Onlayn ictimai-siyasi qəzet
“Toplum TV“ və “Abzas Media”nın (guya) müdafiəsi məqsədilə təşkil olunan saxta oyunları və radikal qüvvələrin spekulyasiya cəhdlərini nəzərə alaraq, bir araşdırma yazımı oxucuların diqqətinə təqdim edirəm. Eyni zamanda mövzuya giriş etmədən öncə bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, adı çəkilən hər iki təsisat bir azdan haqqında bəhs edəcəyim qlobal terror şəbəkəsinin törəmələridir. Niyə? Necə? Hansı səbəbə? - Səbir edin. Detal və təfsilatlarla tanış olandan sonra hər şeyi biləcəksiniz....
***
Narıncı (rəngli) inqilabların dalğası məhz Azərbaycanda durdurulub. Bunu beynəlxalq ekspertlər də etiraf edir. Məlum fakt isə həm Çin Şarpın “sakit inqilab” konsepsiyasının sona çatması, həm də “Soros” fondunun əsl mahiyyətinin üzə çıxması, ifşası demək idi. Və belə olan halda artıq yeni mərhələyə keçid almağın, paralel olaraq “B” planını dövriyyəyə buraxmağın labüdlüyü Qərb dairələri tərəfindən dərhal müzakirəyə çıxarıldı. Çıxarıldı və anındaca qərar verildi:
1) Radikal müxalifətə ayırılan qrantlar özünü doğrultmur.
2) Maliyyəni müasir şəbəkə texnologiyaları ilə işləyə bilən gənclərə ayırmaqla daha böyük nəticələrə nail olmaq mümkündür.
5) Siyasi iqtidara qarşı kompromatlar sosial partlayışlara mühüm təkan verə bilər.
6) Bu kompromatların hazırlanması və cəmiyyətə fərqli aspektdə sırınması “araşdırmaçı jurnalistika” adı altında həyata keçirilməlidir..
Və beləcə prosesin ümumi gedişatı “0” nöqtəsindən etibarən sosial şəbəkələrə adlayır, vəziyyətin mürəkkəbliyi haqda cəmiyyətə mesaj ötürülür və maksimum şəkildə kütləviliyin təmin olunması üçün yeni rıçaqlar, resurslar hərəkətə gətirilir.
Eyni zamanda yayımlanan, müzakirəyə çıxarılan məlumatların ən səhih mənbəyi kimi “ARAŞDIRMAÇI JURNALİSTİKA” göstərilir və...bu işin də əsas funksionallığı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (bundan sonra mətndə “OCCRP” kimi oxunacaq) adlı quruma həvalə olunur..
Elə araşdırmalarıma da məhz bu nöqtədən başlayıram…
Kimdir, nəçidir, “OCCRP”?!
İnternet resurslarında təşkilatın özü haqqında yazdığı məlumat belədir: ”2007-ci ildə yaranan Müstəqil Araşdırma Konsorsiumu”.
Yerləşmə məkanı olaraq Sarayevo göstərilir və qurumun 5 postsovet ölkəsi (Rusiya, Ukrayna, Latviya, Ermənistan, Gürcüstan) ilə tərəfdaşlıq-təmsilçilik müqaviləsinin olması qeyd edilir.
Təqdimat da maraqlıdır: “Təşkilat jurnalistlər üçün qiymətli mənbə sayıla biləcək şirkət yazışmalarının, bank-maliyyə əməliyyatlarının, istintaq protokollarının, məhkəmə stenoqramlarının (buna kompromat deyək) “online” resursunu hazırlayır və tirajlayır..
İnformasiya xarakterli (önəmli) məqam: “OCCRP” Merilenddə yerləşən “Jurnalistikanın İnkişafı Şəbəkəsi”nin qeydyyatdan keçmiş rəsmi adıdır..
Paradoks da elə buradan başlayır. Və ya, ilk baxışda jurnalistika sahəsində ən tanınmış Universitetin olduğu Merlienddə belə bir təşkilatın yaranmasını ehtimal etmək olardı. Amma paralel fonda bu sual da meydana çıxırdı. Ki, yaxşı bəs əgər belədirsə, o zaman niyə təşkilat haqqında məlumatlar konfidensial şəkildə saxlanılır? Elə məsələ də budur: Çünki saxlamağa heç nə yoxdur! Çünki “Jurnalistlərin İnkişafı Şəbəkəsi” adında qurum ümumiyyətlə, mövcud deyil!. Çünki Merilenddə sadəcə “OCCRP”nin redaktoru kimi adıkeçən Endryu Sallivan yaşayır. Vəssalam.
...Növbəti mərhələyə keçid alırıq....
Təşkilatın maliyyəçiləri arasında Soros, ABŞ Milli Demokratiya Fondları və USAİD-lə yanaşı “Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsimu” (İCİJ) və “SCOOP” da var. Diqqət cəlb edən nüans isə adı çəkilən son 2 qurumun eyni tarixdə, eyni gündə, eyni saatda yaranmasıdır!
“OCCRP“in “bizim müxbirlər” bölməsində (http://www.icij.org/journalists) dünya xəritəsi bölümünü tapıb Azərbaycan nöqtəsini “tıklayan” kimi Xədicə İsmayılovanın adı çıxır və onun haqqında (qatı müxalifətçi qismində) əhatəli məlumat verilir.
“OCCRP”lə bağlı heyrət doğuran daha bir fakt: Ərazi vahidi üzrə çox böyük olan Rusiyadan bu qurumda cəmi 3 nəfər, Türkiyə kimi dövlətdən 1 nəfər, Ermənistan və Gürcüstandan isə ümumiyyətlə, heç kim təmsil olunmur. Amma “OCCRP”in başqa bir portnyoru-Hollandiyanın “Araşdırmaçı Jurnalistlər Asossiasiyası” tərəfindən təsis edilən “SCOOP” (Jurnalist Araşdırmalarına Dəstək Fondu) öz bloqunda bildirir ki, biz Qafqaz üzrə təmsilçiyik və...nə qəribədir, mövcud təmsilçilik sadəcə Azərbaycanla məhdudlaşır. Lap dəqiq desəm: onlar tərəfindən ayırılan bütün qrantlar yalnız və yalnız Qərbin Azərbaycanla bağlı riyakar layihələrinə, konkret olaraq “söyüş müxalifəti” adlandırdığımız qüvvələrə yönləndirilir. (Məsələn, “Azərbaycan saatı” – rəhbəri Qənimət Zahid (ildə 170 min avro), “Azad söz” kanalı – rəhbəri Tural Sadıqlı (ildə 87 min avro), “Osmanqızı TV” - rəhbəri Sevinc Osmanqızı (hər veriliş sayına görə 2400 avro).
“OCCRP”in mərkəzi ofisi Praqada, “Azadlıq” radiosunun bir addımlığında yerləşir.
“OCCRP”in Silikon vadisindəki “Gələcək İnstitutu” və dünyanın ən güclü beyin mərkəzlərindən biri hesab olunan Stenford İnstitutunun xüsusi texnoloji proqram paketi hazırlayan qurumları ilə işbirliyi var. Eyni zamanda onun “araşdırma lövhəsi” adlanan xüsusi axtarış-proqram saytı Azərbaycan da daxil olmaqla bütün dünya üzrə şirkətlər barədə məlumat bazasını əks etdirir və bu baza daim yenilənir. Həmin “araşdırma lövhəsi” layihəsinin rəhbəri isə Xədicənin dostu, haker-araşdırmaçı, biznes resurslarına girişi təmin edən Raul Radudur!
Nəhayət!
Gələk, “Abzas Media” və “Toplum TV”yə.
OCCRP onları necə yaradıb? Əlbət, Xədicə İsmayılova vasitəsilə. Daha sonra isə hədəflər müəyyənləşdirilib, təlimatlar verilib, hesablar açılıb, pulötürücülüyün mexanizmi (əsasən Gürcüstan üzərindən) dəqiqləşdirilib və plan üzrə hərəkətə keçilib. Üstəlik, strategiya da ilkin mərhələdə belə razılaşdırılıb ki, ən azından növbəti Prezident və Parlament seçkilərinə qədər ölkədə etibarsızlıq mühitinin formalaşmasına, hazırkı hakimiyyətə qarşı bəlli bir dozada qəzəbin yaranmasına, aqressiv-narazı kütlənin minimum 30 faiz civarına çatdırılmasına, iqtidar komandası daxilində guya ciddi böhranın mövcudluğu barədə informasiyaların ard-arda, intensiv şəkildə sosial şəbəkələrə ötürülməsinə, Azərbaycanın ən üst siyasi elita təmsilçilərinin təhqir və söyüş fonunda gözdən salınmasına, nüfuzdan düşməsinə nail olunsun.
Burada sadəcə sonuncu komponent (vəzifə) xaricdə məskunlaşan və bloqer adı ilə cinayət missiyası həyata keçirən qrup üzvlərinə həvalə edilib. Səbəb də odur ki, həmin yaramazların həbs olunmaq təhlükəsi sığortalansın, söyüş söymək, təhqir etmək rahatlığı qarantiyaya alınsın və xüsusən də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə bağlı xaricdən gələn tezislər tərəddüdsüz formada icra olunsun.
Belə…
İndi hörmətli oxucu özü müəyyənləşdirsin ki, məhkəmə zallarında “timsah göz yaşları” tökənlərin, azyaşlı övladlarının şəkillərini paylaşmaqla blef edənlərin, 3-5 manata görə vətən satanların, xarici kəşfiyyat orqanlarının əlində alət olanların, “OCCRP” kimi cinayətkar şəbəkənin agentinə, marionetinə çevirilənlərin yeri həbsxanadır, yoxsa azadlıq?
Elşən Musayev,
Milli Məclisin deputatı
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ