxt məktəblərində bəzən bir sinfə 40 şagird düşür.

Həmçinin yeni tikililərin, əhalinin sayı artırsa da, yeni nəqliyyat yollarının çəkilməsi mümkün olmur ki, bu da tıxaclara gətirib çıxarır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR