Onlayn ictimai-siyasi qəzet
Bu addım ictimai nəzarətin effektli təşkili baxımından vacibdir
İctimai asayişin qorunmasında iştirak edən vətəndaşların xüsusi geyim forması olacaq. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Müvafiq qərara edilən dəyişikliklə polisə ictimai dəstək olanlar mülki inspektor hesab ediləcək və bu, onlar üçün hazırlanan xüsusi geyim formasının üzərində həkk olunacaq. Qərar respublika daxili işlər orqanlarında artıq elan olunub.
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, vətəndaş cəmiyyəti strukturlarının ictimai nəzarət funksiyasını yerinə yetirmələri yaxşıdır. Sadəcə, bunun üçün müvafiq şəraitin yaradılması çox vacibdir: “Buna qədər də Azərbaycan Respublikası Konstitusiyasında ictimai nəzarətlə, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı müddəalar yer alıb. Vətəndaş cəmiyyətinin əsas vəzifəsi vətəndaşların könüllü təşkilatı olaraq ictimai problemləri aşkar etmək, asayişin bərqərar olunması üçün əlindən gələni etmək, təkliflər vermək, bütünlükdə vətəndaşla dövlət orqanları arasında körpü rolunu oynamaq, eyni zamanda tədqiqatların aparılması, şəffaflıq hesabatlarının verilməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsidir. Polisə ictimai dəstək vətəndaş cəmiyyətinin müasir çağırışlara bir növ cavabıdır. Bu addım ictimai nəzarətin effektli təşkili baxımından vacibdir. Bu gün milli maraqlarımızın qorunması ölkədə sabitliyin təminindən keçir. Azərbaycan olduqca həssas bir dönəm yaşayır. Şimal qonşumuzla münasibətlərin soyuması fonunda bu ölkədən əmək miqrantlarının qovulması çağırışları hər gün daha çox eşidilir. Bilirik ki, Rusiyada xeyli vətəndaşımız bazarlarda çalışır, orada illərdir ki, qalıb ailələrinin təminatını təşkil edirdilər. Ölkəyə əmək miqrantlarının qaytarılması əmin-amanlığın qorunmasını zəruri edir. Dünyada qəbul edilmiş təcrübə budur ki, mühüm iqtisadi-siyasi dəyişikliklər dövründə, yaxud böhran situasiyalarında ictimai nəzarət güclü olmalıdır. Dünyanı ağuşuna alan böhran istər-istəməz Azərbaycana da öz təsirlərini göstərir. Bu isə ümumən Azərbaycan dövlətinin inkişafı, qarşıda duran və mümkün problemlərinin həlli istiqamətində yeni bir mərhələdir”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ