İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT

2024-cü ilin ilk 3 ayı ərzində ölkəmizin hüquq mühafizə orqanları tərəfindən ümumilikdə dəyəri 51 milyon 36 min manat kimi qiymətləndirilən narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Musavat.com xəbər verir ki, bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda deyilir. Qeyd olunur ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 909 cinayət faktı aşkarlanıb. Onlardan 821-i narkotik vasitələrin qanunsuz satışı, 2 min 76-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,12-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 787 kiloqram 303,666 qram narkotik vasitələrin və psixotrop maddələrin 271 kiloqram 179,209 qramı heroin,1 ton 351 kiloqram 080,549 qramı marixuana, 53 kiloqram 146,627 qramı tiryək, 23 kiloqram 560,45 qramı həşiş, 80 kiloqram 107,451 qramı psixotrop maddələr, 8 kiloqram 229,38 qramı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd metadon həbi, 135 ədəd çətənə kolu və 186,3 qram güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb. 2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kiloqram 303,666 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36 min manat kimi qiymətləndirilir.

Narkotiklərlə əlaqəli 54 qadın tutulub

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1615 nəfər cəlb edilib, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 22 nəfəri xarici ölkə vətəndaşından 99 kiloqramam 487,934 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 539 kiloqramam 313,997 qram narkotik vasitə və psixotrop maddə, 690 ədəd metadon həbi çıxarılıb.

61 narkobanda ələ keçib

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 61-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 499 kiloqram 605 qram narkotik vasitə və psixotrop maddə və 4,6 qram güclü təsir edən maddə müsadirə edilib. 476 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 355 kiloqram 087,2 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Narkotiklərlə əlaqəli cinayətlərin sayı azalıb

Təhlil göstərir ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 264, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 227, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı isə 11 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 5, digər növ cinayət faktların sayı 21, narkotik qaçaqmalçılığı ilə bağlı cinayətlərin sayı 18 fakt, qrup halında olan cinayətlərin sayı 3 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 273 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 224 kiloqramam 091,286 qram azalıb.

20 min 286 nəfər narkotestdən keçirilib

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 20 min 286 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 604 nəfərdən 418 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Qonşun narkomandır? - 802-yə zəng elə!

2024-cü ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 126 vətəndaş müraciəti daxil olub. Onların 41-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 44-ü narkotik asılılıqdan müalicə, 41-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 85 məktub ünvanlanıb. Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR