İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana gələn turistlər niyə Bakını seçir - infrastruktur, keyfiyyət, yoxsa...

Əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır, keyfiyyət isə hələ də standartlardan geridir

Dövlət Statistika Komitəsi bu ilin  ilk rübündə ölkənin mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin fəaliyyətinə dair statistik məlumatı açıqlayıb. Məlumatdan aydın olur ki, yanvar-mart aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artaraq 779,4 min olub. Gecələmələrin ümumi sayının 64,7 faizi Bakıda, 9,3 faizi Qusarda, 4,0 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Şabranda, 3,0 faizi Qəbələdə, 1,8 faizi Lənkəranda, 1,1 faizi Gəncədə, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,6 faizi digər şəhər və rayonlardakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 40,2 faiz artaraq 433,4 min olub ki, bu da ümumi gecələmələrin 55,6 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 17,8 faizi Hindistan, 17,3 faizi Rusiya Federasiyası, 9,0 faizi Türkiyə, 7,1 faizi Birləşmiş Ərəb Əmirlikləri,  6,3 faizi Səudiyyə Ərəbistanı, 3,7 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,7 faizi Böyük Britaniya, 2,4 faizi ABŞ, 2,3 faizi Pakistan, 2,3 faizi Çin, 1,7 faizi Özbəkistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,1 faizi Gürcüstan, 1,0 faizi Bəhreyn, 0,9 faizi İsrail, 0,8 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,7 faizi Belarus, 0,7 faizi Litva, 0,6 faizi Fransa, 0,6 faizi Polşa, 0,6 faizi İran, 0,6 faizi Oman, 13,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Rəsmi statistika onu da göstərir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,9 faizi Bakıda,  8,8 faizi Qusarda, 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,1 faiz artaraq 111,7 milyon manat olub. Bunun 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 faizi ictimai iaşə xidmətlərindən, 3,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 11,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub (2023-cü ilin yanvar-mart aylarında 13,4 faiz). Bu göstərici Şabranda 45,5 faiz, Qusarda 41,3 faiz, Bakıda 30,6 faiz, Naftalanda 29,8 faiz, Saatlıda 24,8 faiz, Sabirabadda 20,8 faiz, Beyləqanda 20,4 faiz, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Xatırladaq ki, 2023-cü ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci illə müqayisədə 29,3 faiz artaraq 3 milyon 422,3 min olmuşdu. Gecələmələrin ümumi sayının 57,6 faizi Bakıda, 5,5 faizi Qubada, 4,7 faizi Xaçmazda, 4,2 faizi Naftalanda, 4,0 faizi Qəbələdə, 3,9 faizi Qusarda, 3,7 faizi Şabranda, 3,2 faizi Lənkəranda, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 1,2 faizi Qaxda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi İsmayıllıda, 0,9 faizi Şamaxıda, 0,8 faizi Şəkidə, 0,6 faizi Şuşada, 0,5 faizi Mingəçevirdə və 4,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdı.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci illə müqayisədə 33,7 faiz artaraq 1 milyon 864,0 min olub ki, bu da ümumi gecələmələrin 54,5 faizini təşkil edir. Bu şəxslərin keçirdiyi gecələmələrin 82,5 faizi Bakıda,  4,0 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,5 faizi Qusarda, 0,5 faizi Şabranda, 2,3 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Göründüyü kimi, ölkəyə gələn xarici turistlər qalmaq üçün əsasən Bakıya üstünlük verirlər. Halbuki ölkənin regionlarında da qalmaq üçün yerlər az deyil. Rəsmi statistikaya əsasən, 2022-ci ilin sonuna ölkə üzrə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin sayı cəmi 757 olub. Onlarda 27 312 nömrə olub ki, bunun da 13 249-u Bakıda, 566-sı Sumqayıt və Abşeron rayonlarında yerləşib. Ölkə üzrə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumu 56 562 yerdir. Obyektlərin regionlar üzrə say bölgüsü açıqlanmasa da, birdəfəlik tutum yerlərinin 24 244-nün - 42,9 faizinin Bakıda yerləşməsi regionlardakı obyektlərin elə də az olmadığını göstərir. 

Rəsmi məlumata görə, bu ilin birinci rübündə Azəırbaycana gələn əcnəbi turistlər ölkədə 591 milyon 595,1 min manat (2023-cü ildə 330 milyon 512,1 min manat) xərcləyib.  Bunun 267 milyon 814,7 min manatı nəqliyyat (2023-cü ilin eyni dövründə 129 milyon 553,5 min manat), 112 921,9 manatı yerləşmə (72 585,5 manat), 119 123,9 min manatı qidalanma (72 587,1 manat), 2 490,5 min manatı mədəniyyət (1 686,3manat), 260,2 min manatı turizm zərfinin alınmasına (146,5 manat), 3 252,9 min manat idman və əyləncə xidmətlərinə (1 524,1 manat), 62 631,8 min manat malların, hədiyyələrin alınmasına (35 963,0 manat) və sair  sərf edilib. Ümumi xərcləmələrdə Bakının payı açıqlanmasa da, 80 faiz əcnəbinin qalmaq üçün paytaxtı seçməsi xərcləmələrin təxminən bu qədərinin burada həyata keçirildiyini deməyə əsas verir. Nəzərə alsaq ki, artıq 15 ildən yuxarıdır ölkədə, xüsusilə də regionlarda turizmin inkişafını hökumət əsas prioritetlərdən biri elan edib, o halda indiki nəticələrin çox aşağı olduğunu rahatlıqla söyləyə bilərik. 

Vüqar Bayramov: Azərbaycanın uğurları Qafqazda yeni reallıqlar  formalaşdırdı - AZƏRTAC

Vüqar Bayramov

İqtisadçı-alim, millət vəkili Vüqar Bayramovun dediyinə görə, paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir: “Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır”.

Açıqlanan rəsmi rəqəmlər bir tərəfdən, uzun illərdir regionlarda turizm xidmətinin keyfiyyətinin artırılması, qiymətlərin əlçatanlığının təmin olunması ilə bağlı səsləndirilən pafoslu çıxışların elə çıxış olaraq qaldığını göstərir. Regionlarda normal xidmət təklif edən obyektlərdə qiymətlər həddindən artıq yüksəkdir. Aşağı qiymət təklif edənlərdə isə xidmətin səviyyəsi göz istəyir ağlamağa. Bütün bunlar ölkəyə turist kimi gələnlərin kiçik istisnalarla Bakıya üstünlük verməsinə səbəb olur.

Digər tərəfdən, əcnəbilərin Bakıda qalmasının əsas səbəblərindən biri də onların xeyli hissəsinin ölkəmizə turist gəzintisi, istirahətə deyil, hansısa tədbirlərdə, biznes görüşmələrində və sairdə iştirak üçün gəlməsidir. Bu gün araşdırılsa, aydın olar ki, il ərzində Bakıya gələn əcnəbilərin 30 faizə qədəri turist kimi istirahətə, gəzintiyə gələnlərdir. Regionlarda qalan əcnəbilər məhz belələridir. Əksər tədbirlər Bakıda keçirildiyi üçün iştirakçıların burada qalması seçim deyil, məcburilikdir...

Ona görə də Azərbaycana gələn əcnəbilərin cəmi xərcləri 300 milyon dollardan bir qədər artıq olduğu halda, qonşu Gürcüstanın beynəlxalq turizm gəlirləri 807,7 milyon dollara çatıb. Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, yanvar-mart aylarında turizm gəlirləri pandemiyadan əvvəlki 2019-cu ilin birinci rübünün səviyyəsini 36,9 faiz, 2023-cü ili isə 1,5 faiz (12,3 milyon dollar) ötüb. 

Gürcüstan statistikası ölkəyə gələn əcnəbilərin səfər məqsədi üzrə bölgüsünü də açıqlayır: birinci rübdə ölkəyə 930 mindən çox turist səfəri edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Birinci rübdə xaricdən gələnlərin ümumi sayı isə 1,3 milyon nəfərə çatıb ki, bu da ötən illə müqayisədə 7,6 faiz çoxdur.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, təxminən 5 il əvvələ qədər Azərbaycanda turizmin inkişafı sahəsində ciddi nəticələr əldə edilib: “Bu proses pandemiyanın təsiri ilə çox böyük dərəcədə zəiflədi. Turizm pandemiyadan ən çox zərərçəkən sahə oldu. Turizm, kredit portfeli, məşğulluq göstəricilərinin hər üçündə 77-80 faiz Bakının payı var. Bu, regionların inkişafına ayrılan diqqətə yenidən baxılmasını zəruri edir. Regionlarımızda turizm infrastrukturu Bakıdakı qədər inkişaf etməyib. Ev təsərrüfatlarında emal proseslərinin həyata keçirilməsi üçün şərait yoxdur. Regionları cəlbedici edən aqroturizmin, kənd turizminin inkişafıdır. Təsəvvür edin ki, regionlarımızdakı turizm obyektləri Bakıdan toyuq əti, yumurta daşıyır. Digər tərəfdən, sərhədlərin bağlı qalması da turizmin sürətli inkişafının qarşısını alır”.

Ekspert bildirir ki, regionlardakı hava limanlarının işlək olmaması da əcnəbilərin regionlara yönəlməsinin qarşısını alır: “Turist Bakıya uçub oradan maşın kirayələyib regiona getməkdənsə, elə burada qalmağı üstün tutur. Yəni atılacaq çox addımlar var. Bu gün kəndli öz şəxsi təsərrüfatında yetişdirdiyi yumurtanı iaşə obyektlərinə satmaq üçün sertifikat təqdim etməlidir. Hansı ailə təsərrüfatının imkanı var bu sertifikatı almağa? Buna görə də düşünürəm ki, ailə təsərrüfatlarına öz məhsullarını rahat şəkildə turizm və digər tələbat olan yerlərə satmaq şərati yaradılmalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR