İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aztelekom” və “Baktelecom” müştəri məmnuniyyəti üzrə artım nümayiş etdirib

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-nin müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində artım qeydə alınıb. Aparılan sorğuların nəticələrinə əsasən, 2024-cü ilin ilk rübündə “Aztelekom”un regionlarda Müştəri Loyallığı İndeksi (Net Promoter Score – NPS) 2023-cü ilin son rübü ilə müqayisədə 21 bal, “Baktelecom”da isə 27 bal artıb. Qeyd edək ki, burada əsas təşviq faktoru internetin sürəti və sabitliyidir. Sorğuda vətəndaşların markalara – xidmətin keyfiyyətinə, qiymətlərə münasibəti öyrənilib və qurumlar müvafiq göstəricilərin inkişafı ilə diqqət çəkib.

Həmçinin müştəri sorğularının işlənməsi və cavablandırılmasının təkmilləşdirilməsi, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası vasitəsilə yüksəksürətli, genişzolaqlı internet xidmətlərinin göstərilməsi, internet sürətinin daha yaxşı təmin edilməsi üçün şəbəkənin təkmilləşdirilməsi və il ərzində digər planlaşdırılmış strateji təşəbbüslər müştəri məmnuniyyətini təmin edən faktorlardır.

Məlumat üçün bildirək ki, NPS müştəri məmnuniyyətini ölçən və biznesin böyüməsini proqnozlaşdıran sistemdir və dünya miqyasında ən böyük şirkətlər ondan istifadə edirlər.

Müştərilərin rahatlığı və məmnunluğunu təmin etmək üçün müraciətlərin Avtomat Telefon Stansiyası (ATS) və filiallardan Çağrı Mərkəzi ilə yanaşı, müxtəlif onlayn platformalara yönləndirilməsi geniş şəkildə təşviq edilir.

Görülən işlərin nəticəsi olaraq, cari ilin ilk rübündə “Aztelekom”un saytı, müvafiq sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı vasitəsilə daxil olan 24 mindən çox sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83% çoxdur. Həmçinin şirkətin 24/7 rejimində fəaliyyət göstərən “170” Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin ilk rübü ərzində 240 minə yaxın zəng emal edilib. Bu da ötən ilin müvafiq dövründə qeydə alınmış göstərici ilə müqayisədə 35% çoxdur.

Eyni zamanda cari ilin ilk rübündə “Baktelecom”un saytı, müvafiq sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı vasitəsilə daxil olan 12 minə qədər sorğu emal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% çoxdur.

Həmçinin qurumun 24/7 rejimində fəaliyyət göstərən “155” Çağrı Mərkəzi tərəfindən 2024-cü ilin ilk rübü ərzində 174 mindən çox zəng emal edilib.

Qeyd edək ki, ölkə ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkə qurulması işləri planlı şəkildə davam etdirilir. Layihənin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2,29 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 78%-ni təşkil edir. Layihənin icrasına başlanıldığı 2021-ci ildən etibarən Bakı şəhərində genişzolaqlı internetin əhatəsi 5 dəfə genişlənib və 0,99 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu, paytaxtda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-ni təşkil edir.

Əlavə olaraq bildirək ki, şirkət iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-yə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-yə qədər artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR