İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda çay və qəhvənin qiymətləri bahalaşacaq - SƏBƏB

Dünya bazarlarında çay və qəhvənin qiymətlərinin yüksələcəyi, bununla bağlı qlobal şirkətlərin müvafiq addımlar atmağa hazırlaşdığı haqqında proqnozlar gündəmə gəlib. Xarici mediada yayılan xəbərlərə görə, həmin məhsulların bahalaşmasının səbəbləri 2023-cü ilin əvvəlindən dünya xammal bazarlarında qiymətlərin təxminən 20%-ə yaxın artması, Asiya ölkələrindəki quraqlıq, istehsalçılar tərəfindən pərakəndə satıcılara endirimlərin kəskin şəkildə azalmasıdır.

Bəs maraqlıdır, çay və qəhvənin qiymətlərinin artması Azərbaycan bazarlarına necə təsir edəcək?

Musavat.com xəbər verir ki, bununla bağlı oxu.az-a danışan iqtisadçı-ekspert Eldəniz Cəfərov düşünür ki, bütün ərzaq və qida məhsullarının bahalaşması fonunda qəhvə və çayın da qiymətində artımlar labüddür:

“Sadəcə elə məhsullar var ki, onlar bu və ya digər səbəblərdən orta statistik inflyasiya göstəricisindən daha yuxarı olur. Hazırda çay və qəhvədə də eyni vəziyyət müşahidə edilir. Çünki sahənin istehsalçısı olan ölkələrdə iqlim normalarının pozulması, nəticədə müəyyən quraqlığın olması bu məhsulların istehsal həcmlərinə ciddi təsir göstərir. İstehsal həcminin azalması təklifin azalmasına gətirib çıxarır və qiymət artımını qaçılmaz edir. Bu məsələnin birinci tərəfidir.

İkinci məqam isə qeyd etdiyim kimi, ümumi inflyasiya problemidir. Dünyada ərzaq təhlükəsizliyi ön plana keçdiyi üçün çay strateji məhsul hesab edilə bilər. Amma onun stratejiliyi buğda ilə müqayisəyə gəlməz. Ona görə ki, buğda daha strateji olduğundan müəyyən ölkələrdə çay əkin sahələrinin azalması müşahidə edilir. Hansı ki, burada daha çox dənli bitkilərə üstünlük verilir.

Bahalaşma proqnozunun üçüncü səbəbi isə hazırda Rusiyadan gələn siqnallardır. Rusiyada rublun kəskin ucuzlaşması nəticəsində inflyasiya meylləri müşahidə edilir. Çay və qəhvə istehsalçıları da məcburi şəkildə qiymət artımına getməli olurlar”.
Ekspert vurğulayıb ki, Azərbaycanda qəhvə istehsalı həyata keçirilmir:

“Amma çay istehsalı üzrə Azərbaycan ciddi nəticələr ortaya qoymuş ölkədir. Çox təəssüf ki, son dövrlər çay idxalımız ixracımızı on dəfədən çox üstələyir. 2023-cü ilin birinci yarısında ölkədən cəmi 3 milyon 18 min dollarlıq çay ixrac olunub. Bu əvvəlki dövrlə müqayisədə iki dəfədən də artıq azalma deməkdir. Ümumilikdə, 334 ton məhsul ixrac olunub.

Göründüyü kimi, bu sahədə mənzərə o qədər də ürəkaçan deyil, istehsalla bağlı müsbət məqamlar müşahidə edilmir. Digər tərəfdən, dünya bazarlarında qiymətin artması, yerli istehsalın yetərli olmaması qiymət artımlarını qaçılmaz edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR