İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın kirayənişinini BU 3 ÖLKƏ silahlandırır - Millət vəkilindən İLGİNC YAZI

Ermənistan Azərbaycan ərazilərindən çıxma sürəcini davam etdirir: əsas torpaqlarımıza bitişik 4 kənd qaytarılır, iki ölkə arasında ilk sərhəd dirəyi basdırılıb və bu gün Ermənistan hökuməti bu işi davam etdirməkdə, sülh sazişi bağlamaqda daha inamlı görünür.

Erməni əhalisi arasında kəndlərin boşaldılmasına etiraz edənlərə baş nazir Paşinyanın cavabı konkret olmuşdu:

“Biz qaytarmasaq, müharibə başlanar və Azərbaycan özü alar bu kəndləri” Bu cavab erməni siyasətində reallığı dərk etmə və bölgəni yeni fəlakətlərdən xilas etmə işinə ilk yardım cəhdlərindən biri kimi anlaşılmalıdır. Öz millətinin gələcəyini düşünən hər kəs boş vədlərdən, mümkünsüz utopiyalardan əl çəkib xalqına həqiqəti deməlidir.

Paşinyanın “tarıxi Errmənistan mifindən qopub bugünkü Ermənistanı qorumaq” düşüncəsi, “erməni soyqırımı” ağlaşmasının mənasızlığını dərk etməsi də qonşularımızı əsassız iddialardan qoparıb bu günü və gələcəyi yönəltmək istəyindən doğur.

Ermənilər dərk etməlidirlər ki:

1. Min illər boyu dövlət qurmaq arzuları gözlərində qalıb, “Böyük Ermənistan” mifini heç vaxt həqiqətə çevilməyib, indiki Ermənistan dövləti də Rusiyanın yardımı ilə Qərbi Azərbaycan torpaqlarında qurulub və bir növ Azərbaycanın kirayənişinidir.

Ermənistanın uydurma tarixlərinə sevgisi Azərbaycana da iki əsrlik tarixini xatırladır və günün birində Azərbaycan Ermənistanın bütün ərazisini geri istəyə bilər.

2. 1918-ci ildə Cənubi Qafqazda üç bağımsız dövlət qurulanda Ermənistanın, təxminən 10, Azərbaycanın isə 114 min kv. kilometr ərazisi vardı. Sərhədimiz Göyçə gölünün ortasından keçirdi.

3. Sovet hakimiyyəti illərində Moskvadan, rəhbərlikdəki ermənilərin təklif və təzyiqi ilə Ermənistana verilmiş “kiçik” torpaqlar, Qərbi Zəngəzur, Nüvədi, Qarağöl ətrafı, Qazax rayonunun meşələri və s. də unudulmayıb və o torpaqların da mülkiyyət bəlgələri Azərbaycanın əlindədir, oraları da geri istəmək hüququ var.

Buna görə də Ermənistan Alma-Ata anlaşmasını əsas götürüb sərhədlərin delimitasiyasını öz uğuru sayır.

Lakin… Ermənistan rəhbərliyinin nəhayət ayılıb haq yoluna gələcəyinə, Güney Qafqazda uzun ömürlü barış və dinc qonşuluğa ümid verən bu dəyişikliklərlə yanaşı, Ermənistanda başqa bir proses də gedir ki, diqqətlə izlənilməli, təhlil edilməli, bütün gözlənilməz xəyanətlər, gizli planlar vaxtında incələnib gərəkən addımlar atılmalıdır.

Yeni müharibə istəməyən, Qarabağdan köçən ermənilərin geri qayıtmasına inanmayan və buna ümid bəsləməyən Ermənistan rəhbərliyi balaca torpaqlarını bu qədər müasir, dağıdıcı silahla niyə doldurur? Hindistan, Fransa, Yunanıstan… Azərbaycan Prezidenti Ermənistanı fəal şəkildə silahlandıran bu üç ölkənin adını çəkir. Bilirik ki, Ermənistanı barıt çəlləyinə döndərmək istəyən başqa ölkələr də var. Özəlliklə ABŞ-dan qonşularımıza ən son model dağıdıcı silahlar vəd edilib…

Əcəba, Etmənistanın dinc yolla 4 kəndimizi qaytarmasını xoş sözlərlə qarşılayan, sülh müqaviləsini çox gözləməyəcəyimizə sevinclərini ifadə edən ölkələrin eyni zamanda qonşularımızı silahlandırmasını, erməni ordusunu gücləndirmək üçün hər cür yardım göstərmələrini necə başa düşək?

Burada bir anlığa Qafqaz dağlarını aşıb böyük dünyada və çevrəmizdə baş verən olayları bir də gözdən keçirib düşünməli olursan… Və tam bu arada da, özəlliklə Qəzza faciəsi və İsrai-İran atışmaları fonunda ABŞ-ın Orta Doğu projesi, yəni köhnə anlayışlarla desək, Yaxın Şərq ölkələrini yıxıb-söküb, paramparça edib yeni dövlətlər və dövlətciklər qurmaq planları yenidən gündəmə gəlir.

Bütün bunlar təsadüfdürmü? Yoxsa bu planlaşmada Ermənistana da arxadan vurmaq tapşırığı verilib? Bu məsələləri ciddi şəkildə düşünmək lazımdır… Adı çəkildi-çəkilmədi Qərbin bu layihəsi hissə-hissə həyata keçirilir. Əfqanıstan, İraq, liviya, Suriya… Böyük Şeytan əlində xəritə addım-addım, ölkə ölkə irəliləyir və keçdiyi yerlər on illərlə davam edən savaş və həlli çətin olan etnik-dini qaşıdurma meydanlarına çevrilir, yeni-yeni terror yuvaları yaranır. Bu adları çəkilən və çəkilməyən ölkələrdə demokratiya və insan hüquqları ilə bağlı problemlər var idi şübhəsiz, lakin bu məsələnin çözülməsi, islahat, xalq hakimiyyətinin qurulması kimi məsələlərin heç biri qanlı savaşlara, ölkələrin parçalanmasına, qədim mədəniyyət ocaqlarının dağılmasına, kənar müdaxilələrə və milli sərvətlərin yadellilərin əlinə keçməsinə haq qazandırmır. Xalqlar və dövlətlər öz talelərini özləri həll etməli və başqa güclərin onların daxili işlərinə qarışmasına bəhanə yaratmamalıdırlar.

On milyonlarla insanın həyatına son qoyan 2 dünya müharibəsinə səbəb və meydan olan Avropa srtıq sayı qarışdırılan müharibələri Şərqə - İslam aləminə və özündən uzaq coğrafiyalara keçirib. Lakin barmağı da daim oralardadır. Məncə, İsrailin Qəzza əməliyyatına da bu ssenarinin bir pərdəsi kimi baxmaq lazımdır.

Növbəti hədəf İran ola bilər. Çünki İran müasir dünya üçün yeni təhlükə mənbələrindən birinə çevrilməkdədir. Atom bombasına da sahib olandan sonra qonşu dövlətlərin gününü qaraldacaq. İran durmadan islam dünyasını parçalamaq və fars şovinizminə xidmət edən radikal dini təbliğatını qonşu ölkələrə yaymaqda, öz içindəki xalqların bütün hüquqlarını tapdalamaqda, bütün mədəni dəyərlərinə sahiblənəcək. Bunu biz deməsək də dünya görür. Fars şovinizminin assimilyasiya və vəhşi zorakılıq siyasəti qartımış və molla əmmaməsi altında gizlənmiş imperiyanın sonunu yaxınlaşdırır. İsrail-İran münaqişəsi bu sonun başlanğıcı ola bilər.

Bu arada Fransanın başçılıq etdiyi türk düşmənçiliyi və köhnə Səlib zehniyyətini də unuda bilmərik. Türkiyə ətrafında hörülən torlar, Quzey İraq və Quzey Suriyada silahlandırılan terror örgütləri, Atatürkün böyük yolu və irsini dərk etməyən, Türkiyəni içdən yıpradan ərəb miqrantlarının ölkənin hər tərəfinə yayılması, din qardaşlığı adı altında Türkiyənin əsas gücü olan türk yurdsevərliyi və birliyini zəiflətmək də mənim fikrimcə, qonşu ölkələri vuran qasırğaların əks-sədasıdır. Ermənistan təkcə Azərbaycana qarşı silahlandırılmır, həm də Türkiyəyə qarşı silahlandırılır və gizli-açıq hörülən torun halqasıdır.

SABİR SON.jpg (254 KB)

Sabir Rüstəmxanlı, millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR