Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanda “Təhsil haqqında” qanuna əsasən, distant təhsil rəsmi olaraq mövcud olsa da, xarici universitetlərdə distant formada təhsil alanların diplomlarının Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA) tərəfindən tanınmaması ciddi problemlər yaradır. Bu vəziyyət yalnız fərdi səviyyədə tələbələrin təhsil hüquqlarını məhdudlaşdırmır, eyni zamanda ölkənin əmək bazarına təsir göstərir, eləcə də Azərbaycan təhsil sisteminin qlobal təhsil məkanına inteqrasiyasını çətinləşdirir”.
Bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, hazırda TKTA yalnız əyani və qiyabi formada xaricdə təhsil alanların diplomlarını tanıyır, bu isə Azərbaycanda təhsil alanlarla xaricdə distant təhsil alanlar arasında hüquqi bərabərsizliyə gətirib çıxarır:
“Qlobal miqyasda distant təhsil 21-ci əsrin əsas təhsil modellərindən birinə çevrilib. Pandemiya dövrü ilə birlikdə onlayn təhsil sistemləri kütləvi şəkildə inkişaf etdi və dünyanın ən nüfuzlu universitetləri – Harvard, MIT, Oxford, Cambridge kimi ali məktəblər belə distant təhsil proqramlarını genişləndirdilər. UNESCO-nun 2023-cü il üzrə hesabatına görə, dünyada ali təhsil alan tələbələrin təxminən 20%-i tamamilə distant formada oxuyur. ABŞ-da isə bu göstərici 30%-ə qədər yüksəlib və 2030-cu ilə qədər distant təhsil alanların ənənəvi təhsil alan tələbələrlə eyni səviyyəyə çatacağı proqnozlaşdırılır. Böyük Britaniyada Açıq Universitet və London Universitetinin onlayn təhsil proqramları vasitəsilə hər il on minlərlə tələbə ali təhsil alır və onların diplomları heç bir məhdudiyyət olmadan tanınır. Türkiyədə Anadolu Universiteti, İstanbul Universiteti və digər dövlət universitetləri distant təhsili tam rəsmiləşdirib və məzunlarının diplomlarını dövlət və özəl sektor bərabər əsaslarla tanıyır. Almaniya, Kanada və Avstraliya kimi ölkələrdə də distant təhsil ali təhsilin qəbul edilmiş və qanuni formalarından biri sayılır. Avropa Ali Təhsil Məkanına (EHEA) üzv olan ölkələrin əksəriyyəti distant təhsili akkreditasiya standartlarına uyğun olaraq tanıyır”.
Ekspert qeyd edir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda distant təhsilə qarşı yanaşma daha məhdudlaşdırıcıdır:
“TKTA tərəfindən xaricdə distant formada alınan diplomların tanınmamasının əsas arqumenti distant proqramların keyfiyyətinə nəzarətin çətin olması ilə bağlıdır. Lakin bu yanaşma tamamilə problemli görünür, çünki distant formada təhsil verən bir çox universitetlər artıq beynəlxalq akkreditasiyadan keçib və ali təhsildə keyfiyyət təminatı sahəsində ciddi nəzarət mexanizmlərinə malikdirlər. Məsələn, ABŞ və Avropada fəaliyyət göstərən ABET (Accreditation Board for Engineering and Technology), AACSB (Association to Advance Collegiate Schools of Business), AMBA (Association of MBAs) və digər qurumlar ali təhsil müəssisələrinin həm əyani, həm də distant proqramlarını qiymətləndirir və keyfiyyət standartlarına uyğun olduğunu təsdiqləyir. Azərbaycanda isə TKTA heç bir fərdi qiymətləndirmə aparmadan ümumi bir yanaşma tətbiq edir və distant diplomları avtomatik olaraq tanımır. Bu isə bir çox tələbələrin xarici universitetlərdə təhsil almaq imkanlarını məhdudlaşdırır və əmək bazarında onların hüquqlarını məhdudlaşdıran süni baryerlər yaradır”.
Kamran Əsədov vurğulayıb ki, distant təhsil üzrə diplomların tanınması məsələsi yalnız tələbələrin hüquqları ilə bağlı deyil, həm də Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətinə təsir edən bir faktordur:
“Hazırda minlərlə azərbaycanlı tələbə Böyük Britaniya, Türkiyə, ABŞ və digər ölkələrin distant təhsil proqramlarına yazılır, lakin məzun olduqdan sonra onların diplomları Azərbaycanda tanınmadığı üçün iş tapmaqda çətinlik çəkirlər. Nəticədə, bu tələbələr ya xarici ölkələrdə işləməyə üstünlük verirlər, ya da Azərbaycan daxilində qeyri-rəsmi şəkildə fəaliyyət göstərməyə məcbur qalırlar. Bu isə ölkənin insan kapitalının inkişafına mənfi təsir göstərir və təhsil siyasətində ciddi boşluqların olduğunu göstərir”.
Kamran Əsədov məsələnin həlli yolları ilə bağlı öz təkliflərini də qeyd edib:
“Məsələnin həlli üçün bir neçə istiqamət üzrə dəyişikliklər aparıla bilər. Birincisi, distant təhsil diplomlarının tanınması üçün TKTA tərəfindən beynəlxalq akkreditasiya standartlarına əsaslanan fərdi qiymətləndirmə mexanizmi hazırlanmalıdır. Yəni distant təhsil proqramları avtomatik olaraq rədd edilməməli, əksinə, onların keyfiyyəti və akkreditasiyası nəzərə alınmalıdır. Məsələn, dünya reytinqlərində yer alan və akkreditasiyadan keçmiş universitetlərin distant proqramları tanına bilər. Bu yanaşma artıq Avropa ölkələrində tətbiq olunur. Almaniya, Fransa və Hollandiya kimi ölkələrdə distant diplomların tanınması üçün keyfiyyət təminatı agentlikləri universitetlərin akkreditasiyasını və məzmun uyğunluğunu yoxlayır. Azərbaycan da bu praktikadan istifadə edə bilər və distant təhsil alanların diplomlarını fərdi qaydada qiymətləndirərək tanınmasını təmin edə bilər.
Digər bir həll yolu hibrid təhsilin tanınması ola bilər. Dünyanın bir çox universitetləri artıq distant təhsili tamamilə onlayn deyil, müəyyən əyani komponentlərlə birlikdə təqdim edir. Yəni, tələbələr bəzi dərsləri onlayn alır, lakin praktiki dərsləri və ya seminarlarda iştirak etmək üçün universitetə gedirlər. Bu model Böyük Britaniyada London Universitetinin beynəlxalq proqramlarında, ABŞ-ın Harvard Extension School-da, Avstraliya və Kanada universitetlərində geniş yayılıb. Azərbaycan da bu yanaşmanı tətbiq edərək, tamamilə onlayn olmayan, müəyyən dərəcədə əyani iştirak tələb edən distant təhsil diplomlarını tanıya bilər.
Distant təhsil diplomlarının tanınmaması problemini həll etmək üçün qanunvericilik səviyyəsində dəyişikliklər edilməlidir. Hazırda “Təhsil haqqında” qanunda distant təhsil nəzərdə tutulsa da, onun xarici universitetlər üçün tətbiq olunması ilə bağlı aydın mexanizmlər yoxdur. Bu boşluq aradan qaldırılmalıdır. Əgər distant təhsil rəsmi olaraq qanunla tanınırsa, o zaman xarici universitetlərdə distant təhsil alan şəxslərin diplomları da müəyyən şərtlər daxilində tanınmalıdır. Bunun üçün TKTA universitetlərə və proqramlara fərdi yanaşmalı, yalnız akkreditasiyadan keçmiş və dünya miqyasında tanınan distant proqramları qəbul etməlidir.
Distant təhsilin tanınmaması yalnız fərdi tələbələrə deyil, bütövlükdə Azərbaycanın rəqəmsal transformasiyasına da mənfi təsir göstərir. İnformasiya texnologiyaları, mühəndislik, biznes və bir çox digər sahələrdə distant təhsil effektivdir və bu sahələrdə çalışan mütəxəssislər üçün onlayn təhsil daha rahat və əlçatandır. Məsələn, proqramlaşdırma sahəsində dünyanın ən nüfuzlu onlayn kursları olan Stanford, MIT və Harvard universitetlərinin təqdim etdiyi distant proqramlar beynəlxalq şirkətlər tərəfindən qəbul edilir. Əgər Azərbaycan bu diplomları tanımırsa, bu, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək və IT sahəsində kadrların yetişməsində ciddi maneələr yaradacaq.
Azərbaycanın təhsil siyasəti beynəlxalq təhsil trendlərinə uyğunlaşdırılmalıdır. Əks halda, distant təhsil alan tələbələr ölkəni tərk edərək başqa ölkələrdə iş tapmağa üstünlük verəcəklər. Türkiyə, Rusiya, Qazaxıstan kimi qonşu ölkələr artıq distant təhsil diplomlarını tanıyır və bu sahədə çevik hüquqi mexanizmlər hazırlayırlar. Əgər Azərbaycan bu dəyişiklikləri etməzsə, rəqabətə davam gətirə bilməyəcək və beynəlxalq əmək bazarında yerini itirəcək.
Məsələnin həlli üçün tədrici və balanslı yanaşma tələb olunur. TKTA distant diplomları avtomatik rədd etmək əvəzinə, onların keyfiyyətini dəyərləndirməli və akkreditasiya meyarlarını müəyyən etməlidir. Bu, həm tələbələrin hüquqlarını qoruyacaq, həm də Azərbaycanın ali təhsil sisteminin qlobal standartlara uyğunlaşmasını təmin edəcək”.
Xalidə Gəray
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ