Azərbaycanda elektrobuslar istehsal ediləcək
Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır.
Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 mln. dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.//APA
ŞƏRHLƏRŞƏRH YAZ