Onlayn ictimai-siyasi qəzet
Braziliya, Qazaxıstan, Monqolustan, Belarus, Ukrayna və digər Avropa ölkələrindən Azərbaycana idxal olunan ət məhsullarnını kiloqramı yerli bazarlara nisbətən daha ucuz, alıcısı isə çoxdur.
“Xəzər Xəbər” bu barədə süjet hazırlayıb. Rəsmi statistik rəqəmlərə əsasən, ötən il ölkəyə ət idxalı 41 faiz artıb. Bəs son illərdə artan tələbat səbəbi ilə ölkəyə idxal edilən Monqolustan quzusu və Ukraynadan gətirilən iribuynuzlu heyvan ətlərinin qiymətləri hansı aralıqdadır?
Ölkəyə idxal edilən ətlərə, xüsusilə Monqolustan quzusuna tələbat kifayət qədərdir. Qiymətlərə gəldikdə isə yerli ətlə müqayisədə nisbətən ucuzdur. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.
Ukraynadan idxal edilən mal ətinin qiyməti isə hissələrə uyğun olaraq 12-14 manata aralığında dəyişir.
İqtisadçı Xalid Kərimli bildirir ki, xaricdən ölkəyə ət idxalında artımın olması yerli ət qiymətlərində artım və əhalinin ətə olan tələbatının çoxluğu ilə əlaqədardır.
AQTA-nın şöbə müdiri Əkbər Əliyev deyib ki, idxal olunan məhsullar yalnız beynəlxalq baytarlıq sertifikatına malik olmalıdır.
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzunu “Yeni Müsavat” a şərhində bildirdi ki, ətin qiyməti yerli bazarda sürətlə artıb. Onun sözlərinə görə, belə bir fonda biznes qurumları çevik hərəkət etdilər və adıçəkilən ölkələrdən ölkəmizə ət idxalı başlandı ki, bu, çox normal haldır: “Təxminən 2 ay müddətində ətin qiymətində artım müşahidə olundu. Əhalinin isə yerli ətə tələbatı böyükdür, çünki yerli ət insanların damaq dadına uyğundur. Lakin ölkədə kənd təsərrüfatı siyasəti arzuolunan səviyyətə deyil. Kənd təsərrüfatı siyasəti ilə məşğul olan şəxslər televiziyalarda çıxış edərək deyirlər ki, quzu əti yeməyin, zərərlidir, pisdir, dadsızdır. İnsanları quzu əti istehlakından çəkindirmək kimi primitiv, gülünc kənd təsərrüfatı siyasəti aparmaq olmaz! Peruda kənd təsərrüfatı yaxşı inkişaf edib. Mənimlə tez-tez əlaqə saxlayan tanışım Azərbaycanda meqa fermaların yaradılmamasına təəccüb edir. Yerli istehsal zəifdir. Buna görə də xaricdən ət alınması prosesi davam edir. İdxal olunan məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır - məhsullar təmizdir, qorxulu heç nə yoxdur, sadəcə keyfiyyəti insanların damaq dadına uyğun deyil. Ola bilər ki, ətin dadı heyvanların yemi ilə əlaqədardır, lakin ətlərin təhlükəsiz olmasına dair şübhə yoxdur”.
E.Hüseynov vurğuladı ki, işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq üçün hərtərəfli şərait mövcuddur: “Təklifimiz budur ki, dövlət qurumları vaxtilə bu ərazilərdə çalışmış yerli mütəxəssisləri, baytarları səfərbər etsinlər. Əgər işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcərdə heyvandarlıq təsərrüfatları yaradılarsa, yaxın 8 ildə Azərbaycan özünü ətlə tam təmin edə bilər, üstəlik ətin qiyməti də daha ucuz olar. Onu da qeyd edək ki, istehlakçılar xaricdən gətirilmiş ətlər barədə məlumat almaq hüququna malikdirlər. Satıcılar ətin hansı ölkədən gətirildiyini və s. məlumatları ətraflı şəkildə alıcılara təqdim etməkdə məsuldurlar”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ