Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Qərb artıq çoxdan anlayıb ki, Bakı ilə güc dilində danışmaq ona yaxşı heç nə vəd edə bilməz”
“Sankt-Peterburqdan Hindistanın Mumbay limanına qədər uzanan, multimodal marşrut olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Qərbin sanksiyaları üçün əlçatmaz olacaq”.
Bu barədə “The New York Times”dakı məqalədə bildirilir.
Müəllifi iddia edir ki, əsrlər boyu Avropa ölkələri ilə ticarət əlaqələri Rusiya iqtisadiyyatı üçün “əsas” olub. Qərb Moskvaya qarşı görünməmiş sanksiya tədbirləri tətbiq etməyə başlayandan sonra isə sonuncu getdikcə Körfəz ölkələri, eləcə də Hindistan və Çinlə əlaqələrini genişləndirməyə başlayıb.
Materialda iddia olunur ki, “cənub marşrutu” Rusiya planlarının həlledici tərkib hissəsinə çevriləcək. Bildirilir k, Rusiyadan Hindistana uzanan marşrutun bu hissəsində uzunluğu 160 kilometr olacaq dəmir yolu xətti çəkiləcək: “Layihənin dəyəri 1,7 milyard dollara çatacaq. Bu nəqliyyat marşrutunun İranın Astara və Rəşt şəhərlərini, eləcə də İslam Respublikasının şimalını və Azərbaycanı Rusiya ilə birləşdirəcəyi gözlənilir. Bu, Fars körfəzindəki Rusiya və İran limanları arasında dəmir yolu xəttinin son keçidi olacaq və Hindistanın ticarət paytaxtı Mumbay kimi mərkəzlərə asan çıxışı təmin edəcək”.
ABŞ qəzetinin qənaətincə, sözügedən marşrut Rusiya mallarının ixracını artıracaq, eyni zamanda Çinlə ticarət əlaqələrini gücləndirəcək, çünki o, Moskva və Pekin arasında mövcud ticarət yollarını tamamlayacaq. “Bu, demək olar ki, 7 min kilometr uzunluğunda davamlı dəmir yolu xətti olacaq və Qərbin sanksiyaları üçün əlçatmaz olacaq”, - məqalədə deyilir.
Bəs qəzetin “arqumentləri” nə dərəcədə əsaslıdır? Qərbin nüfuzlu nəşri niyə narahatdır? Bu, Azərbaycanı hədəfə gətirmək cəhdidirmi?
Fikrət Yusifov
Mövzu ilə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirib: “Amerikanın nüfuzlu nəşrində yer almış bu fikirlər yalnız onu səsləndirən müəllifin düşüncələri və ya baxışları deyil. ABŞ rəsmi dairələri öz sözçüləri vasitəsilə mesajlarını lazımi ünvanlara çatdırmağa çalışırlar.
Biz bir məsələni unutmamalıyıq - ABŞ və bütövlükdə anqlosakslar Rusiya-Ukrayna münaqişəsində Rusiyanın uduzmasını deyil, zəifləməsini istəyirlər. Onlar Rusiyanın zəiflədib öz təsirlərində saxlamağa çalışırlar. Rusiya Qərbə və ilk növbədə ABŞ-a anti-Çin kartı kimi gələcəkdə daha çox lazım olacaq. Belə olmasaydı, ABŞ-ın dirijorluğu ilə son iki ildən çox zman kəsiyində Rusiyaya tətbiq edilən 20 minə yaxın sanksiyalar işləyər, bu ölkənin iqtisadiyyatında və xüsusilə onun hərbi sənayesində ən azından bir durğunluq qeydə alınardı. Lakin biz Rusiya-Ukrayna hərbi münaqişəsinin davam etdiyi iki ildən artıq dövrdə bunun tamamilə əksini görürük. Rusiya iqtisadiyyatı normal şəkildə inkişaf edir və beynəlxalq maliyyə institutları bu faktı öz rəsmi hesabatlarında təsdiq edirlər. Məsələnin daha diqqət çəkən məqamı isə odur ki, əksəriyyəti Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini əngəlləməyi hədəfləmiş sanksiyalar nəinki işləmir, əksinə, bu sanksiyaların tətbiqindən sonra Rusiyanın hərbi sənaye kompleksində istehsal olunan məhsulların həcmi son iki ildə 4 dəfəyə qədər, bəzi hərbi məhsullar üzrə isə 5-6 dəfəyə qədər arta bilib. Sual olunur, Rusiya onun hərbi sənayesi üçün lazım olan və ixracına qadağa qoyulmuş bu məmulatları hansı yollarla öz ölkəsinə alıb gətirir?
Burada biz bir daha onun şahidi oluruq ki, dünyada siyasət və geosiyasət yoxdur - biznes maraqları var. Rusiya həmin məhsulları onları istehsal edən Qərbin iri korporasiyalarından Ermənistan kimi üçüncü ölkələr vasitəsilə alıb gətirir. Maraqlıdır, Qərbin bundan xəbəri yoxdurmu? Əlbəttə ki, var! Ancaq Qərb ölkələri Ukraynadan daha çox onların büdcəsinə vergilər ödəyən öz korporasiyalarının normal fəaliyyətinin təmin olunmasında maraqlıdır. Heç kimin şübhəsi olmasın ki, Ukrayna müharibəsinin də kökündə böyük güclərin iqtisadi maraqları dayanır. Ukrayna bu maraqları əldə etmək üçün bir alətdir və Qərb bu alətdən çox məharətlə istifadə edir".
Fikrət Yusifov qeyd edib ki, “The New York Times”dakı məqalədə Sankt-Peterburqdan Hindistanın Mumbay limanına qədər uzanan, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Qərbin sanksiyaları üçün əlçatmaz olacaq kimi fikirlər isə təsadüfən yer almayıb: “ABŞ və ya Avropa İttifaqı bu dəhlizin fəaliyyətini məhdudlaşdıracaq sanksiyalara əl atsalar, onlar necə işləyə bilər? Rusiya-Qərb münasibətləri ortadadır, Azərbaycan Qərblə Rusiya arasında özünün balanslaşdırılmış neytral mövqeyini qoruyur, İran üçün bu yolla bağlı hər hansı bir sanksiya dünəndən işləyə bilməz, Hindistan isə bu dəhlizin işləməsində Rusiyadan heç də az maraqlı deyil. Bu dəhliz vasitəsilə Çində istehsal olunan malların daşınması isə dəhlizin əhəmiyyətini ABŞ-ın bir saylı rəqibi olan Çin üçün daha da artırır. Belə olduğu halda, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətini Qərbin hansı sanksiyaları məhdudlaşdıra bilər? Bu sırada Qərbin Azərbaycanın üzərinə gəlməsi mümkün deyil. Qərb artıq çoxdan anlayıb ki, Azərbaycanla güc dilində danışmaq ona yaxşı heç nə vəd edə bilməz”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ