Onlayn ictimai-siyasi qəzet
Astana sammiti COP29-a ev sahibliyi edəcək ölkəmiz üçün əlavə imkanlar açır
Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Çinə keçir. Assosiasiyanın növbəti sammiti gələn il Çində keçiriləcək. “Yeni Müsavat” bildirir ki, bu barədə Qazaxıstanın paytaxtında imzalanmış Astana Bəyannaməsində qeyd edilib. Bildirilib ki, ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclası 2025-ci ildə Çində keçiriləcək.
Qazaxıstan KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin də dəvətli olduğu, Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı təşkilata üzv ölkələrin liderləri 25 sənəd imzalayıblar. İmzalanan sənədlər arasında Astana Bəyannaməsindən başqa, Şanxay Əməkdaşlıq Təşkilatının 2035-ci ilə qədər İnkişaf Strategiyasının layihəsinə dair ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının qərarı, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair ŞƏT Xarici İşlər Nazirləri Şurasının təklifləri üzrə qərar, 2025-2027-ci illər üçün terrorizm, separatizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, 2024-2029-cu illər üçün Narkotiklərlə Mübarizə Strategiyasının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında qərar var. Bundan başqa, 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyası da imzalanıb.
İran nümayəndə heyəti may ayında helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin portretini Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə aparıb. Musavat.com xəbər verir ki, bu barədə görüntülər telegram kanallarında paylaşılıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib. Onu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri birlik haqqında Astana Bəyannaməsini imzalayıblar (Report).
“Rusiya həmişə Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarı olub və bununla bağlı dəfələrlə konkret təkliflər irəli sürüb”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə səsləndirib. Prezident qeyd edib ki, Ukraynadakı böhran ABŞ-ın yürütdüyü siyasətə görə yaranıb.
“ŞƏT-in regional antiterror strukturu universal mərkəzə çevriləcək”.
Bunu V.Putin ŞƏT sammitində deyib. Onun sözlərinə görə, Düşənbədə fəaliyyət göstərəcək narkotiklərlə mübarizə mərkəzi də yaradılacaq. “Üzv ölkələrin təhlükəsizliyi ŞƏT üçün prioritet olaraq qalır”, - Rusiya dövlət başçısı qeyd edib.
İyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib. APA xəbər verir ki, İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycanın üzv olmadığı, dialoq tərəfdaşı kimi qatıldığı bu, yüksək səviyyəli təşkilatın tədbirində iştirak etməsi heç şübhəsiz ki, mühüm əhəmiyyət kəsb edir. Sayca ikinci dəfə ŞƏT-in Zirvəsinə dəvət alması həm Azərbaycan Prezidentinə yüksək etimadın, həm də dövlətimizə verilən dəyərin, Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın önəmli dövlət olmasının məntiqi nəticəsidir. Astana Zirvəsi çərçivəsində Azərbaycan Prezidentinin ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi də olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Çin liderlərinin görüşü, Çin Xalq Respublikası rəhbərliyinin Azərbaycana yüksək münasibət ifadə etməsi, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunması mühüm tarixi əhəmiyyətə malik hadisədir. Bəyannamədə xüsusilə vurğulanır ki, Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır. Bu münasibətlər gələcəkdə Zəngəzur dəhlizinin açılmasının tezləşdirilməsinə də töhfə verə bilər. İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə çinli liderin ölkəmiz haqqında yüksək fikirləri həm də Azərbaycanın əleyhdarları üçün mühüm mesajlardır. “İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək. Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır”, - deyə Si Cinpin bildirib.
Prezident İlham Əliyev isə bildirib ki, imzalanan bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. “Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik”, - Prezident vurğulayıb.
İlham Əliyev Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğulayıb. Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olunub. Həmçinin Si Cinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olunub.
Hətta Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısına, eyni zamanda bu əsnada Çinə dövlət səfərinə dəvət edib. Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul edib. Həmçinin Azərbaycan Prezidenti də Çin Xalq Respublikasının Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət edib.
Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş də olub. Söhbət zamanı üçtərəfli formatda zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanıb. Dövlətimizin başçısı Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib. Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.
Ümumilikdə Astana toplantısı COP29 beynəlxalq konfransına ev sahibliyi edəcək ölkəmiz üçün əlavə imkanlar açması baxımından mühüm platforma oldu. Eyni zamanda yaxın gələcəkdə Azərbaycanı ŞƏT-də tam hüquqlu üzv olaraq görmək istəyən liderlər də bu arzularını dilə gətirdilər. Azərbaycan ŞƏT-in üzvü olmasa da, bu qurumda böyük etimad qazanan ölkələrdəndir. Bu da Prezident İlham Əliyevin liderliyi ilə dövlətimizin uğurlu xarici siyasətin daha bir əyani təcəssümüdür.
E.PAŞASOY,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ