İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycanda süni intellekt həlli hazırlamaq mümkünsüzdür, çünki..." - DETALLAR

"Azərbaycanda süni intellekt həlli hazırlamaq üçün zəruri olan superkompüter dövlət qurumu və biznes üçün əlçatandırmı? Məsələn, ölkədə hansısa bir qurum, dövlət qurumu, yaxud özəl qurum, yaxud da bir elmi-tədqiqat qurumu hansısa bir süni intellekt həlli yaratmaq istəyir, onlar indiki anda bunu reallaşdıra bilərlərmi? Təəssüf ki, hazırda bu, real görünmür".

Musavat.com xəbər verir ki, bu barədə İKT sahəsi üzrə mütəxəssis Osman Gündüz bildirib.

osman.jpg (66 KB)

Mütəxəssisin fikrincə, bunun üçün 4 şərt vacibdir:

"1. Superkompüter, yəni süni intellekt sistemlərini işlətmək üçün zəruri olan, yeni nəsil çiplərlə təmin olunan yüksək gücə malik kompüter.

Təəssüf ki, maraqlı tərəflər üçün əlçatan belə bir superkompüter hələlik bizdə yoxdur, UFAZ-da və ADA-da olanlar dar çərçivədə istifadə üçün nəzərdə tutulub.

2. Data, hansı ki, əsasən hökumətin əlində cəmləşib - maraqlı tərəflər üçün əlçatan deyil.

3. Dilin Milli Korpusu, hansısa komponentləri mövcud olsa da, hamı üçün əlçatan bir milli resurs ortada yoxdur.

4. İndiki anda bütün işlər üçün zəruri olan, başqalarının arzuladıqları enerji təminatı bizdə var, amma bunun əsasında başqalarının hazırladıqları bizdə yoxdur".

Osman Gündüz hesab edir ki, hökumət təcili şəkildə maraqlı tərəflər üçün əlçatan olan belə bir infrastruktur formalaşdırmalıdır:

"Yəni dövlət qurumlarının, biznes və elmi institutların süni intellekt əsaslı işləri üçün əlçatan olan bir mərkəz formalaşdırılmalıdır.

RİNN-in Aİ Lab qurumu tərəfindən bu istiqamətdə müəyyən işlər görülürdü. Lakin görünən odur ki, hələlik ortada real nəticələr yoxdur. Bu sektorda olan maraqlı tərəflər - RİNN, İN, ETN, biznes qurumları və s. birgə səylərini gücləndirməlidirlər. Bura böyük resurslar yatırılmalıdır".

Osman Gündüz qeyd edib ki, dünyada, qonşu ölkələrdə bu istiqamətdə böyük investisiyalar yatırırlar, Qazaxıstan və Ermənistan bu sahədə daha aktiv görünürlər, lakin Azərbaycan bu məsələdə gecikir:

"Düşünürəm ki, ölkəmizdə süni intellekt həllərinin yaradılması və tətbiqi məqsədilə yaşıl enerji təminatlı bir superkompüter mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR