İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın SAĞ ƏLİ

Dost Moldovanın başağrısı qondarma “Dnestryanı Respublikası”nın “Deputatlar Konqresi” fevralın 28-də Kremldən “Dnestryanı”nı Rusiyaya birləşdirməyi xahiş edəcəkmiş.

Rusiya Federasiyası Prezident seçkiləri ərəfəsindəykən belə bir zamanlama, əlbəttə, təsadüfi deyil. Tanrı özü Moldovaya kömək olsun!

Moldova bizim GUAM ortağımızdır.

GUAM.jpg (90 KB)

Bəli, Moldova GUAM-ın digər üzvləri kimi separatizmdən, qıraqdan qızışdırılan siyasi-hərbi, sosial-iqtisadi, mədəni, psixoloji və s. təxribatlardan uzun illər boyu əziyyət çəkib və bu əziyyət hələ də davam edir.

Moldova (Ukrayna və Gürcüstandan fərqli olaraq) AŞPA-da ötən ay uğradığımız haqsızlıq qarşısında bizi müdafiə etməsə də (yaxud hələ müdafiə etməsə də), biz Moldovanın haqlı mövqeyini, o cümlədən ərazi bütövlüyünü həmişə dəstəkləmişik, bugün də dəstəkləyirik. “Dnestryanı Respublikası”, “Krım Respublikası”, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”, “Abxaziya Respublikası”, “Güney Osetiya Respublikası – Alaniya Dövləti” – hamısı bir zamanlar bizə sırınan buraxma “Arsax Respublikası” ilə eyni kod, eyni mənşə, eyni təyinatlıdır. Biz Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq nəhayət separatizmin kökünü qazımış, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Sağ əlimiz dostların başına!

Fikir verin:

Moldova, Ukrayna və Gürcüstanın üzləşdiyi problemlərin memarı biləvasitə Kreml olsa da, bizim başımıza gətirilən müsibətlər, işğalın ağır nəticələri Kremldən başqa güclü himəyadarlar tərəfindən də davamlı olaraq siyasi-hərbi, maddi dəstəklə möhkəmləndirilirdi. Üstəlik, GUAM ortaqlarımızın heç biri bizim qədər acımasız, ləyaqətsiz düşmənin elanolunmamış savaşına məruz qalmayıb. Son iki ildə Ukraynanın yaşadıqları bizim yaşadıqlarımıza çox bənzəsə də, ondan öncəki Ukrayna, özəlliklə Gürcüstanla Moldova bizim yaşadıqlarımızı yaşamayıb, bundan sonra da yaşamasınlar! Bizə qarşı işğalçı Ermənistanı, Xankəndidə və çevrəsində yuvalanmış separatçıları ciddi-cəhdlə müdafiə edən Paris, Vaşinqton, Tehran... digər separatçıları müdafiə etməyib; əksinə, hər üç GUAM ortağımız Qərbdən davamlı dəstək görüb, digər dövlətlərsə ya neytral qalıb ya da ən azı siyasi həmrəylik nümayiş etdirib. Bu anlamda, bizim 27 sentyabr 2020-ci ildə əks-hücuma keçərək 30 illik ağır işğala (44 gün içində) son verməyimiz, ötən il sentyabrın 20-də (23 saatlıq) lokal antiterror tədbiri keçirməyimiz (o tarixlər arasındakı digər zəruri hərbi-siyasi tədbirlərlə bir yerdə) qeyri-adi hünərdir.

ANTİTERROR SON.jpg (60 KB)

Biz, demək olar, mümkünsüzü mümkün etmişik! Çox xırdalamayaq, GUAM ortaqlarımızın yanında duran, onlara dəstək göstərən dövlətlərin bir çoxu bizə dəstək göstərməyiblər – cəhənəmə, heç olmazsa, qarşımızda durmasaydılar, biz lap çoxdan işimizi tamam edərdik.

Bəli, xalqımızın dövlətcanlılığı, gənclərimizin vətəncanlılığı, şəhidlərimizin, qazilərimizin fədakarlığı, Dövlət-Xalq birliyi – Dəmir Yumruq Zəfərimizi şərtləndirdi. İlham Əliyevin cəsur liderliyi, uzaqgörən siyasəti, təmkini, prinsipiallığı, səmimiyyəti, sözünün imzası qədər keçərli olması, xalqımıza xas xeyirxahlığı, ləyaqəti, müdrikliyi və digər yüksək keyfiyyətləri bizi yeni dünya düzəninə qalib ölkə olaraq götürür.

Sağ əlimiz ərazi bütövlüyü pozulmuş dostlarımızın başına!

Yenidən Moldovaya qayıdaq.

MOLDOVA.jpg (64 KB)

Bəli, Moldovanın başağrısı – qondarma “Dnestryanı Respublikası”nın əhalisinin 30%-ə yaxını ruslardan ibarətdir.

“Dnestryanı” 1990-cı ildə Moldovadan özbaşına “ayrılıb”. Rəsmi Kişineu hökuməti ərazi bütövlüyü və suverenlik məsələsini çözmək, “Dnestryanı”nı yenidən Moldova bayrağı altına keçirməkçün addımlar atır; lakin bölgədəki Rusiya sülhməramsız kontingenti buna qarşı çıxmaqdadır. Bizim Qarabağda da sülhməramsızlar var – lakin onların ölkəmizi tərk etmə tarixi də bəllidir, keçici “status”ları da bəsbəlli. Artıq neçə aydır lap avaragor qalmış sülhməramsızlar hətta gələn ilin noyabrını gözləmədən (gecəykən gəldikləri kimi), gecənin-gündüzün birində çəkib getsə heç təəccüblənmərik. Tanrı necə haqdır!
Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10.10.1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə yaradılmış beynəlxalq işbirliyi platforması – GUAM suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına sayğı prinsiplərini əsas alır. Avropada sabitliyin, təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli işbirliyinin inkişaf etdirilməsi öz güncəlliyini itirməyib. Və bu, daha çox digər üç GUAM üzvünə lazım olsa da, biz öz sözümüzə, imzamıza sayğılıyıq.

GUAM-ın ilk Zirvə toplantısı Yaltada (07.06.2001-ci ildə) təşkil olunub; Yalta Zirvəsi GUAM-ın bir beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynayıb. Dövlət başçılarının imzaladığı “Yalta Xartiyası” iştirakçı dövlətlər arasında işbirliyinin məqsədlərini, prinsiplərini və yönlərini müəyyənləşdirib. İndi nə qəribədir, Ukrayna Yaltanın aid olduğu Krım yarmadası üzərində öz suverenliyini bərpa etməkçün o səmtə zərbələr endirmə məcburiyyətində qalır... Bu məqamda, 4 il öncənin yazında-yayında Bakıdan yüksələn “Şuşanı vur!” çağırışları yadıma düşür. Biz Şuşanı vurmadıq, məqam yetişdi, Şuşada yuvalanmış işğalçıları vurduq, Şuşanı uhulət-suhulətlə qurtardıq və qurtuluşdan bəri Şuşa sürətlə özünə dönür, gələcəyə boylanır. Şuşanın sağ əli Yaltanın, Krımın başına!

KRIM.jpg (420 KB)

GUAM-ın digər önəmli Zirvə toplantıları 22 may 2005-ci ildə Kişineuda, 22-23 may 2006-cı ildə Kiyevdə keçirilib.

Qalib Azərbaycanın paytaxtı Bakının sağ əli Kişineunun, Kiyevin başına!

KİYEV SON.jpg (120 KB)

Bəli, GUAM-a üzv dövlətlərin demokratik toplum, Avropaya inteqrasiya, iqtisadi inkişaf, bölgədə sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirməsi öz güncəlliyini itirməyib. Tanrıdan gizlin deyil, Tanrının gürcü, ukraynalı, moldovan bəndələrindən nə gizlin: ərazi bütövlüyü, suverenlik bərpa olunmasa, digərləri, nə yazıqlar ki, elə bil təfərrüat dərəcəsində qalır...

ƏRAZİ BÜTÖVLÜYÜNÜ, SUVERENLİYİNİ BƏRPA ETMİŞ DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR