Onlayn ictimai-siyasi qəzet
“Rusiya sülhməramlılarının bölgədən çıxması məntiqli və gözlənilən idi. Məlumdur ki, Rusiya sülhməramlıları bölgədə 2020-ci il noyabr ayında, Ermənistan kapitulyasiya olduqdan sonra yerləşmişdi. Anti-terror əməliyyatından sonra isə Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Azərbaycan nəzarəti ələ aldı”.
Bu fikirləri Musavat.com-a millət vəkili Aydın Hüseynov Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini şərh edərkən bildirib.
Aydın Hüseynov vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisindən çıxarılması ilə bağlı öhdəlik götürsə də, buna əməl etmirdi: “Suveren ərazilərimiz Azərbaycan ordusunun nəzarətinə keçdikdən sonra Rusiya sülhməramlı qüvvələrinin həyata keçirəcəyi elə bir funksiya qalmamışdı. Digər tərəfdən sülhməramlı qüvvələr bölgədə maksimum 5 il müddətinə yerləşməli idi. Bununla belə ölkə prezidentinin nüfuzu sayəsində, digər tərəfdən Rusiya prezidenti Vladimir Putinlə görüşərək bu məsələni həll etməsindən sonra sülhməramlılar ərazini tərk etdi. Bu isə bir daha onu göstərir ki, Azərbaycan öz suveren ərazilərində hakimiyyəti tam ələ alıb. Bu, ölkə prezidentinin qətiyyəti və Azərbaycan ordusunun gücü deməkdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ