Onlayn ictimai-siyasi qəzet
İlham Şaban Avropa İttifaqına illik qaz ixracı həcmini artırmaq üçün lazım olan vəsaitdən danışdı
Azərbaycandan Avropa İttifaqına (Aİ) illik qaz ixracı həcmini 20 milyard kubmetrə çatdırmaq üçün 18,5 milyard ABŞ dolları tələb oluna bilər. Bu, “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında əksini tapıb.
Hesabatda bildirilir ki, Azərbaycanın 2022-ci ildə razılaşdırıldığı kimi, 2027-ci ilə qədər Aİ-yə təbii qaz ixracını (“Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində - red.) iki dəfə artıra biləcəyi bəlli deyil: “Hədəflənmiş 20 milyard kubmetr illik ixrac həcminə çatmaq üçün Azərbaycanın boru kəməri infrastrukturu genişləndirilməlidir - mövcud boru kəmərləri şəbəkəsinin lazımi həcmdə genişləndirilməsi 18,5 milyard ABŞ dollarına başa gələcək”.
“Fitch Solutions”un mütəxəssisləri hesab edir ki, Azərbaycan hökuməti və SOCAR Aİ-dən Net Sıfır siyasətinin investisiyaları ortamüddətli perspektivdə dəyərsizləşdirməyəcəyinə dair güclü təminat olmadan Azərbaycan Respublikası Dövlət Neft Fondunun kapitalından (ÜDM-in təxminən 70 faizinə bərabərdir) genişlənmə xərclərini ödəmək üçün istifadə etmək istəmir.
Bildirilir ki, Paris razılaşmalarının yeni karbohidrogen layihələrinə sərmayə qoyuluşu şərtlərinə görə, yaşıl hidrogenin nəqli üçün şərait yaradılmasa, Azərbaycan boru kəməri infrastrukturunun genişləndirilməsini maliyyələşdirməyə kömək edəcək investorlar tapmaqda çətinlik çəkə bilər: “Hidrogen uyğunluğunu təmin etmək üçün boru kəmərinin genişləndirilməsi razılaşdırılarsa, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankından, eləcə də digər maliyyə institutlarından maliyyə yardımı ala bilər”.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. TAP-ın Yunanıstan ərazisindən keçən hissəsinin uzunluğu 551,5 km-dir. Kəmərin bu hissəsinə, həmçinin Kipoi və Serres yaxınlığında yerləşən 2 kompressor stansiyası daxildir. Kipoidəki birinci stansiya 10 milyard. kubmetr qazın nəqli üçün inşa edilib və istismara verilib. Serresdəki stansiyanın tikilməsi isə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetrə qədər çatıdırılması üçün planlaşdırılır.
TAP boru kəmərinin Albaniyadan keçən hissəsinin uzunluğu quruda 215 km, Adriatik dənizinin Albaniya sektorunda isə 37 km-dir. TAP-ın Albaniya-Yunanıstan sərhədi yaxınlığındakı Bilişt kəndində bir ölçü stansiyası, Albaniyanın Fier bölgəsində, sahildən 400 metr aralıda isə bir kompressor stansiyası inşa olunub. Boru kəməri Fierdən 17 km şimal-qərbdə Adriatik sahilinə çatır.
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında Avropanın maliyyə strukturlarının CQD-nin genişləndirilməsinə vəsait xərcləmək istəməməsini sərt tənqid edərək, riyakarlığa son qoyulmasına çağırıb: “Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur”. Dövlət başçısı deyib ki, Avropa İnvestisiya Bankı da faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb: “Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar ki, bu sahəyə maliyyə ayırmır. Cənub Qaz Dəhlizi - bu, 3500 kilometr uzunluğunda olan inteqrasiya edilmiş boru kəməridir, tam həcmdə, 100 faiz həcmlə işləyir. Bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var. Biz Sloveniyadan olan bir şirkətlə saziş imzaladıq və bu da Azərbaycanın doqquzuncu tərəfdaşıdır ki, bizim qazın istehlakçısı olacaqdır. Ancaq Avropanın maliyyə institutları bunu maliyyələşdirmir. Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək. Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq”.
Dövlət başçısı onu da əlavə edib ki, Cənub Qaz Dəhlizinə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik: “Bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda, deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq? Yəni sonra da deyək ki, bizim qazımız haradadır. Yəni mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil”.
Onu da vurğulamaq lazımdır ki, SOCAR-la yanaşı, Dövlət Neft Fondundan da CQD-yə böyük həcmdə yatırım həyata keçirilib. Prezidentin imzaladığı fərman və sərəncamlar əsasında Neft Fondu yeni yaradılan CDQ QSC-nin səhmlərinin alınmasına, həmçinin dövlət payının maliyyələşdirilməsinə 3,7 milyard dollar vəsait yatırıb. Auditor hesabatlarından aydın olur ki, 2022-ci ildə bu yatırımlardan fonda 118 milyon 150 min dollar, 2023-cü ildə isə 274 milyon 858 min dollar divident daxil olub.
Hesablamalara əsasən, 2046-cı ilədək Cənub Qaz Dəhlizi layihəsindən təxminən 50 milyard ABŞ dolları gəlir əldə olunacaq. İlkin hesablamalarda neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil etdiyi və Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialını nümayiş etdirib tam həcmdə çalışdığı təqdirdə, 2021-2045-ci illər ərzində layihənin gəlirlərinin təxminən 40 milyard ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılırdı. Lakin 2022-ci ildən Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Avropa Rusiya qazından imtina etməyə başladı və neft-qaz qiymətləri kəskin bahalaşdı. Xüsusilə qaz qiymətləri min kubmetr 3 min dollar civarına qədər yüksəldi. 2023-cü ildə qiymətlər eyni sürətlə azalsa da, 300-400 dollar civarında sabitləşdi. Hazırda isə Avropada qaz qiymətləri 535 dollar təşkil edir. Bu bahalaşma CQD-yə yatırılan investisiyaların daha tez geri götürülməsinə şərait yaradır.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya çatdırılması üçün icra olunan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində də Avropa strukturları həvəssiz iştirak ediblər. Buna görə də Azərbaycan investisiyaların mühüm hissəsini öz üzərinə götürüb. Belə görünür ki, Avropa İttifaqı indi də müxtəlif bəhanələrlə dəhlizin genişləndirilməsi xərclərini Azərbaycanın öz üzərinə qoymağa çalışır.
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, CDQ-nin genişləndirilməsi üçün 18,5 milyard dolların tələb olunması barədə məlumatı doğru hesab etmir: “Mən hesab edirəm ki, "Fitch Solutions"un bilavasitə dəhlizin infrastrukturunun genişləndirilməsi üçün 18,5 milyard dollar tələb olunmasına dair məlumatı mötəbər deyil. Bu, böyük bir yanlışlıqdır. Çünki Cənub Qaz Dəhlizinin Azərbaycandan Türkiyənin içi də daxil olmaqla, Avropaya qədər qaz çatdırılan infrastrukturu 13,5 milyard dollara başa gəlib. Bu infrastrukturla Türkiyəyə 16 milyard kubmetr, Avropaya 10 milyard kubmetrdən çox qaz nəql olunur. Onun gücünü iki dəfə artırmaq üçün Türkiyədə 4, Avropada 3, Türkiyəyə qədər olan hissədə isə 2 nasos stansiyası tikilməlidir. Beləliklə, 9 nasos-kompressor stansiyası üçün ən bahalı qiymətlə hesabladıqda belə, 8 milyard dollar investisiya artıqlaması ilə kifayət edir. Çünki genişləndirmə üçün əlavə boru kəmərinin tikintisinə ehtiyac yoxdur, sadəcə, daha çox qaz həcmlərini vurmaq üçün kompressor stansiyalarının sayını artırmaq yetərlidir, çəkilən boruların diametri buna imkan verir. Belə görünür ki, “Fitch Solutions” Abşeron-2 layihəsinin işlənmə xərclərini də bura əlavə edib. Orada haradasa ildə 5-6 milyard kubmetr qazın hasilatı, sahildə yeni terminalın tikintisi, onun CQD ilə birləşdirilməsi üçün əlavə infrastrukturun yaradılmasına haradasa 10 milyard dollar investisiya tələb olunur".
Ekspert qeyd edir ki, Avropaya ildə 20 milyard kubmetr qaz vermək üçün hasilata da investisiya yatırılmalıdır: “Bu il Abşeron yatağının işlənməsinin ikinci mərhələsi üzrə kommersiya sazişi imzalanmadı. Bu saziş Azərbaycan hökuməti ilə səhmdarlar və alıcılar arasında imzalanmalıydı. Buna da Avropa Komissiyasının tələbləri imkan vermədi. Komissiya şirkətlər qarşısında tələb qoyub ki, uzunmüddətli sazişlər əsasında qaz alqı-satqısı həyata keçirməsinlər. Bu səbəbdən SOCAR məcbur oldu 2024-cü ildə BOTAŞ-la müqavilə imzaladı. Azərbaycan ayrı-ayrı ölkələrlə müqavilələr əsasında ixrac həcmlərini artırır. TAP-ın ötürücülük gücü 13 milyard kubmetrə qədər çatdırılıb. Qalan hissəni Türkiyədən Bolqarıstana gedən 3,5 milyard kubmetr gücündə kəmərlə ixrac edirik. Yəni ixrac diversifikasiya olunub. Bu, bizə imkan verir ki, CDQ-ni genişləndirmədən hasil etdiyimiz qazı müqavilə imzalanan ölkələrə çatdıraq”.
İ.Şaban onu da bildirir ki, Azərbaycan Aİ-yə qaz ixracını 20 milyard kubmetrə çatdırmaq öhdəliyi götürməyib: “Məlum memorandumda da söhbət 2021-ci il səviyyəsindən 2 dəfə çox həcmdən gedir ki, bu da 16 milyard kubmetr deməkdir. Prezident Bakı Enerji Həftəsində də bunu vurğuladı və bildirdi ki, 2027-ci ilədək 16 milyardı Avropaya çatdıracağıq. Avropa 20 milyard istəyirsə, zəhmətini çəkib maliyyələşdirməyə dəstək verəcək”.
Dünya SAKİT,
“Yeni Müsavat”
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ