Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Nazirlər Kabineti mart ayının on iki gününü qeyri-iş günü elan edib. Martın 20-dən başlanacaq istirahət ardıcıl davam edərək aprelin 1-də bitəcək. Nazirlər Kabinetinin qərarı qəzetlərin fəaliyyətinə necə təsir edəcək? Qeyri-iş günlərində qəzetlər çap olunacaqmı?
“Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzrin Nurullayeva Medianews.az-a deyib ki, redaksiya qeyri-iş günlərində fəaliyyət göstərmir: “Martda sonuncu iş günü ayın 19-na düşür. Deməli, qəzetimizin həmin ay son sayı martın 20-də köşklərə çıxacaq. Bir də aprelin 1-də işə başlayacağıq ki, bu da “Yeni Azərbaycan”ın 20 martdan sonrakı sayının aprelin 2-də işıq üzü görəcəyi deməkdir”.
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev Medianews.az-ın sorğusuna belə cavab verib: “Bizim redaksiya bir qayda olaraq qeyri-iş günlərində istirahət edir. Heç kimə sirr deyil ki, indi onsuz da qəzetlərin satışı çətindir. Qeyri-iş günlərində oxucuların çoxu istirahətdə olur. Müəssisələr də fəaliyyət göstərmir. Deməli, qəzet alıcıları – istər müəssisələr, istərsə də ayrı-ayrı vətəndaşlar olsun, – istirahətdə olacaq. Ona görə qəzet satışının ümumən çətin dövründə qeyri-iş günlərində qəzet çıxarmağın bir anlamı qalmır. Lakin qəzetimizin sutka boyu yenilənən saytı istirahət günlərində də fəaliyyətdə olacaq”.
“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirib ki, qəzetlərin çap olunması məsələsi həm mətbəənin, ən əsas da yayım firmalarının işindən asılıdır: “Onlar işləməyəcəklərsə, qəzet çap etməyim mənası yoxdur. Biz bu qədər uzun fasilə vermək istəməzdik, lakin bizdən asılı olmayan səbəblər var. Çox güman ki, yayım firmaları bayram günlərində işləməyəcək, buna görə biz də “palaza bürünüb, ellə sürünəcəyik”, 20 mart nömrəmiz satışda olacaq. Bayram günlərində əgər hansısa bir fövqəladə hal baş verərsə, əməkdaşlarımız öz postlarını tutacaqlar. Musavat.com saytımız fasiləsiz, “TV Musavat” isə qısa fasilədən sonra yayında olacaq”.
“525-ci qəzet”dən Medianews.az-a deyiblər ki, Nazirlər Kabinetinin qeyri-iş günü elan etdiyi dövrdə redaksiya fəaliyyət göstərməyəcək, martda “525-ci qəzet”in son sayı ayın 20-də, növbəti say isə aprelin 2-də işıq üzü görəcək.
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ