İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın atdığı hər addım legitimdir!” - Millət vəkilinin savaş dəyərləndirməsi

“Ermənistan yenə də öz təcavüzkar mahiyyətinə söykənərək Azərbaycana qarşı növbəti dəfə təxribat törətdi. Bu dəfə daha sistemli, nəticəsi ağır ola biləcək təxribatlara əl atdı”.

Bu fikirləri Musavat.com-a millət vəkili Fəzail Ağamalı bildirib.

O qeyd edib ki, bu, gözlənilən idi: “Bir müddətdir erməni silahlı qüvvələri ard-arda təxribatlar törədirdilər. Bu da onu göstərir ki, Ermənistan təcavüzkarlıq niyyətlərindən əl çəkməyib. Ermənistan sülh müqaviləsinin tərəfdarı olduğunu desə də, əməldə təxribatlar törədir. Saysız-hesabsız mina basdırmaqla silahlı qüvvələrin şəxsi heyətinə, eləcə də quruculuq işləri ilə məşğul olan vətəndaşlarımızın həyatına təhlükə yaratmağa davam edilir. Biz arxayınıq. Azərbaycan Silahlı Qüvvələri bütün prosesə, ermənilərin hər addımına nəzarət edir. Göründüyü kimi, onların diversiya qruplarının hücum xarakteri daşıyan addımlarına qətiyyətli cavab verilir. Təəssüf ki, itkilər oldu. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərin ailələrinə baş sağlığı verirəm. Bunun sonu olacaq. Proses buna doğru gedir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və polad iradəsi ilə faşist düşüncəli Ermənistana tarixi dərs verilməkdədir”.

Millət vəkili bildirib ki, hər dəfə olduğu kimi, bu dəfə də Ermənistanın yanında olan qüvvələr özünü göstərdi: “Bəzi güc mərkəzləri yenə də Ermənistanı himayə etməkdədirlər, təxribatlara haqq qazandırmaqdadırlar. Bu, təəssüf doğurur. Azərbaycan suveren dövlətdir. Ermənistanın legitim hərbi qüvvələrini, hərbi məntəqələrini məhv etmək səlahiyyətinə malikdir, çünki Azərbaycana qarşı hücumlar var. Hərbçilərin, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bu baxımdan Azərbaycanın atdığı hər addım legitimdir. Beynəlxalq hüquq norma və prinsiplərinə söykənən davranışlardır. Bundan sonra da Azərbaycan qətiyyətli addımlar atmalıdır. Separatçılar anti-terror əməliyyatları ilə məhv edilməlidir ki, təxribatlara son qoyulsun. Sərhəddə təhlükəsizlik zonası yaradılmalıdır ki, bu təxribatlara son qoyulsun”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR