İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda gələn il üçün müdafiə və milli təhlükəsizlik xərcləri BU QƏDƏR OLACAQ

“2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edən maliyyə naziri Samir Şərifov sənədə edilən dəyişikliklərdən danışdı.

Musavat.com-un məlumatına görə nazir bildirdi ki, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb.

S.Şərifov qeyd etdi ki, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% artım) olacağı gözlənilir. Maliyyə nazirinin sözlərinə görə, artım büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat artırılması hesabınadır:

 “Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır. Təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək”.

Maliyyə naziri qeyd etdi ki, Azərbaycanda əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib:

 “Bunun nəticəsi olaraq, təqribən 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi və tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəltmək mümkündür. Bununla müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır”.

Nazirin çıxışından sonra deputatlar büdcə zərfinə edilən dəyişiklikləri təqdir etdilər, cənab Prezidentə və hökumətə təşəkkürlərini bildirdilər.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR