Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Milli Təhlükəsizlik Xidməti aprelin 10-da Azərbaycanla sərhəddə baş verən insidentin məhz erməni sərhədçilərinin xidməti vəzifə ilə bir araya sığmayan hərəkətləri səbəbindən baş verdiyini etiraf edib. Üstəlik, bildirilib ki, faktla bağlı cinayət işi qaldırılıb.
Əslində bunu bir ilk hesab eləmək olar. Ermənistandan Azərbaycana qarşı bir əsrdən çox müddətdə saysız-hesabsız cinayətlər törədilib, qətllər həyata keçirilib, bu ölkə soyqırım aktlarını bir-birinin ardınca sıralayıb türklərə qarşı. Elə 80-ci illərin sonlarında Qarabağla bağlı növbəti dalğanı başladanda bu günədək işğalda saxllanılan Bağanis Ayrımın dinc sakinlərini qətlə yetirməklə, diri-diri yandırmaqla – kiçiyi 39 günlük, böyüyü 75 yaşlı qoca kişi – qətliamlara start vermişdilər. Sonralar nələr oldu, hamımıza məlumdur. Amma Ermənistan heç zaman insanlıq əleyhinə cinayət törədənlərə qarşı hərəkətə keçmədi. Hətta bu ölkəyə uzun illər rəhbərlik etmiş Serj Sərkisyan adlı qatıl “Xocalıya qədər azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi düşünürdülər”, deməklə soyqırım aktına “haqq qazandırmağa” həyasızcasına cəhd göstərirdi.
Bu mənada Nikol Paşinyanın Ermənistanında sərhədçimizin güllələnməsi faktı ilə bağlı etirafı diqqətçəkən hadisədir. Xatırladaq ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
Bu hadisədən dərhal sonra Ermənistan tərəf hadisənin araşdırılacağını elan etdi və qısa müddətdə ilkin rəy açıqlandı. Yeri gəlmişkən, belə bir cəhd iki ay öncə də göstərilmişdi, amma davamı olmamışdı. Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı snayeper atəşi nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə yaralanmışdı. O zaman Ermənistan əvvəlcə hadisəni təkzib etməyə çalışmışdı, amma Azərbaycanın foto-video sübutlarını yaymasından sonra “araşdırılacağına” dair vəd verilmişdi. Lakin üstündən saatlar keçəndən sonra nəinki araşdırmalar aparılmamış, üstəlik, Tovuz və digər istiqamətlərdən mövqelərimiz atəşə tutulmuşdu. Belə olduqca Azərbaycan ordusu snayper atəşinin açıldığı döyüş postunun külünü göyə sovurmuş, nəticədə təxribatı həyata keçirən düşmən hərbçiləri məhv edilmişdi. Aydın olmuşdu ki, bölgədəki təxribatlara “Yerkrapa” terrorçu təşkilatının kaftar üzvləri rəhbərlik edir. Beləliklə, Azərbaycan bu məsələni də təkbaşına həll etmişdi. Nikol Paşinyanın “bacarmadığı” terrorçu təşkilatın Zəngilan istiqamətindəki üzvlərinin burnunu ovmuşdu. Ardınca bəlli oldu ki, “Yerkrapa”nın ardınca digər terrorçu təşkilatlar da şərti sərhədlərə toplanırlar, birinin də adı “Döyüş qardaşlığı”. Hətta Qazaxın işğal altındakı kəndlərini Azərbaycana qaytarmayacaqlarını deyərək silaha sarılan bu canilər Əskipara istiqamətində yerləşmişdilər. Nikol Paşinyan Azərbaycanın xəbərdarlıqlarından ehtiyatlanaraq bu dəstənin zərərsizləşdirilməsinə qərar vermişdi, bilirdi ki, növbəti toqquşma Ermənistan üçün fəlakətli nəticələr verə bilər.
Təsadüfi deyil ki, parlamentdəki hökumət saatında çıxış edən Paşinyan indiki durumda onlara müharibənin lazım olmadığını etiraf etdi. Üstəlik, Brüsselə çox böyük ümidlə getdi, milyardlarla avroluq dəstək gözləyirdi, hətta qabaqcadan anons etmişdi ki, bir milyardlıq silah-sursat alışı ilə bağlı anlaşması var. Amma Avropa İttifaqı 4 il üçün cəmi 270 milyon avro, ABŞ isə cəmi 65 milyon dollarlıq vəd verdi. Bundan sonra şərti sərhədlər boyunca toqquşmaların yenidən baş verməsinin hansı nəticə verə biləcəyini çox yaxşı anlayır Nikol. Odur ki, sonuncu təxribatın isti izlərlə araşdırılması və günahkarın cəzalandırılacağını elan etməsi heç şübhəsiz ki, Paşinyanın tapşırığının nəticəsidir. Bundan əvvəl Əskipara kəndində qanunsuz məskunlaşan sakinlərə də son sözünü demişdi ki, bu əraziləri təhvil vermək lazımdır, sonra deməyin xəbərdar etmədim.
Ötən ilin sentyabrındakı antiterror tədbirindən sonra şərti sərhədlərdə iki ciddi insident baş verib. Amma artıq heç kim şübhə etmir ki, bu insidentlər məhz Makron Fransasının təhriki ilə baş verib, belə bir situasiyada nə Paşinyana, nə də sınıq-salxaq erməni ordusuna gərginlik lazım deyil. Fransanın müdafiə naziri ilk dəfə Ermənistana məhz bu aylarda səfər etdi. Elə dünən Parisin İrəvandakı baş diplomatının Zəngəzura səfər etdiyi, Azərbaycan tərəfə boylandığı barədə xəbər yayılmışdı. Eyni zamanda Avropa İttifaqının “müşahidə missiyası” adlı cəsus şəbəkəsinin başında da Fransanın dayandığı bəllidir. Ötən həftə missiya üzvləri Zod aşırımınadək qalxmışdılar, Azərbaycanın mövqelərinə boylanırdılar. Təsadüfi deyil ki, Kəlbəcər, həmçinin Laçın, Daşkəsən, hətta Naxçıvan istiqamətindən atəşkəsin pozulması məhz Aİ missiyasının “müşahidə”lərindən sonra intensivləşdi. Həm də çox qəribədir, atəş açılır, ortada Aİ missiyası yoxdur, ardınca da atəşkəs xəbərini təkzib edirlər, sonra da Avropadan Klaar “düzdür, düzdür, atəş açılmayıb”, deyərək bu orkestrə “züy tutur”. Paşinyan iki odun arasında qalıb: bir tərəfdə revanşist daxili qüvvələr, kilsə, diaspora, terrorçu şəbəkələr, qaniçən, onun özünü də aradan götürməyə hazır müxaliflər, digər tərəfdə “sənə milyonlar verəcəyik, oxu” – daha doğrusu, “vəziyyəti gərginləşdir” – deyən Fransa və başının dəstəsi. Çünki onların Qafqaza doluşmasını şərtləndirən bölgədə yeni eskalasiyadır, Paşinyan bu öhdəliyi götürüb, indi altında qalıb. Diqqət edin, məhz belə bir durumda Ermənistanın təhlükəsizliyinin qayğısına qalanların sayı artıb, yerbəyerdən “söz dəstəyi” gəlir. Üstəlik, Aİ-nin Ermənistandakı missiyasının ömrünün daha 2 il uzadılmasının “zəruriliyindən” danışılır. Yəqin ki, bu gedişlə missiyanın üzvlərinin sayını Gümrüdəki hərbçilərə, ömrünü 2044-cü ilədək uzadacaqlar.
Amma Ermənistan rəhbərliyi anlayır ki, onu xilas edən olmayacaq, 44 günlük müharibədə olduğu kimi. Ona görə də zabitimizi güllələyənlərlə bağlı ölçü götürüləcəyi elan olundu, ən azı Azərbaycanı sakitləşdirmək üçün. Heç şübhəsiz, Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açılması Azərbaycanın növbəti qələbəsidir! Təkzib etmək daha kara gəlmir, Azərbaycan faktları ortaya qoyur. Üstəlik, Ermənistan ənənəvi mövqe sərgiləsəydi, Azərbaycan başqa addımlar ata, atəş nöqtəsini fevraldakı kimi yer üzündən silə bilərdi. Hələ digər addımları demirik. Dünyanın istənilən ölkəsi məhz belə davranardı, terrorçunun olduğu nöqtə zərərsizləşdirilir və həmin ünvana bayraq sancılır, məsələ kökündən həll edilir. İndi gözləyirik, görək Ermənistan araşdırmaları normal şəkildə aparacaqmı və günahkarı cəzalandırıb rəsmi açıqlama yayacaqmı? Yoxsa iş yarımçıq dayanacaq? Hər halda Azərbaycan səbr edirsə də, səbri tükənməz deyil. Unutmasınlar ki, strateji yüksəkliklər ordumuzun nəzarətindədir və düşmən ayağımızın altındadır. Nikol Paşinyanın bir neçə saat əvvəl Təhlükəsizlik Şurasının təcili iclasını çağırması da təsadüfi deyil. Şübhəsiz ki, elə erməni caniyə qarşı cinayət işinin açılması qərarı məhz həmin iclasda qəbul olunub. Paşinyanın Təhlükəsizlik Şurasının bir saatlıq fövqəladə iclasını çağırması mənə Qarabağdakı keçmiş xunta rejiminin sonuncu toplantısını, Şahramanyanın “xunta”nı buraxması ilə bağlı imzaladığı “fərmanı”nı xatırlatdı. Başqa çıxış yolları yox idi Dəmir Yumruqun zərbələrini “yedikdən” sonra. Paşinyan da anlayır ki, ən düzgün yol Azərbaycanın tələblərinə əməl etməkdir, əks halda əlindəki, hələ təsdiq olunmayan, kadastr sənədini ala bilmədiyi Ermənistanın sərhədləri bəlli olmayan “xəritəsi” suya düşəcək...Nə qədər ki, bulanıq suda balıq tutmaq istəyən avrolular, dollarlılar var, Ermənistan fəlakətlər burulğanında qalacaq. Yeganə yol Azərbaycanın təqdim ediyi yol xəritəsinə uyğun addımlamaqdır. Gecikmədən 8 kənd işğaldan azad edilir, Zəngəzur dəhlizinin açıldığı elan edilir və...davamı gələcək.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ