Onlayn ictimai-siyasi qəzet
Azərbaycan II Liqasında XXIII turun oyunları keçirilib.
"Şəki Siti" doğma meydanda "Cəbrayıl"ı qəbul edib.
Qonaqların 3 xalın qapısını erkən aralayıb. Tapdıq Əhmədovla Elşad Əliyev 12-13-cü dəqiqələr aralığında hərəyə bir dəfə fərqlənərək, ev sahiblərinin əl-ayağını soyudub.
600-ə yaxın azarkeşin dəstəyi ilk yarım saatda «Şəki»nin karına gəlməyib. Yalnız 33-cü dəqiqədə penalti vurmaq imkanı əldə ediblər və Tural Məmmədzadə fürsəti qaçırmayıb.
Son vaxtlar əla forma yığan və vurduğu qolları Ronaldosayağı qeyd etməsiylə mətbuatın ilgisini özünə çəkməyi bacaran Məmmədzadə bir də 30 dəqiqə sonra diqqət mərkəzinə düşüb.
O, Mahmud Bağırzadənin verdiyi sarı vərəqəylə razılaşmayıb, baş hakimlə mübahisəni davam etdirib. Belədə önündə daha bir kart görüb və meydandan uzaqlaşdırılıb.
Kadrlardan görünür ki, tərəflər arasında əməllicə söyüşmə olub. Referinin üz cizgilərindən görünür ki. o da «dilini dinc saxlamır», futbolçunun ünvanına nələrsə deyir.
Azlıqda qalan şəkililəri bir də Nurlan Quliyev cəzalandırıb. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 49-a yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 35 xalı olan "Şəki Siti" isə 7-ci yerdədir.
SPORTİNFO.AZ
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ