İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda cərrahın maaşı müzakirələrə səbəb oldu - rəylər

Bir neçə gündür ki, sosial şəbəkələrdə həkimlərin maaşı müzakirə edilir. Bəziləri bildirir ki, həkimlərə icbari sığorta ilə yetərincə maaş verilir, yenə narazılıq edirlər. Bəziləri də məbləğin az olmasından danışır. Bütün bu müzakirələr isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədovun verdiyi açıqlamadan sonra yaranıb.

“Yeni Müsavat” xəbər verir ki, o, bir neçə gün öncə jurnalistlərə açıqlamasında deyib ki, hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əmək haqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah, 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var. Onun sözlərinə görə, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqqılarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.

Bir çoxları bu məbləğin həqiqətə uyğun olmadığını deyir, əks təqdirdə həkimlər insanlardan pul almazdılar deyə bildirirlər. Bəzi həkimlər bu müzakirələrin fonunda öz fikirlərini bildiriblər.

Peyvənd edilənlər arxayın olmasınlar” — Həkimdən xəbərdarlıq

Aydın Əliyev: “Həkimlərə qarşı olan aqressiyanı daha da artırmaq istəyirlər”

Həkim-radioloq Aydın Əliyev bu məsələ ilə bağlı narazılığını ifadə edib: “Azərbaycanda 0,9 AZN (90 qəpik) bonus alan həkim də var, onu niyə demirlər? Deyirlər, 24 500 AZN qazanan ümumi cərrah var, zəhmət olmasa açıqlayın, o cərrah ayda neçə əməliyyat edib? O əməliyyatları hansı keyfiyyətdə edib? Sizdən o pulu almaq üçün cərrah gecə-gündüz durmadan əməliyyat etməlidir, bu isə insanın fiziki imkanları xaricindədir. 3-5 normal qazanan həkimin adını hallandırıb, həkimləri insanların gözündən salmaq, həkimlərə qarşı olan aqressiyanı daha da artırmaq istəyirlər. Bir həkim o yerə gəlmək üçün ömrünün ən gözəl illərini, gözünün nurunu qurban verib. Bu açıqlama həkimləri hədəfə gətirməkdir, o həkimlərin özlərini və ailə üzvlərini təhlükəyə atmaqdır. Niyə demirlər ki, Azərbaycanda milyonlarla rüşvət alan məmurlar var, mən hər gün şəhərdə 300 000-500 000 AZN dəyərində olan, piyada keçidində az qala insanların üstünə çıxan çox sayda məmur avtomobilləri və zibilliklərdən çörək yığan insanlar görürəm”.

Dr. Vaqif Qarayev - Onlayn rezervasiya edin, rəyləri oxuyun |  doktorsitesi.az

Vaqif Qarayev

Tanınmış həkim-pediatr Vaqif Qarayev də mövzu ilə bağlı fikirlərini bildirib: “32 min həkim var ölkədə. Rəsmi qurumun açıqlamasına görə onlardan cəmi bir nəfər cərrah ayda 25 000 manat maaş alır. Xoşumuz gəlmir, söyüş-qarğış havalarda uçuşur. Amma bütün dünyada cərrahi profil praktik təbabətin avanqardı sayılır. Həmişə belə olub. Həmişə də cərrahlar yüksək maaş alıb. Əlbəttə hamısı yox, seçilmişlər, daha yüksək peşəkarlığı olanlar! İTS-in tətbiq edilməsinin bir faydası da belə peşəkarları aşkara çıxartmaqdır, əhali üçün əlçatan etməkdir! Başqa sahədə çalışan həkimlərin də maaşını artırmaq lazımdır, onda peşəkarlar çoxalacaq! Sahə həkimlərinə verilən maaş sevindiricidir. Halbuki əvvəllər o həkimlər yolpuluna möhtac idi”. 

Yeri gəlmişkən, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram”ı çərçivəsində xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu aparılır. Bu proqramın vaxtı 2024-cü ilə kimi uzadılıb. Bu, o deməkdir ki, xarici ölkədə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək. Proqrama əsasən cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500 manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunur. Həkim mütəxəssislərin fəaliyyətinin və iş şəraitinin qiymətləndirilməsi məqsədilə Monitorinq Komissiyasının yaradılması nəzərdə tutulub. Komissiya tərəfindən bir həkim-mütəxəssis üçün 6 aylıq əsaslarla monitorinq həyata keçirilir. Monitorinqdən müvəffəqiyyətlə keçdikdə həvəsləndirici əlavələrin ödənilməsi növbəti 1 il müddətinə uzadılır. Monitorinqdən müvəffəqiyyətlə keçmədikdə həvəsləndirici əlavələrin ödənilməsi dayandırılır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR