Onlayn ictimai-siyasi qəzet
"Açıq şəkildə bildirməliyik ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz müharibənin sadəcə hərbi müstəvidə başa çatması ilə nəticələndi. İnformasiya məkanında, həmçinin hüquqi və siyasi-ideoloji müstəvilərdə mübarizə isə davam edir".
Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq məsələlər üzrə ekspert Şəhla Cəlilzadə deyib.
Ekspert qlobal erməni şəbəkəsinin Azərbaycana qarşı bütün hüquqi instansiyaları səfərbər etməyə çalışdığının sirr olmadığına diqqət çəkib:
"Bu çərçivədə həm müxtəlif ölkələrin yerli təşkilatları, həm də beynəlxalq miqyaslı təşkilatlar ermənilər tərəfindən istismar olunur. Beynəlxalq Ədalət Məhkəməsindəki 7 dekabr 2021 və 22 fevral 2023-cü il, BMT TŞ-nin 20 dekabr 2022 və 16 avqust 2023-cü il, ATƏT-in 20 may 2021-ci il, 19 yanvar 2023-cü il, Avropa Parlamentinin 10 mart 2022-ci il və 5 oktyabr 2023-cü il, Avropa Şurasının 18 oktyabr 2023-cü il tarixli bəyanatları, qətnamələri, qərarları hər biri ermənilərin hüquqi mübarizəsi və ölkəmizə qarşı informasiya savaşı (dezinformasiya siyasətləri) çərçivəsində qiymətləndirilə bilər. Bu dezinformasiya, yaxud erməni təbliğat dalğasının nəticəsidir ki, bu yaxınlarda ABŞ-da, Nyu-Cersi ştatında Azərbaycana qarşı sanksiya çağırışını özündə ehtiva edən qanun layihəsi gündəmə gəldi. İndi isə dini azadlıqların boğulmasından “dəm vurulur”. Halbuki Azərbaycan bu güc 3 səmavi dinin sülh və təhlükəsizlik içərisində birgə mövcud olduğu dünyanın nadir məkanlarından biridir. Ölkəmizdə İrana casusluq səbəbilə həbs olunanların guya dini təqibə uğradıqları adı ilə hesabata daxil edilməsi, hətta dini təqiblə ümumiyyətlə yaxından-uzaqdan əlaqəsi olmayan Qubad İbadoğlunun həbsinin bəhs olunan hesabata qeyd olunması tamamən absurddur. Bütün bunlar məqsədyönlü şəkildə gerçəklərin təhrif olunması, saxtakarlıq olub Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artırılmasına hesablanmışdır".
Ş.Cəlilzadə xatırladıb ki, Azərbaycan hələ 2016-cı ili multikulturalizm ili elan etmiş, Prezident İlham Əliyev öz siyasəti ilə daima cəmiyyət və dövlət səviyyəsində etnik-dini tolerantlıq mühitinin möhkəmləndirilməsinə çalışmışdır:
"STM tərəfindən 31 iyul-10 avqust 2023-cü il tarixlərində 2 qrupu (ümumi əhali qrupunda 1088 nəfər, etnik qrupda 389 nəfər olmaqla) ümumilikdə 1477 nəfər respondenti əhatə edən sorğu keçirilmiş və cəmiyyətdə etnik-dini tolerantlıq öyrənilmişdir.
Sorğu nəticələrinə görə ümumi əhali qrupunda (1088 nəfər) respondentlərin 84,7%-i (922 nəfər) öz etnik və ya dini mənsubiyyətinə görə ictimai həyatda hər hansı ayrı-seçkiliklə, pis münasibətlə heç üzləşmədiyini, 7,7% (84 nəfər) nadirən üzləşdiyini bildirmişdir. Etnik qrupda (389 nəfər) isə 90% respondent (350 nəfər) öz etnik və ya dini mənsubiyyətinə görə ictimai həyatda hər hansı ayrı-seçkiliklə, pis münasibətlə heç üzləşmədiyini, 2,6% (10 nəfər) bu cür münasibətlə nadirən üzləşdiyini bildirmişdir. Nəticə olaraq, STM tərəfindən həyata keçirilən sorğu göstərir ki, cəmiyyətimizdə digər etnik-dini qruplara qarşı hər hansı ayrı-seçkilik və pis münasibət demək olar ki, yoxdur.
Bu gün Azərbaycan öz azad sözünü deyən, milli maraqlarını xarici maraqlara qurban etməyən dövlət olduğuna görə, qlobal güclər dövlətimizdə azad sözün guya boğulmasından bəhs edərək bizə qarşı təzyiqləri artırırlar. Lakin, həqiqətən dünyanın ən dini tolerant məkanlarından birinə (Azərbaycana) qarşı bu cür qarayaxma ancaq və ancaq erməni ağlına gələ bilərdi. Halbuki, 30 ildə 60-dan çox məscidimizi, dini məkanları və qəbirləri darmadağın edən ermənilərə qarşı Qərbdən heç bir təzyiq müşahidə etməmişik. Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı ermənilərin və havadarlarının bu tip qarayaxma mətnlərini ciddi hesab etmir".
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ