Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) tərəfindən 1967-ci ildən qeyd olunan bu əlamətdar günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
YUNESKO-nun məlumatlarına görə, 1979-cu ildə dünyada oxuma-yazma səviyyəsi 68 faiz olduğu halda, bu gün dünya əhalisinin 86 faizindən çoxunun oxuma-yazma bildiyi təxmin edilir.
Son 50 ildə dünya üzrə savadlılıq səviyyəsində davamlı irəliləyişlərə baxmayaraq, COVID-19 epidemiyası zamanı təhsilə çıxışın məhdudlaşdırılması səbəbindən savadlılıq səviyyəsində azalma müşahidə olunub.
2022-ci ilin məlumatlarına görə, 15 və daha yuxarı yaşda olan hər 7 nəfərdən ən azı biri əsas oxuma-yazma bacarıqlarından məhrum olub.Dünyada üçdə ikisi, yəni 754 milyon qadın, 250 milyon uşaq isə ilkin oxuma-yazma bacarıqlarına malik deyil.
"Azərbaycanın savadlılıq səviyyəsi təxminən 99,8% təşkil edir, yəni əhalinin yalnız 0,2%-i savadsızdır. Bu göstərici qlobal ortalamadan və xüsusilə inkişaf etməkdə olan ölkələrdən xeyli yuxarıdır".
Musavat.com bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov yazıb. Ekspert qeyd edib ki, Azərbaycanda savadlılıq səviyyəsinin 99,8% olması ölkənin təhsil sisteminin və dövlətin təhsil siyasətinin uğurudur:
"Qlobal səviyyədə savadlılıq problemi əsasən inkişaf etməkdə olan ölkələrdə cəmləşib, burada isə Azərbaycan çox yüksək bir göstəriciyə sahibdir. Bu, əsasən təhsilin əlçatanlığının təmin edilməsi və məktəbəqədər təhsilin gücləndirilməsi ilə əlaqədardır. Azərbaycanda həm kişi, həm də qadınlar arasında savadlılıq səviyyəsi yüksəkdir ki, bu da cinslər arasında bərabərliyin təmin edilməsinə yönəlmiş təhsil siyasətinin uğurlu olduğunu göstərir. Qlobal miqyasda qadınların savadlılıq səviyyəsi kişilərdən aşağıdır və inkişaf etməkdə olan ölkələrdə qadınların oxuma və yazma bacarığının artırılması üçün ciddi səylər göstərilməlidir. Azərbaycanda isə qadınlar arasında savadlılıq səviyyəsi kişilərdən demək olar ki, fərqlənmir. Bu, ölkənin qadın təhsilinə verdiyi diqqətin nəticəsidir və cinslər arasında bərabər təhsil imkanlarının təmin edilməsi baxımından önəmlidir. İnkişaf etməkdə olan ölkələrdə savadsızlığın əsasən ucqar kənd yerlərində cəmləşməsi, təhsil infrastrukturunun zəif olması və müəllim çatışmazlığı ilə bağlıdır. Azərbaycanda isə savadlılıq səviyyəsi həm şəhər, həm də kənd yerlərində yüksəkdir. Azərbaycan hökuməti kənd yerlərində məktəblərin tikintisi və yenilənməsi, müəllimlərin hazırlanması və təhsil resurslarının təmin edilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirib. Bu, savadsızlığın azaldılmasına və təhsil xidmətlərinin ölkə daxilində bərabər şəkildə paylanmasına səbəb olub.
Azərbaycan hökumətinin təhsil sahəsində həyata keçirdiyi islahatlar, o cümlədən ümumi təhsil müddəti, təhsilin məcburi olması, dövlət tərəfindən pulsuz dərsliklərin təmin edilməsi və müəllimlərin peşəkar inkişafına dəstək verilməsi savadlılıq səviyyəsinin yüksək olmasına təsir göstərib".
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ