İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana xarici sərmayə axınını artıran səbəblər - Bakı üç uğurlu şəhərdən biri kimi...

Qeyri-neft sektorunda ən çox önəm verilən sahə olaraq alternativ enerji istehsalı əsas prioritetə çevrilib

Bakı dünyanın üçüncü ən populyar investisiya məkanı kimi qeyd edilib. Bu barədə “Financial Times”ın "FDI İntelligence" hesabatında deyilir. Qeyd edilir ki, ötən il Azərbaycanda birbaşa xarici investisiyalarla (6,7 milyard ABŞ dolları) bağlı əldə olunmuş razılaşmalar 2017-ci ildən bəri ən böyük nəticədir. Aparıcı investorlar qismində isə Böyük Britaniya (1,9 milyard dollar), Türkiyə (1,3 milyard dollar), Kipr (792 milyon dollar), Rusiya (617 milyon dollar) və İran (396 milyon dollar) qeyd edilir.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinq cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri, ikinci yerdə isə Rumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda bildirilir ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa gəlinib ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur.

Böyük Britaniyanın dünyaca məşhur “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların və korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin "FDI 100" metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapital bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa xarici investisiyaların artım tempini, habelə investisiyalar hesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş 6,7 milyard dollarlıq birbaşa xarici investisiyanın strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69.9 faiz təşkil edib. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2 milyard dollar təşkil edib. 2022-ci ildə bu göstərici 2,3 dəfə artımla 1,8 milyard dollar olmuşdu. Bu isə o deməkdir ki, 2023-cü ildə qeyri-neft sektoruna cəlb olunan xarici investisiyaların artım sürəti əvvəlki illə müqayisədə xeyli zəifləyərək 11,1 faiz təşkil edib. 

Cəlb olunan birbaşa xarici investisiyalar baxımından da neft-qaz sektorunun aparıcı olması Azərbaycan iqtisadiyyatı üçün heç də arzuolunan mənzərə deyil. Bu, uzun illər boyu qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində atılan addımların gözlənilən effekti verməməsinin göstəricisidir. Əldə olunan nəticələr ölkənin neft-qaz sektorundan asılılığının əhəmiyyətli şəkildə azaldılmasına gətirib çıxarmayıb. 

Rəsmi məlumatlardan aydın olur ki, ötən il qeyri-neft-qaz sektorunda bir sıra iri investisiya layihələrinin icrasına başlanıb. Belə ki, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Macarıstanın "Hell Group" şirkəti arasında müqavilə imzalanıb. İmzalanan müqaviləyə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon alüminium içki qutusu olan yeni zavod tikiləcək. Bildirilir ki, istehsal olunan məhsullar yerli tələbatı ödəyəcək və Mərkəzi Asiya ölkələrinə də ixrac ediləcək. 211 milyon dollarlıq böyük investisiya olan layihə 300-dən çox iş yerinin yaradılmasını hədəfləyir.

Azərbaycana əhəmiyyətli investisiyalar yatıracaq daha bir iri layihə Sumqayıt Kimya Sənaye Parkında Çinin “BYD Company Limited” şirkəti ilə tərəfdaşlıq əsasında elektrobusların istehsalını nəzərdə tutur. BYD ilkin olaraq layihəyə 34 milyon dollar ayırıb, əlavə dəyərli layihələrə daha 60 milyon dollar sərmayə qoyulması planlaşdırılır. Layihənin məqsədi 800 yeni iş yerinin yaradılmasıdır. İstehsalın üçüncü ilindən elektrobuslar üçün ehtiyat hissələrinin istehsalının lokallaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, Türkiyənin “Gen İlaç ve Sağlık Urünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin iştirakı ilə Pirallahı Sənaye Parkında investisiya dəyəri 35 milyon ABŞ dolları olan layihənin, İsrailin “BioPharmax” şirkəti ilə əməkdaşlıq çərçivəsində Ələt Azad İqtisadi Zonasında dəyəri 45 milyon avro olan əczaçılıq zavodunun tikintisi layihəsinin icrasına başlanıb. 

Həmçinin AİŞ-in iştirakı ilə Türkiyənin “Demirören” şirkəti ilə regionlarımızda kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi üzrə 15 milyon ABŞ dolları, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat investisiya yatırılması nəzərdə tutulur.

Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir.

Son illərdə Azərbaycanın qeyri-neft sektorunda ən çox önəm verilən sahə olaraq alternativ enerji istehsalı əsas prioritetə çevrilib. Bu baxımdan, yaşıl enerjinin Avropaya ötürülməsi planları kifayət qədər iddialı olmaqla yanaşı, potensial xarici investorların diqqətini cəlb edən istiqamətdir. Artıq Azərbaycan bu istiqamətdə ərəb ölkələrinin enerji şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurub. Artıq Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti 2023-cü ilin oktyabrında 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istismara verib. Bundan əlavə, Masdar ölkədə ümumi gücü 4 GVt olan quruda külək və günəş layihələrinin, eləcə də inteqrasiya olunmuş dəniz küləyi və yaşıl hidrogen layihələrinin işlənməsi üçün müqavilələr bağlayıb. Masdar və Azərbaycan müxtəlif texnologiyaları əhatə edən bərpa olunan enerji layihələrinin ümumi gücünü təsirli 10 GVt-a çatdırmaq variantı haqqında qarşılıqlı razılığa gəliblər. Bundan başqa, məlum olub ki, bu il Masdar Azərbaycanda ümumi dəyəri 1 milyard dolları ötəcək 4 bərpa olunan enerji layihələrinin icrasına başlayacaq.

Azərbaycan eyni zamanda 2019-cu ildən Səudiyyə Ərəbistanından olan ACWA Power şirkəti ilə əməkdaşlığa başlayıb. Hazırda şirkət Azərbaycanda ümumi sərmayəsi 286 milyon ABŞ dolları olan 240 MVt gücündə külək stansiyasını inşa edir. 26 oktyabr 2023-cü il tarixində AYİB "ACWA Power Azerbaijan Renewable Energy" şirkətinə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) sindikatlaşdırılmış kredit təqdim edib. Bundan əlavə, ötən il dekabrın 15-də OPEC Fondu Xızı-Abşeron külək elektrik stansiyasının tikintisinə dəstək məqsədilə "ACWA Power Wind Azerbaijan Renewable Energy" şirkətinə 50 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

Bu ilin əvvəlində "ACWA Power" Energetika Nazirliyi ilə əməkdaşlıq edərək, 1 GVt quruda külək elektrik stansiyası, 1,5 GW dəniz külək elektrik stansiyası və batareya enerjisinin saxlanması layihəsi də daxil olmaqla dörd əsas layihə sazişi imzalayıb.

Ötən il həmçinin bp şirkəti ilə Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi barədə müqavilə imzalanıb. 

Azərbaycanın yaşıl enerji layihələrinə xarici investorların marağının böyük olduğu bildirilir. Bu baxımdan, tezliklə qeyd olunan sahədə yeni və irihəcmli investisiya müqavilələrinin bağlanması gözləniləndir. Bu istiqamətdə investisiya cəlbində noyabrda Bakıda keçiriləcək COP29 konfransı mühüm rol oynaya bilər. Dünyanın bərpa olunan enerjiyə keçidinə dəstək verən bu mühüm tədbirdə Azərbaycanın alternativ enerji potensialını investorlara təqdim etmək üçün geniş imkanlar yaranacaq. Azərbaycan hökuməti bu imkandan maksimum yararlanmaq niyyətindədir. Müxtəlif beynəlxalq təşkilat və şirkətlərlə dənizdə, quruda külək enerjisi potensialının qiymətləndirilməsi həyata keçirilir.

Aydın məsələdir ki, böyük enerji layihələri iqtisadiyyatın digər sahələrində investisiyaya olan ehtiyacı doldurmaq üçün yetərli deyil. Xüsusilə qeyri-neft sektorunun emal, turizm, nəqliyyat və digər sahələrinə investisiya cəlbi aktual olaraq qalmaqdadır. Bu istiqamətdə ən böyük problemlər azad və sağlam rəqabət mühitinin təmin olunması ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru ciddi şəkildə inhisarlaşıb və bu amil ölkədə sahibkarlığın inkişafı yolunda başlıca maneədir. Ötən il bu problemin aradan qaldırılması üçün vacib olan bir addım atılıb: 20 ilədək müzakirəsi gedən Rəqabət Məcəlləsi qəbul edilib. Mütəxəssislər Məcəlləni kifayət qədər təkmil sənəd kimi dəyərləndirir, onun real icrası təmin edilərsə, Azərbaycanda inhisarlaşmanın xeyli dərəcədə zəifləməsinə nail olunacağını bildirirlər. Lakin bu nəticəyə dərhal gəlinməsi mümkün deyil: Məcəllənin icrasının əhəmiyyətli təsirləri ən azı 2-3 ildən sonra özünü göstərə bilər. 

Azərbaycan hökuməti işğaldan azad olunan ərazilərə investisiya cəlbinə nail olmaq üçün sahibkarlara ciddi güzəşt və imtiyazlar müəyyənləşdirib. Onlar 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə ƏDV-dən, istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergidən, İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergidən, işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergidən azad olunurlar. 

Bundan əlavə, azad olunan ərazilərdə işəgötürənlər işçi heyətini Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur: Əmək haqqının 50 faizi işəgötürən tərəfindən, 50 faizi isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək.

Bu tədbirlərin də yaxınmüddətli dövrdə azad olunan ərazilərə xarici investorların cəlbində irəliləyişə gətirəcəyi gözlənilir...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR