İnsanlara hürriyət, millətlərə istiqlal!

Azğın marşalın aqibəti – “Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər...”

Sovet dövründə marşal rütbəsi daşıyan dörd adam edam edilib. Bu edamların dördü də Stalinin vaxtında olub. Mixail Tuxaçevski, Vasili Blyuxer və Aleksandr Yeqorovdan sonra edam edilən dördüncü marşal Qriqori Kulik olub.

Marşal Kuliki 1950-ci il avqustun 24-də, üç il həbsdə saxlandıqdan sonra generallar Filipp Rıbalçenko və Vasili Qordovla birlikdə edam ediblər. Güllələndikləri gün Kulikin 59, Qordovun 53, Rıbalçenkonun 52 yaşı olub. Vaxtilə orduda yüksək vəzifələr tutan marşal və generallar dövlətə xəyanətdə və SSRİ rəhbərlərinə qarşı sui-qəsdlər hazırlamaqda ittiham olunublar. Qəddar cəzaya səbəb ali rütbəli zabitlərin içki məcslisində sərxoş halda İosif Stalin və Lavrenti Beriyanı söyüb-yamanlaması olub.

Onların üçü də sovet-alman müharibəsi illərində komandanlıq məntəqələrində buraxdıqları səhvlərə görə cəzalı imişlər. Hələ müharibədən qabaq marşal rütbəsinə və orden-medallara layiq görülən Kulik 1942-ci ildə Kerçi almanlara təslim etdiyinə görə gözdən düşüb. Onun rütbəsini general-mayora endirblər, Sovet İttifaqı Qəhrəmanı adından, üç “Lenin” ordenindən və üç “Qırmızı Bayraq” ordenindən məhrum ediblər. Bu, Kuliki son dərəcə incik salıb və özünə yaxın hesab etdiyi adamların yanında Stalinin, Beriyanın və Bulqaninin qarasınca danışmağa başlayıb. Kulik və ona qoşulmuş generallar sovet rəhbərliyini səriştəsiz adlandırır, peşəkar hərbçiləri sıxışdırmaqda ittiham edirmişlər. Kulikin içki məclisində gizli yazılan səs yazısını dinləyən Stalin başa düşüb ki, 1918-ci ildən tanıdığı və dost saydığı adam bu qədər cəzadan sonra ağıllanmayıb, düşmənə çevrilib.

kulik.JPG (45 KB)

Stalin hələ vətəndaş müharibəsində Kulikin döyüş keyfiyyətlərini yüksək qiymətləndiririb. Keçmiş çavuş o zaman Stalinin “Tsaritsın dairəsi”nin üzvü olub və 1-ci süvari ordusunda artilleriyaya komandirlik edib. 1939-1940-cı illərdə Kulik Xalxın-Göldəki döyüşlərdə, Polşada yürüşdə və Finlandiya ilə müharibədə iştirak edib və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

1940-cı ilin aprelində Stalin Kulikdən həyat yoldaşı Kira Simoniçdən boşanmağı xahiş edib. Çünki bu qadın etibarsız hesab edilirdi və nasist İtaliyasına casusluqda şübhəli bilinirdi. Mayın 5-də qadın evi tərk edib və birdəfəlik yoxa çıxıb. İki gün sonra Kulik "təzminat" olaraq marşal rütbəsi alıb.
“Bu rütbəni mənə həyat yoldaşıma görə veriblər. Səs-küy salmayım deyə”, - Kulik yaxınlarına şikayətlənirmiş.

Yalnız Beriyanın həbsindən sonra məlum olub ki, Simoniç Beriyanın əmri ilə qaçırılıb və məhkəməsiz güllələnib. O zamanlar bu, adi iş olub: təhlükəsizlik işçiləri dövlətin yüksək vəzifəli şəxsləri - Vyaçeslav Molotov və Mixail Kalinin və Stalinin köməkçisi Aleksandr Poskrebışevin həyat yoldaşlarını eyni şəkildə həbs ediblər.

kulikler.JPG (58 KB)

Sovet marşalları: Klim Voroşilov, Semyon Budyonnı, Semyon Timoşenko, Qriqori Kulik və Boris Şapoşnikov

Digər yüksək vəzifəli şəxslərdən fərqli olaraq, Kulik uzun müddət yas tutmayıb, elə həmin ay 18 yaşlı qızı Valentina ilə həmyaşıd olan Olqa Mixaylovskaya ilə tanış olub və evlənib. Qız ondan 30 yaş kiçik olub.
Alman qoşunları sürətlə Krıma soxulduqları vaxt marşal Kulik Kerçi saxlamalı olduğu halda, baş qərargahın icazəsi olmadan qoşunların Kerç yarımadasından Tamana köçürülməsini əmr edib. Təxliyyə izdihama çevrilib. Baş verənlərdən xəbər tutan Stalin olduqca hiddətlənib və Kuliki cəzalandırıb. Kerçin təslim, Rostovun tərk edilməsinə görə ona "məğlubiyyət davranışı" ittihamı əlavə ediblər və marşalı "sistematik sərxoşluq, pozulmuş həyat tərzi və dövlət əmlakını oğurlamaq"da təqsirləndiriblər.

Gerçəkdən də daima sərxoş olan Kulik özünü təmin etmək və dövlət əmlakını oğurlamaqla, dövlət vəsaitindən yüz minlərlə rubl xərcləməklə məşğul olub.

Nikita Xruşov öz memuarlarında qeyd edib ki, bir neçə dəfə Stalinin gözünü marşal Kulikə açmağa çalışıb, ancaq baş komandan ona qulaq asmayıb və onu qınayıb ki, Xruşov Kuliki tanımır, Stalin özü isə çoxdan tanıyır.

Xruşov qeyd edib ki, Kulik ordu üçün ibtidai adam idi, yüksək vəzifəyə təyin olunmağa layiq deyildi, amma güllələnməyə də layiq deyildi.

Kulik haqqında belə söhbətlər də var ki, o, dəfələrlə Sverdlovskdakı ailəsinə təyyarə ilə meyvə, un, yağ, naringi, kürü, konyak və digər qıt mallar göndərib və Stalin bundan xəbər tutanda qəzəblənib.
Sonralar Krımdakı hərəkətlərini izah edən Kulik belə bir izahat verib: “Kerçi müdafiə etmək üçün heç bir şeyim yox idi. Oraya səfeh bir dəstə toplanmışdı - sadəcə, bir dəstə. Ordu dəstəyə çevrilmişdi! İçki içib qadınlara təcavüz edirdilər. Belə bir ordu ilə Kerçi saxlaya bilərdimmi? Mən çox gec gəlmişdim - vəziyyəti xilas etmək mümkün deyildi”.

edamlll.JPG (57 KB)

Kulik Kerçin süqutundan sonra Jukovun sayəsində 4-cü ordunun komandanlığına təyin edilib. Voronej cəbhəsinin tərkibində 1943-cü ildə Belqorod-Xarkov istiqamətində strateji hücum əməliyyatında iştirak edib. Xruşov kimi, marşal Aleksandr Vasilevski də "Bütün həyatın işi" kitabında Kulik haqqında mənfi səciyyəli fikirlər yazıb: "Müharibənin əvvəlində o, Qərb istiqamətində qərargahın tapşırıqlarını uğursuz yerinə yetirdi, sonra Leninqrad yaxınlığındakı ordulardan birinə eyni dərəcədə zəif komandanlıq etdi. Mənfi şəxsi keyfiyyətlərinə görə o, qoşunlar arasında hörmətə malik deyildi və qoşunların hərəkətlərini mütəşəkkil şəkildə idarə etməyi bacarmırdı”.

1944-1945-ci illərdə Kulik Müdafiə Nazirliyinin ordu quruculuğu baş idarəsinin rəis müavini vəzifəsində işləyib, amma həmin vəzifədən qalmaqalla ayrılıb. Xidmət yoldaşları onun haqqında ittihamedici sübutlar toplayıblar, Kulikin Moskva yaxınlığında şəxsi bağ evinin tikintisində əsgərlərdən istifadə etdiyini, əlavə olaraq Krımda bir bağ evini bütün əmlakı ilə birlikdə mənimsədiyini göstəriblər.

Bununla belə, Stalin Kulikə daha bir şans verib, onu Volqa hərbi dairəsi komandirinin müavini təyin edib. 1947-ci ildə isə Kulikin Moskvada, “Moskva” mehmanxanasındakı otaqda təşkil etdiyi içki məclisində danışdıqları onun taleyini həll edib.

Xruşovun dövründə cinayət tərkibi olmadığı üçün onlara qarşı iş xətm edilib. Edamlarından sonra Kulik, Qordov və Rıbalçenkonun hərbi rütbələri və dövlət mükafatları bərpa olunub.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR