Onlayn ictimai-siyasi qəzet
“COP29 iqlim dəyişikliyi tarixi konfransı böyük uğurla davam edir. Dünən tədbir çərçivəsində baş tutan Liderlər Sammitində önəmli açıqlamalar verildi. COP29-un boykot edilməsini təşkil edən bəzi qərbli çevrələrə Ali Baş Komandan İlham Əliyev şillə kimi cavab verdi. O bildirdi ki, tədbirə 196 ökədən 72 min şəxs qatılıb. Onlardan 80 nəfəri baş nazir, prezident və ya vitse-prezidentdir. Bu, həmin dairələrə verilmiş ən yaxşı cavabdır”.
Bunu Musavat.com-un müxbirinə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Keçmiş səfir bildirib ki, iki il öncəyə qədər Bakıya gəlib Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycandan qaz istəyən, hətta enerji anlaşması üçün strateji ortaqlıq təklif edən və 2027-ci ilə kimi Avropaya enerji axınının iki dəfəyədək artırılmasını xahiş edən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bu tədbirə qatılmaması ən məntiqsiz addımdır:
“Azərbaycanın qaz satdığı 10 ölkədən 8-i Avropadır. Bunlardan 6-sı isə Avopa Birliyinin üzvüdür. Bəzi Avropa ölkələrinin ikiüzlülüyünü COP29-da bir daha gördük. COP29 siyasi arena deyil, burada bütün insanlığın ortaq problemi: gələcəyi təhdid edən iqlim dəyişikliyi, qlobal istiləşmə, ozon qatının müdafiə problemləri müzakirə olunur. Bunlar sənayeləşmiş ölkələrin insanlığa yaratdığı problemlərdir. Əcəba, bəzi ölkələrin liderləri bu məsələdə günahkar olduları üçünmü COP29-a qatılmadılar?!
30 illik işğaldan sonra ermənilər Qarabağdan çəkilərkən evləri, meşələri yandırdılar. Ermənistanın havadarı olan Fransa bunun hesabını verə biləcəkmi? Çünki Fransa COP29-u boykotda xüsusi fəallığı ilə seçilir. Azərbaycan illərdir ki, ağac əkir, parkların sayını artırır, meşələri çoxaldır.
Heydər Əliyev Fondu “Yaşıl dünya” şüarı ilə Azərbaycanı yaşıl ölkəyə çevirir. Bir sözlə, Azərbaycan COP29-u təşkil etməyi ən çox haqq edən ölkədir. Bir çox Avropa ölkəsinin edə bilməyəcəyi yüksək səviyyədə təşkilatçılıq var.
COP29 Azərbaycanın dünyadakı imicini artıracaq. Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın liderliyi ilə təşkil edilən tədbir uğurlu şəkildə başa çatacaq. Bakı insanlığın gələcəyinə yönəlik qərarlar alınacağı bir mərkəz oldu. Azərbaycanın uğuru Türk dünyasının uğurudur.
Zirvəyə qatılmayan liderlərin iqlim dəyişikliyi və qlobal istiləşməni önləmək yolunda fikirləri varsa, bunları gəlib COP29-da söyləmələri lazım idi. Əgər bunu etmirlərsə, insanlığa qarşı məsuliyyətlərini yerinə yetirmirlər”.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ