Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı və Avropa hökumətlərinin rəsmiləri Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair sazişin müddətinin 2025-ci ilə qədər uzadılması üçün Kiyev tərəfi ilə danışıqlar aparır. “Bloomberq” agentliyinin məlumatına görə, hazırda müzakirə olunan variantlardan biri də Avropanın Azərbaycandan qaz alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir. Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru Aleksey Çernışov agentliyə bildirib ki, Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban mövzu ilə bağlı Medianews.az-a bildirib ki, Azərbaycan qazının Rusiya ərazisi ilə Ukraynaya, oradan da Avropaya daşınması yenilik deyil.
Onun sözlərinə görə, may ayında Bakıya gələn Sovakiyanın Baş naziri Robert Fitso da ikitərəfli görüş zamanı belə bir təkliflə çıxış edib: “Fitso qeyd etmişdi ki, Azərbaycan Avropaya qaz həcmlərini onsuz da artıracaq və bu barədə planlar var. O, bu marşurutları diversifikasiya etmək, Ukrayna üzərindən qaz təchizatını təmin etmək təklifini irəli sürmüşdü. Baş nazir xatırlatmışdı ki, 31 dekabr 2024-cü ildə Rusiya qazının Ukrayna üzərindən tranzitinə dair beş illik müqavilə başa çatır və o yenilənməyəcək. Çünki, Brüssel və Kiyevin fikiri belədir. Vəziyyətdən çıxış yolu kimi Rusiya və Ukraynanın qaz infrastrukturundan isitfadə etməklə, müəyyən həcmləri göndərmək olar. Bu, belə bir təklif idi. “Bloomberq” agentliyi bu fikiri inkişaf etdirərək yazır ki, Avropada bu ideya var və bu ideya ətrafında müəyyən işlər gedir. İkinci bir tərəfdən qeyd edir ki, bu, başlanğıc bir səviyyədədir. Bundan da belə qənaətə gəlmək olar ki, tərəflər hansısa şərhlər vermək istəmir. İkinci bir tərəfdən, ortada ictimailəşdiriləsi hansısa bir məsələ də yoxdur ki, onu hər hansı bir qruma istinadən kimsə desin, məlumat yaysın. Yəni, məsələ hələ məchuldur, lakin ideya şəklində var. Slovakiyanın Baş naziri bunu ilk dəfə dilə gətirib. Baxaq görək, bu nə dərəcədə mümkün olacaq”.
İqtisadçı-ekspert deyib ki, ilk növbədə Azərbaycan Ukrayna üzərindən Avropaya nə qədər qaz nəql edəcəyini bilməlidir: “Baxaq görək, il ərzində Avropaya Ukrayna üzərindən nə qədər qaz nəql edilir. Bu, gündəlik 41, 42 milyon kubmetr, illik isə təqribən 15 milyard kubmetr təşkil edir. Bu, böyük həcmdir. Azərbaycanın Avropada satdığı qaz həcmi ötən il 11,8 milyard kubmetr olub. Bu il də, elə o ətrafda, 12 milyard kubmetrə yaxın olacaq. Yəni, biz istəsək də, təklif olunan marşrutla Avropaya Rusiya qazı həcmində mavi yanacaq çatdıra bilmərik. Buna səbəb qazımızın olmaması deyil. Azərbaycan qazı TANAP, TAP layihələri vasitəsilə ixrac olunur. Əgər biz bu qədər qazı vermək istəsək, o zaman bu layihələr üzrə qaz təchizatı aşağı səviyyədə qalar. İkinci bir tərəfdən Azərbaycanla Rusiya arasında qazı ötürə biləcək infrastrukturun maksimal buraxılış gücü təxminən beş milyard kubmetrdir. Yəni biz maksimum beş milyard kubmetr həcmində qaz verə bilərik”.
İ.Şaban deyib ki, hazırda Ukrayna üzərindən Rusiya qazını iki dövlət alır: “Bu ölkələrin biri Slovakiya, digəri Avstriyadır. Hansılar ki, Rusiya qazından aslı vəziyyətdədirlər. Əgər bütün tərəflər, yəni Rusiya, Ukrayna, o cümlədən biz bu razılığı əldə edə bilsək, nəqletmə xərcləri nəzərə alınsa, kiçik bir həcmdə, təxminən 2 milyard kubmetr qaz ötürə bilərik. Çünki biz Slovakiya və Avstriyaya heç vaxt qaz satmamışıq. Onalar üçün bizim ixrac balansımızda 2025-ci il üçün qaz həcmi nəzərdə tutulmayıb. Amma 2025-ci ildə “Azəri-Çıraq-Günəşli”nin dərin qatlarından təbii qaz çıxacaq. Onun həcmi də maksimum 1,5 milyard kubmetr olacaq. 500 milyon da öz imkanlarımız daxilində bunu həll edib göndərə bilərik. Bizim özümüzdə Avropanın Rusiyadan il ərzində aldığı 15 milyard kubmetrlik mavi yanacaq yoxdur. Digər tərəfdən, Avropanın Ukrayna üzərindən Rusiyadan aldığı qazın həcmindən 10 dəfə aşağı həcmdə qazı almaq üçün özünü oda-közə vurub-vurmayacağı sual doğurur. Bundansa elə həmin həcmdə Almaniya üzərindən maye-qaz alıb, Avstriya və Slovakiyanın nəqletmə sisteminə verə bilər. Bu o demək deyil ki, Rusiya qazı olmasa bu iki ölkə qaranlığa duçar olacaqlar. Kifayət qədər interkonnektorlar var ki, bunun vasitəsilə qaz nəqletmə sisteminə birləşiblər. Hesab edirəm ki, bu məsələ iqtisadi olmaqdan daha çox siyasidir”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ