Onlayn ictimai-siyasi qəzet
Alyans generalı Bakıdadır, O’Brayn isə ölkəmizi NATO sammitinə dəvət edib; Azərbaycanın bloka üzvlük hədəfi yoxdur və doğru strategiyadır - siyasi və hərbi analitiklərin rəyi
Azərbaycanla NATO əlaqələri özünün yeni mərhələsinə qədəm qoyub. NATO-nun Baş katibi Yens Stoltenberq martda Azərbaycanda səfərdə olarkən bununla bağlı anons verilmişdi.
Artıq bu istiqamətdə praktiki fəaliyyətə start verilib. NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ölkəmizə səfər edib. İyulun 2-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Stefan Fikslə görüşüb. Tərəflər regional təhlükəsizlik, habelə Azərbaycan-NATO əməkdaşlığının cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. Bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib. O vurğulayıb ki, ABŞ dövlət katibi Entoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir.
Habelə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə olub. Səfər çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib. Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib. Bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanmasının 30-cu ildönümü tamam olur. Bəs NATO ilə konkret hansı formatlı əməkdaşlıqlar nəzərdə tutulur və Azərbaycanın milli, regional maraqlarına nələr uyğundur? NATO ilə əməkdaşlığın dərinləşdirilməsi Türkiyə üzərindən həyata keçiriləcək, yoxsa birbaşa əlaqələr daha effektivdir? Ümumiyyətlə, Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan edib ki, onlar nəinki NATO-ya üzv olmağa, hətta Avropa Birliyi ilə assosiativ saziş imzalamağa belə niyyətləri yoxdur. Azərbaycanın NATO ilə əməkdaşlığı fərdi tərəfdaşlıq proqramı çərçivəsində qalıb. İllərdir Azərbaycan NATO ilə fərdi tərəfdaşlıq proqramı çərçivəsində tərəfdaşlıq edir. Ölkəmiz 1997-ci ilin iyulunda NATO-nun Avroatlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Həmin il Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. İki il sonra isə Azərbaycan NATO-nun rəhbərliyi ilə Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. Həmin vaxtdan başlayaraq, Azərbaycanın bu nüfuzlu qurumla münasibətləri getdikcə yaxşılaşıb.
Azad İsazadə
Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, indi alyans üzvü olmaq istəsək də mümkün deyil, səbəb bunun uzunmüddətli və mürəkkəb proses olmasıdır: “İnanmıram ki, birinci biz istəyək, ona da inanmıram ki, bizi tezliklə üzv qəbul edələr. Azərbaycanın NATO dövlətləri ilə strateji mövqeləri üst-üstə düşür, maraqlar uyğunlaşır. Biz NATO ordusu olan Türkiyə ilə birgə ordu qurmaqdayıq. Azərbaycan ordusu NATO standartlarına getdikcə yaxınlaşır. Amma siyasi aspektdən alyansa qoşulmağa gələcəkdə baxıla bilər”. Hərbi analitikin fikrincə, Ermənistanla sülh müqaviləsi imzalanmayıb və NATO-ya qoşulmaq kimi bir istək də gündəmdə deyil: “NATO Cənubi Qafqaz ölkələrini birgə qəbul etmək istəyəcək, ya da gələcəkdə bunu hansısa formada reallaşdırmağı nəzərdən keçirəcək. Hazırda bizim strategiyamız NATO-ya üzvlük niyyəti ortaya qoymadan, bu blok səviyyəsində ordu formalaşdırmaqdır”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Azərbaycan hərbi bloklara qoşulmasa da, NATO ilə əməkdaşlığın davamında maraqlıdır: “Çünki Azərbaycan Ordusu Türkiyə və deməli, NATO standartlarını mənimsəməyi qarşısına məqsəd qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modelinə çevrilməlidir" tezisi buna dəlalət edir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşüb. Bu görüşdə verilən isti mesajlar bir daha onu göstərir ki, əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır". Politoloq hesab edir ki, Azərbaycanın NATO üzvlüyü kimi hədəfi yoxdur, bu, doğru strategiyadır: “Belə bir hədəfi qoysaq belə, Şimali Atlantika Blokuna üzv olmayacağımız bir yana, şimal və cənub istiqamətindən artan təzyiqlə üzləşəcəyik. Bu bizə lazım deyil. Azərbaycan üçün NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə ilə hərbi strateji müttəfiqliyi gücləndirmək kifayətdir. Buna isə heç kim etiraz edə bilməz, bu reallığı Rusiya və İran da qəbul edib”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ