İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Birinci Ledisi - Mehriban Əliyevanın ad günü

Mehriban Əliyevanın doğum günündə siyasətçi,  hüquq müdafiəçisi, tanınmış aktyor və musiqiçilərin onun haqqında ürək sözləri...

Bu gün - avqustun 26-da Birinci Ledi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban  Əliyevanın doğum günüdür.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad Qarabağda tarixi-mədəni abidələrin bərpasında çox mühüm işlər görür. Belə ki, Fondun təşəbbüsü ilə azad edilmiş tornpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunnun təşəbbüsü ilə həyata keçirilir.

Həmçinin Mehriban Əliyevanın 2020-ci il 44 günlük Vətən müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərməsi, şəhid ailələri, əlillər, müharibə veteranları ilə mütəmadi görüşlər keçirməsi xalqın ona qarşı olan sevgisini birə min artırıb.

Millət vəkili Aqil Abbas  “Yeni Müsavat”a danışaraq Mehriban Əliyevanın doğum gününü təbrik edib:

“İlk öncə Allahdan Mehriban xanıma cansağlığı arzulayıram. Mehriban xanımın  Azərbaycan mədəniyyətində, incəsənətində, eləcə də işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər misilsizdir. Hər birimiz bilirik ki, bir müddət bundan əvvəl Azərbaycan muğam sənəti demək olar ki, ”ölmüşdü". Mehriban xanım qoymadı ki, mədəniyyətimiz məhv olsun. Burada söhbət təkcə muğamdan getmir, bu, bütün sahələrə aiddir. Beləliklə, məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamı yenidən dirçəldi və UNESCO-nun siyahısına daxil edildi. Muğam ustalarımız təkcə ölkədə deyil, beynəlxalq muğam festivallarında uğurla çıxış etdilər, bütün dünya Azərbaycan muğamının necə möhtəşəm olduğunu gördü. Şuşada keçirilən “Xarıbülbül” festivalını, Vaqif Poeziya Günləri də məhz Mehriban xanımın xidmətləridir.

Mehriban xanım Prezidentimiz ilə birgə işğaldan azad olunmuş ərazilərə, digər rayonlarımıza gedir, türbələrin, məbədlərin, abidələrin bərpa olunmasında yaxından iştirak edir. Həmçinin UNESCO və İCESCO-nun Xoşməramlı səfiri kimi işlər görməsi, dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərməsi, dünyanın maddi, qeyri-maddi irsinin, o cümlədən Parisin Luvr muzeyinin bərpasında iştirak etməsi və sairə bütün bunlar misilsizdir. Bu işləri görməklə Mehriban xanım çalışır ki, bütün gücü ilə Azərbaycanın imicini yüksəltsin. Əlbəttə ki, millətimiz qələbə ilə yüksəldi, amma təkcə qələbə ilə iş bitmir. Onun ardınca bir çox işlər görülməlidir ki, Mehriban xanım da bacardığı qədər bu işlərdə iştirak edir".

Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da təbriklərə qoşularaq, qeyd edib: “İlk növbədə doğum günü münasibəti ilə Mehriban xanımı ürəkdən təbrik edirəm. Onun gördüyü işlər göz qabağındadır. O cümlədən Mehriban xanımın, Heydər Əliyev Fondunun qazilərimizə, şəhid ailələrinə göstərdiyi köməkliklər danılmazdır. Heydər Əliyev Fondu hər bir insanın məktubuna cavab verir, köməklik göstərir. Bilirsiniz, bir çox məktubları biz yazırıq və deyim ki, məktublardakı müraciətlər də həmişə yerinə yetirilir. Bu baxımdan Mehriban xanım Azərbaycan üçün çox böyük işlər görür və bundan sonra da görəcək.

Vətən müharibəsində mənə ən çox təsir edən ana və bacılarımızın, gəlinlərimizin şəhid tabutlarını çiyinlərində daşıması və Prezidentimiz işğaldan azad olunmuş ərazilərə gedəndə Mehriban xanımın onun yanında olması oldu.  Halbuki həmin ərazilərdə istənilən qədər təxribat törədilə bilərdi. Belə ki, sərhədin bir tərəfi İran, digər tərəfi Ermənistandır. Həmçinin, hələ də ərazilərimizdə separatçılar meşələrdə gizlənir. Yəni Mehriban xanımın o ərazilərə getməsi böyük risk, cəsarət idi. O, heç nəyə baxmayaraq, Prezidentimizi tək qoymadı və cəsarətlə onunla birgə həmin ərazilərə səfər etdi, oradakı dağıdılmış abidələrimiz ilə yerində tanış oldu və onların bərpası üçün var gücü ilə köməklik etməyə çalışdı. Mehriban xanım həm də qadın kimi çox gözəldir. Mənim üç övladım İsraildə yaşayır. Onlar həmişə deyir ki, Mehriban xanım təkcə Azərbaycanda deyil, bütün dünyada ən gözəl qadındır".

Xalq artisti Rasim Balayev də öz fikirlərini “Yeni Müsavat”la bölüşüb: “Mehriban xanımın Azərbaycan üçün gördüyü işləri bir dəfə deyib, qurtarmaq olmaz ki... Onun bir tək mədəniyyət, incəsənət üçün gördüyü işlər misilsizdir. Hətta Mədəniyyət Nazirliyinin görəcəyi işlərin əksəriyyətini Mehriban xanım edir. O, bütün mədəniyyətin bütün sahələrinə diqqət edir, sənətkarlarımızın, milli mədəniyyətimizin, muğamımızın xarici ölkələrdə tanınması, təbliği üçün çox mühüm işlər görüb. Bildiyiniz kimi, onun təşəbbüsü ilə keçirilən muğam festivalı sayəsində xeyli sayda istedadlı musiqiçilərimiz üzə çıxır və sairə.  Mənim ən çox xoşuma gələn, Mehriban xanımın Prezidentlə birgə işğaldan azad olunmuş ərazilərə getməsidir. İndi həmin ərazilərdə görün nə qədər böyük işlər görülür. Mən Mehriban xanımı ürəkdən təbrik edir, hər zaman cansağlığı, uğurlar diləyirəm”.

Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyaviş Kərimi də öz təbriklərini bu cür çatdırdı: “Mehriban xanımı doğum günü münasibəti ilə həm öz adımdan, həm də rəhbəri olduğum konservatoriyanın professor-müəllim, tələbə heyəti adından ürəkdən təbrik edirəm. Mehriban xanıma  ilk növbədə cansağlığı, fəaliyyətinə, gördüyü işlərdə daim uğurlar arzulayıram.  Mehriban xanım müstəqilliyimizi əldə etdikdən sonra mədəniyyətimizdə çox fəal işlər görüb. Hətta xatırlayıram ki, zamanında Azərbaycan Mədəniyyətinin Dostları Fondu yaranmışdı və Mehriban xanım həmin fonda rəhbərlik edərək bir çox layihələri həyata keçirmişdi. Heydər Əliyev Fondu da yarandıqdan sonra Mehriban xanım Azərbaycanın nəinki mədəniyyət, humanitar, səhiyyə, təhsil sahəsində də çox böyük, möhtəşəm, fəal, zəngin işlər görmüşdü.

Torpaqlarımızı işğaldan azad etdikdən sonra Mehriban xanımın cənab Prezidentimiz ilə birgə o torpaqlara səfər etməsi, fəaliyyət göstərməsi, məcburi köçkünlərlə, qazilərlə görüşməsi, onlara yardım etməsi və sairə, bütün bunların hamısını nəzərə alıb Azərbaycan millətində bu xanıma qarşı çox böyük məhəbbət, sevgi, inam formalaşıb. Əlbəttə ki, bu sevgi onun gördüyü işlər, fəaliyyətinin bariz nəticəsidir. Onun daxilində yalnız insanlara köməklik etmək, yardım etmək, onların xoşbəxtliyi üçün əmək sərf etməkdir. Beləliklə, Mehriban xanımın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə, ümumilikdə vacib sahələrə göstərdiyi diqqət, köməklik, məhəbbətə görə ona təşəkkür edir, işlərində böyük uğurlar, nailiyyətlər arzulayır, hər zaman cansağlığı diləyirəm".

Xalq artisti, muğam ustası Mənsum İbrahimov Heydər Əliyev Fondunun xüsusən Azərbaycan muğamının inkişafı üçün gördüyü işlərdən danışıb: “Heydər Əliyev Fondunun  gördüyü işlər  cəmiyyətimizdə göz qabağındadır və hər kəs bunu bilir. Bu Fond yarandığı gündən muğamımızın ikinci inkişaf dövrü başlayıb. 2005-ci ildən bəri həyata keçirilən həm televiziya muğam, həm də beynəlxalq muğam müsabiqəsi nəticəsində onlarla gənc xanəndə bizim sənətə gəlib, sıralarımıza qoşulub.  Xatırladım ki, bu günə qədər Heydər Əliyev Fondunun dəstəyi ilə 8 televiziya muğam müsabiqəsi, 6 beynəlxalq muğam festivalı keçirilib. Sonuncu müsabiqəmiz bu yaxınlarda yekunlaşdı və qürurverici hal o oldu ki, müsabiqənin finalı Şuşada, Cıdır düzündə keçirildi.

Bu gün Azərbaycanın muğamının dünyada tanınmasında Mehriban xanımın çox böyük dəstəyi var. Biz bunu hər zaman hiss edirik, istər keçirilən muğam müsabiqələrində, istərsə də Avropada,  Qərb ölkələrində keçirilən konsertlərdə.

Mehriban xanım təkcə muğam, mədəniyyət deyil, həm də cəmiyyətimizin bir çox sahələrində sosial yönümlü böyük layihələr həyata  keçirib və bu işini davam etdirir.  Həm öz adımdan, həm də bütün muğam ifaçıları adından Mehriban xanımı ürəkdən təbrik edir, ailə səadəti, qoşa qanad kimi Prezidentimizlə birgə Azərbaycanın inkişafı uğrunda gördüyü işlərdə uğurlar, nailiyyətlər arzulayıram".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR