İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla “soyuq müharibə” aparan üç ölkə

Sabiq nazir: “Bu ölkələrlə Ermənistan arasında heç bir fərqi yoxdur”

Prezident İlham Əliyev ötən həftə TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bəyan edib ki, azı üç ölkə Azərbaycana qarşı “soyuq müharibə” elan edib: 

“İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri bizə qarşı əsassız və vicdansız hücumlara başlayıb. Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Əfsus ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir”.  

Onlardan birinin Fransa olması bəllidir. Çünki Fransanın ölkəmizə olan düşmənçiliyi ortadadır. Ona görə ki, Fransanın Azərbaycana qarşı qərəzli, xoş olmayan münasibəti artıq bir tendensiyaya çevrilib. O üzdən, bu dövlətlərin öndə gedəni Fransadır. Digər iki Avroittifaq dövlətinə gəldikdə isə, burada ekspertlərin fikri maraqlıdır.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov bu üç ölkə ilə Ermənistan arasında heç bir fərq görmür: “On illər ərzində Qərbin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə qarşı sərgilədiyi ədalətsiz münasibət ortadadır. İşğalçını dəstəkləyənlərin, onun mövqeyini rəsmi platformalarda müdafiə edənlərin işğalçıdan heç bir fərqi yoxdur. Bu sırada dünyanın 50-dən artıq dövlətinin ərazisini işğala məruz qoymuş, həmin dövlətlərin sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlayaraq onlara qarşı ağlasığmaz vəhşiliklər törətmiş və bu əməlləri indi də davam etdirən Fransa kimi bir dövlətin, sivil, demokratik ölkə imici yaratmaq cəhdləri nə qədər iyrəncdir. Dünyada bu qədər cinayətlər törətmiş bir dövlətin kiminsə hüquqlarını obyektiv müdafiə etməyə qalxması sadəcə absurddur! Tarixdə törətdiyi əməllərə görə utanıb, xəcalət çəkmək, soyqırıma məruz qoyduğu xalqlardan üzr istəmək əvəzinə, özünün ”demokratik ölkə" imicini yaratmaq qədər həyasız olmaq ancaq Fransa kimi dövlətlərin işi ola bilər. Fransa dünyada  törətdiyi bu əməllərin qarşılığında, gerçəkdən ləyaqətini itirmiş bir dövlət imici formalaşdırıb! Bu gün onun başında dayanan Emmanuel Makron da fransız xalqının çoxluğunun səsini almış siyasi dəllal kimi görünür. İşğalçı dövlətə yalnız siyasi dəllal rəhbərlik edə bilər!

Prezident İlham Əliyev ötən həftə TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirdi ki, azı üç ölkə Azərbaycana qarşı “soyuq müharibə” elan edib. Onun səsləndirdiyi fikirlər ilk növbədə Qərbin ikiüzlü siyasətinin önündə gedən Fransa, Almaniya və Niderland kimi ölkələrə aiddir. Mahiyyət etibarilə bu ölkələrlə işğalçı Ermənistan arasında heç bir fərqi yoxdur. 

Bunların ölkəmizə sərgilədiyi münasibətə Azərbaycanın cavabı tam başqadır. Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir.

Avropa İttifaqı ilə Azərbaycan arasında 22 aprel 1996-cı il tarixdə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanıb. Həmin saziş 1 iyul 1999-cu il tarixdə qüvvəyə minib. Sənəd Avropa İttifaqı ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir və əməkdaşlığın formatını müəyyən edir. On il müddətinə imzalanmış sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 7 noyabr 2006-cı il tarixdə enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlığın başlıca hədəfi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsini təmin etməkdir. Azərbaycanla Avropa Birliyi arasında digər sahələrdə də əməkdaşlıq etməyə dair sənədlər imzalanıb.

Göründüyü kimi, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkə statusunu qazanıb. Azərbaycan onun suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan istənilən tərəflə qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıq etməyə hazırdır. Avropada bunu kimlərsə görmək istəməsə də, bu reallıqdır və bizə qarşı olanların həmin reallıqları qəbul etməkdən başqa yolları yoxdur. 

Azərbaycan onun haqq işinə qara ləkə salmaq istəyənlərin cavabını hər zaman layiqli şəkildə verməyə hazırdır. Fransa və onun yedəyində gedənlər isə etdikləri haqsızlıqların cavabını həmişə alacaqlar".

Aydın Mirzəzadə: ABŞ Prezidenti Azərbaycanda gedən islahatlara yüksək  qiymət verir - AZƏRTAC

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bu ölkələrin öz imiclərinə ciddi zərbə vurduqlarını söylədi: “Cənab Prezident açıq şəkildə bildirdi ki, bu ölkələrin adları məlumdur. Bu ölkələrin həm administrasiyası, həm də parlamentləri vaxtaşırı Azərbaycana qarşı qərəzli fikirlər bildirirlər. Bununla da, heç də Azərbaycanın demokratik inkişafına, öz müstəqilliyini möhkəmləndirməsinə maneçilik törədə bilməyəcəklər. Əksinə, özlərinin Avropada və beynəlxalq birlikdə siyasi nüfuzlarına ağır zərbə vururlar”. 

Elxan Şahinoğlu: “Əsas hədəf ticarət dövriyyəsini artırmaqdır”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu təxminlərini bu cür bölüşdü: “Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə azı üç ölkənin Azərbaycana qarşı ”soyuq müharibə" elan etdiyini bildirib. Aydındır ki, bunlardan biri Fransadır. Digər iki ölkədən birinin Hollandiya olduğunu söyləmək mümkündür. Çünki bu ölkənin rəsmiləri və deputatları da fransalı həmkarları kimi, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verirlər. Azərbaycan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı həyata keçirdikdən sonra Niderland parlamentində Ermənistana silah satışı məsələsi müzakirə olunmuşdu. Niderlandın xarici işlər naziri Azərbaycan əleyhinə açıqlamaları ilə yadda qalmışdı. O, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini gündəmə gətirmişdi. Həmin nazir Azərbaycanın guya Ermənistana hücum əməliyyatı hazırladığını söyləmişdi. Niderlandın islamofob siyasətçiləri də az deyil. Fikrimcə, Avropa İttifaqının anti-Azərbaycan mövqeyi ilə seçilən üçüncü dövləti Belçikadır. Bu ölkənin parlamenti də Azərbaycana qarşı ədalətsiz qətnamələr qəbul edib və Belçika hökuməti bunun qarşısını almayıb. Əksinə, Belçikanın xarici işlər naziri ötən il Azərbaycan əleyhinə bir neçə dəfə açıqlama səsləndirmişdi. Avropa İttifaqının iki üzvü olan Yunanıstan və Kipr Respublikası da Ermənistana dəstəklərini əsirgəmirlər. Ancaq Yunanıstan Azərbaycandan qaz aldığına görə, rəsmi Afina Paris kimi qatı anti-Azərbaycan mövqeyindən çıxış etmir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR