İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda narkotiklərin topdan və pərakəndə qiymətləri bilindi – 1 kiloqramı 600 min...

Xəbər verdiyimiz kimi 2024-ci ilin 11 ayı ərzində Azərbaycan ərazisində qanunsuz dövriyyədən çıxarılan kokain, heroin, həşiş, tiryək və psixotrop maddələrin ümumi dəyəri 154 milyon 579 min manat kimi qiymətləndirilir.

Musavat.com xəbər verir ki, bu rəqəmlər Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatında yer alır. 2023-cü ildə isə qanunsuz dövriyyədən 281 milyon 484 min manatlıq narkotik vasitələr çıxarılmışdı. Ötən il hüquq mühafizə orqanları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli ümumilikdə 8 min 549 cinayət faktı aşkarlayıblar. Onlardan 2 min 837-si narkotik vasitələrin qanunsuz satışı, 5 min 478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 403 kiloqram 647,445 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Həmin maddələrin 524 kiloqram 059,659qramını heroin, 5 ton 313 kiloqram 809,136 qramını marixuana, 164 kiloqram 849,07 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 205 kiloqram 385,123 qramını psixotrop maddələr, 156 kiloqram 692,014 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 38 min 807 ədəd metadon, 15 min 392 ədəd çətənə kolu, 429 qram və 240 ədəd həb şəkilli güclü təsir edən maddə,10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.
Ötən ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Dövlət Komissiyasının məlumatında bu gün Azərbaycanda “qara bazar”da satılan narkotik vasitələrin topdan və pərakəndə satış qiymətləri də yer alır.
Belə məlum olur ki, Azərbaycanda ən baha narkotikin – kokainin 1 kiloqramı 250-300 min manatdır. Heroin 17-20 min manat, tiryək 3-3 min 500 manat, yerli marixuana 10-12 min manat, İran mənşəli marixuana 6-8 min, həşiş 2-2 min 500 manat, metamfetamin 22-23 min, ekstazi həblərinin ədədi 20-25 manatdır.
Narkotiklərin pərakəndə satış qiymətləri isə belədir. Kokain pərakəndə satışda 500-600 min manat, heroin 25-40 min manat, tiryək 10-12 min manat, marixuana 20-25 min manat, həşiş 7-8 min manat, metamfetamin 50-70 min manat, ekstazi həblərinin ədədi 30-35 manatadır.
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən Arzu Nağıyev Musavat.com-a deyib ki, Azərbaycanda son illər narkotiklərlə mübarizə sahəsində çox ciddi tədbirlər görülür: “Narkotik təkcə Azərbaycanda deyil, bütün dünyada problemə çevrilib. Artıq ölkə ərazisindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni nəql olunması nəinki Azərbaycanın, hətta regionun çərçivəsindən çıxaraq böyük miqyaslı bir problemdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığının qarşısının alınması istiqamətində ciddi işlər aparılır.

Bu gün transmilli mütəşəkkil cinayətkar dəstələrin əsas 4 istiqamətdə fəaliyyəti var. Bunlar
İran – Azərbaycan;
İran – Azərbaycan – Rusiya – Yaponiya;
İran – Azərbaycan – Gürcüstan – Avropa;
İran – Azərbaycan – Rusiya – Ukrayna.

Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda və digər tranzit ölkələrində satılır. Fikir verirsinizsə, tədbirlərin miqyası genişləndikcə, keyfiyyətcə yeni mərhələyə adladıqca, narkomafiyalar da iş prinsiplərini yeniləyirlər. Motokuryerlərdən, mopedlərdən, dronlardan istifadə nisbətən yeni üsullardır. Amma bunlara qarşı da mübarizə aparılır və hər ötən gün daha da təkmilləşdirilir. Ümumilikdə isə yaxın 20-30 ildə dünyanı ağuşuna alan narkotik bəlasının kökünü kəsmək mümkün görünmür. Bu problem yalnız dünya dövlətlərinin birliyi sayəsində çözülə bilər. Bir dövlət təkbaşına narkotik bəlasının öhdəsindən tam olaraq gələ bilməz. Bunun obyektiv səbəbləri var. Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki, ölkə ərazisinə narkotiklərin daşınması, yayılmasının önlənməsi üçün müvafiq tədbirlər görür. Bilinən faktdır ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur. İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub. Bu gün “qara bazar”da 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini 5 nəfər istifadəçi alırdısa, hazırda 1 qram heroin 7 hissəyə bölünərək satılır. Ölkə ərazisində qanunsuz dövriyyədən çıxarılan narkotik və psixotrop maddələrin azalması da təsdiq edir ki, Azərbaycan İranla sərhədini möhkəmləndirib. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başladı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - ”Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçirdi. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınırdı. Hazırda sərhədlərin möhkəmləndirilməsi daşımaları xeyli çətinləşdirir. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedirdi. Azərbaycanın Qarabağ zonası işğal altında olarkən narkodəstələr həmin ərazilərdə müəyyən laboratoriyalar da saxlayırdı. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçmişdi. 44 günlük Vətən müharibəsinə qədər Dağlıq Qarabağ heroin trafikində önəmli yer tuturdu. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı “Dünya Narkotiklər hesabatı”nda bildirilirdi ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur.

BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır. Bu rəqəm hər il artır. Çox təəssüf ki, xüsusilə gənc nəsil narkotik vasitələrin təhlükələri, onların istifadəsinin ciddi nəticələrini tam olaraq dərk etmirlər. Bu baxımdan müntəzəm maarifləndirmə mühüm əhəmiyyətə malikdir. Cəmiyyətdə “ağ ölüm” adlanan narkotiklə mübarizənin inkişafı və yayılması, insanların maarifləndirilməsi üçün narkotik vasitələrin tərkibi ilə birbaşa və ya dolayı yolla beyinin funksiyalarını dəyişdirən və buna bağlı olaraq fiziki və psixi sağlamlığı təhdid edən maddə olması təlqin edilməli, fəsadlarının ciddiliyi, həyat, birgəyaşayışa çox ciddi zərbələr vurduğunu dönə-dönə izah etmək vacibdir. Hər bir gənc bilməlidir ki, narkotiklər fiziki sağlamlığın pozulması və insanın sinir sisteminin alt-üst olması, müxtəlif nevroz hallarını şərtləndirir. Narkotik maddələr qan dövranına da təsir edərək qanda oksigen və digər maddələrin orqanlara normal çatdırılmasını məhdudlaşdırır. Xüsusi olaraq gənclər, həmin o mopedin, motoskletin sükanı arxasına keçib narkokuryerlik edənlər bilməlidirlər ki, cinayətə cəlb ediliblər və özləri kimi gəncləri zəhərləməklə məşğuldurlar. Və harada olmaqlarından asılı olmayaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gec-tez başlarının üstünü kəsdirəcəklər".

Qeyd edək ki, Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulmuş, narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlamış, memorandumlar imzalamış, bu sahədəki fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR